Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


21.06.2018  10:35 

Məşhur modelyer: “Açıq-saçıqlıq qadına gözəllik vermir“ + FOTOLAR





A+  A-

"Mersedes-Benz Fashion Week Baku” ötən həftə Passage 19/01-də publikanın diqqətini rəngarəng dəfilələrə yönəltdi. Avstraliyada yaşayan məşhur modelyer, "MAISON DE CHALLIE” brendinin təsisçisi Həcər Qalanın əl işləri izləyicilərin xüsusi marağına səbəb oldu.
XəzərNews.az bildirir ki, "Bakı Dəb həftəsi”nə 18 fərqli əl işi ilə qatlan məşhur kutürye "Kaspi”yə müsahibəsində Azərbaycanda bundan sonra da modelyerliklə bağlı işlər həyata keçirmək arzusunda olduğunu söylədi.

Ürəyim Azərbaycandadır

- Həcər xanım, necə oldu ki, Bakıda keçirilən dəb həftəsində iştirak etmək qərarına gəldiniz?


- Bir modelyer olaraq mənə müxtəlif ölkələrdən dəvətlər gəlir. Bakıda keçirilən moda həftəsində iştirak etməyi isə özüm istədim. Əslində bu, çox tələsik - bir həftənin içərisində baş verdi və mən qərarımı ani verdim. Çünki Azərbaycanda keçirilən moda həftəsində iştirak etməyin mənim üçün fərqli anlamı var. Buradakı ortama, səmimiyyətə görə özümü öz evimdəki kimi hiss edirəm. Mən daim Azərbaycanda bu istiqamətdə hansı tədbirlərin keçirilməsi ilə maraqlanırdım. «Merseders-Benz Fashion Week Baku» adlı dəb həftəsinin keçirildiyini öyrəndim və təşkilatçılarla əlaqə saxladım. Onların təkliflərini dəyərləndirdim. Həm də hiss etdim ki, mənim kolleksiyam bu təşkilatın işinin güclənməsinə təkan verə bilər. Bu dəb həftəsində iştirak etməklə bir azərbaycanlı kimi öz borcumu ödədim. Hesab edirəm ki, bu tip tədbirlər Azərbaycanı dəb sahəsində dünya platformasına çıxarır. Fikrimcə, bu sahəyə də diqqət artırılmalıdır. Azərbaycan bölgədə ən inkişaf etmiş ölkədir. Şərqin ilk operası məhz burada yazılıb. Əgər biz Bakıya «Qafqazın Parisi» deyiriksə, dəb sahəsində də Azərbaycan öncül olmalıdır. Bir sənət kimi bu sahəyə dəyər verilməlidir. Livanda Elie Saab adlı modelyer ölkəsini dünyada tanıdıb. Mənim işlərimlə onun işləri demək olar ki, qan qrupu olaraq çox yaxındır. Biz kültür olaraq da yaxınıq. Mən də öz keçmişimizə, insanımıza xitab edərək işlərimi yaradıram, o da. Elie Saab bu ənənələrə söykənərək dünyada özünə imic yaradıb. O, «mən işlərimi Livanda yaradıram. Dünyanın harasına gedirəmsə, ürəyim Beyrutdadır» - deyir. Eyni sözləri mən də deyirəm: «Dünyanın harasında oluramsa-olum, ürəyim Azərbaycandadır». İndi də Bakıda özümü suda balıq kimi hiss edirəm. Çox istəyirəm ki, burada dəb həftələrinin inkişafına, ümumiyyətlə, bu sahənin uğur qazanmasına mənim də töhfəm olsun. Azərbaycanda bu sahənin adamları ilə müştərək iş də yaratmaq istəyərdim. Bununla 5-10 nəfərin iş tapmasına kömək də etmiş olaram. 1996-cı ildə Florensiyadan Bakıya uçurdum. Orada dəfiləm nümayiş olunmuşdu. Bakıda da belə bir tədbir keçirməyi düşündüm, ancaq gördüm ki, Bakı hələ bu tədbirə hazır deyil. İndi isə qismən hazırdır.



- Düzdür, müəyyən cəhdlər olsa da, bizdə hələ dəb həftələrinin keçirilməsi o qədər də ənənə halını almayıb. Siz iştirak etdiyiniz moda həftələrindən hansı təcrübəni əldə edirsiniz?

- İndiyə qədər Avropada, ABŞ- da, Yaxın Şərqdə, eləcə də Avstraliyanın Sidney, Kanberra, Melburn şəhərlərində keçirilən nüfuzlu moda həftələrində iştirak etmişəm. Şükürlər olsun ki, həmişə hörmətlə qarşılanmışam. Məni prinsiplərə bağlı bir modelyer kimi tanıyırlar. Mənim işlərim həmişə orijinal və tək olub. Heç kimə oxşamaq istəməmişəm. Sevinirəm ki, bunu bacarmışam və hazırda sayılan dizaynerlərdən biriyəm. Düzdür, bəzən vaxt azlığından aldığım təklifləri dəyərləndirə bilmirəm. Bununla belə, sənətini sevən və hörmət edən modelyer kimi dəb həftələrində mümkün qədər iştirak etməyə çalışıram. Mənim əsas sənətim kutüryedir. Bu, ən müasir dəbin yaradıcısı olmaqla geyinilə biləcək bir sənət növüdür. Bu sənətə görə hər paltarın öz hekayəsi və fəlsəfəsi var. Mən iştirak etdiyim digər moda həftələrində olduğu kimi, Bakıda da öz prinsipimi ortaya qoydum. Təşkilatçılar da, podiuma çıxanlar da işlərini həmin prinsiplərə uyğun qurdular. Belə deyim, onlar prinsipləri ayaqlamadılar. Manekenlərin seçimini Fransada, İtaliyada necə keçirmişiksə, Bakıda da eynilə həyata keçirdik. Onu da deyim ki, başqa ölkələrdə bu cür dəfilələrin böyük sponsorları olur.



- Dəb sahəsində tanınmaq, bu sahədə sözünü demək üçün hansı şərtlər lazımdır?

- Məni tez-tez Küveyt Fashion Week-dən dəvət edirlər. Əgər Azərbaycanda "Yüksək dəb” (Hot Couture) və ya "Baku Couture” yaradılsa, çox gözəl olar və mən də məmnuniyyətlə iştirak edərəm. Mənə elə gəlir ki, dünyanın tanınmış kutüryeləri də bu tədbirlərə gələrlər. Xüsusən indi ərəb kutüryelər dünyada ön sırada gedirlər. Hazırda ərəb kutüryelərdən ibarət market də formalaşıb.



Yaradıcılığımda mühafizəkaram

- Mən sizin dəfiləni izləyərkən işlərinizdə bir qədər mühafizəkarlıq müşahidə etdim. Əsərlərinizin hansı kodları var?


- Bəzi modelyerlər işlərini yeni təqdim etməyə başlayanda fikirləşirlər ki, nə qədər açıq-saçıqlıq olsa, o qədər də modern görünəcək. Ancaq mən elə düşünmürəm. Mənim fikrimcə, bir qadına nə qədər gözəllik verə bilsəm, o qədər uğur qazana bilərəm. Qadının gözəlliyi onun zərifliyi və nəcabətindədir. Qadının açıq-saçıqlığı ona gözəllik vermir. Mən podiumda qadının özünü ifadə edirəm. Buna görə bəli, mən yaradıcılığımda mühafizəkaram. Özümün geyinmədiyim bir paltarı yaratmıram. Mən demirəm ki, qadını qapadaq, başını bağlayaq. Paltar qadının üzərində bir zinət kimi durmalıdır.



- Sizin modelyerliklə məşğul olmağınızın tarixi nə vaxtdan başlayır?

- Uşaqlıqdan atam həkim olmağımı istəyirdi. Dərslərimi çox yaxşı oxuyurdum. Ancaq içimdə sənət ruhu var idi. Anam bizi evimizdəki qonaq otağına o qədər buraxmazdı. Həmin otağa daha çox qonaqlar gəlib-gedərdi. Mən bir gün həmin otağın pərdəsini kəsib gəlin donu tikdim. Anam bayram təmizliyi vaxtı pərdələri yumaq istəyərkən onların kəsildiyini gördü. Kiçik bacım mənim tikdiyim gəlinliyi gətirib göstərdi. Bu, mənim modelyer kimi atdığım ilk addım idi. Sonra mən Türkiyədə dizaynerlik sənəti üzrə təhsil aldım. Avstraliyada isə bu sahə üzrə təhsilimi davam etdirdim. O zaman İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh xanım İrana fransız dəb məktəblərini gətirdi. Bacım da həmin sahədə təhsil aldı. Həmin metod bu gün də İranda davam edir. O zaman İranda bu sahədə xüsusi məktəblər yox idi. Artıq bu gün bu tip məktəblər fəaliyyət göstərir. Bu sənəti oxumaqla deyil, əsas yaradıcılıqdır. Mən öz brendimi yaratmağa 1993-cü ildə başladım. Hazırda bu sahədə rəqabət çoxdur. Əgər dəyişik bir şey ortaya qoymasan, geridə qalacaq və sıradan çıxacaqsan. Ona görə daim axtarışlar aparmaq, trendlər yaratmaq lazımdır. İşlərim hər bir qadının geyə biləcəyi paltarlar olduğu üçün diqqət çəkir. Əsasən sənət adamlarının sifarişlərini qəbul edirəm. Öz işimə sənət baxımından yanaşıram.



«Bizdə bu da var» deməyə çalışıram

- Sənətlə biznesi birləşdirmək haqqında düşünmürsünüzmü?


- Hələ bu sənətin biznes hissəsinə keçməmişəm. Buna böyük sərmayə lazımdır. Mənim yaratdıqlarım sənət əsərləridir. Kimsə bir tabloya 10 min dollar pul sayır, eləcə bu paltarlara da həmin məbləği vermək istəyənlər var. Bu paltarları kolleksiya kimi toplayanlar da az deyil. Bu paltarlara sənət əsəri kimi yanaşıb alırlar. Əl işlərimi Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradıram. Bu əlbisələr tək olur, onlardan bir daha yaranmır. Ancaq bu sənəti istehsal halına gətirməklə hələ məşğul olmamışam. Əlbəttə, əgər sərmayə qoyan olarsa, biz də bu barədə düşünərik. Deməzdim ki, bu sənətim mənə böyük pullar qazandırır. Əslində sənətkar o qədər də zəngin olmur. Mən sənətimə bağlıyam. Bu sənətimlə ölkəmi tanıtmaq üçün çabalarım var. Bacardığım qədər bir azərbaycanlı modelyer olaraq «bizdə bu da var» deməyə çalışıram.



- Siz, həmçinin diaspor fəalısınız. Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri kimi, bu sahədəki işiniz haqqında nə deyərsiniz?

- Avstraliyada xüsusən Cənubdan olan azərbaycanlılar çoxdur. Təşkilatlanma baxımından vəziyyət o qədər də ürəkaçan deyil. Diaspor təşkilatında birləşmək üçün maraq və həvəs çox idi. Biz bu istiqamətdə çox çalışdıq. Ancaq indiyə qədər bu təşkilatın fəaliyyəti üçün dəstək olmayıb. Biz Azərbaycanın tarixi günləri ilə bağlı mütəmadi tədbirlər keçirir, ölkəmizi təbliğ edir, mədəni tədbirlər təşkil edirik. Tədbirlərimiz zamanı toplumun dəstəyini alırıq. Ancaq özünü gərək bu işə sərf edəsən. Cəmiyyət olaraq çalışırıq. Təəssüf ki, bizim işimizlə maraqlanan və dəstək göstərən olmayıb. Ümid edirəm ki, bundan sonra Diasporla İş üzrə Dövlət Komitəsi ilə işbirliyimiz daha da güclənəcək.


Xəbər 2937 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +