Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


24.05.2018  09:56 

Boradigah “toz” içində





A+  A-


Bir neçə gün öncə “Bizim kəndin “nağılı” yazısı ilə Boradigah qəsəbəsinin (Masallı) şanlı tarixi keçmişini və bugünkü acınacaqlı durumunu sözə çevirərək ictimailəşdirməyə çalışdım ki, insanlar nəhayət, qəflət yuxusundan ayılıb öz haqq və hüquqlarının fərqinə vara bilsinlər. Bilsinlər ki, bu gün zibil yığnağına çevrilən Boradigah çayı, təkcə, böyük bir qəsəbənin görünən üzü deyil, həm də onu bu hala salan ixtiyar sahiblərinin iyrənc simasıdır – ona görə ki, 12 minə yaxın əhalisi olan qəsəbədə məişət tullantıları daşınmadığından insanlar yaşayış məntəqəsinin ortasından keçən çayı bu hala salmaq məcburiyyətində qalıblar. Bir neçə ildir ki, inşa edilən müasir tipli idman kompleksinin kilidinin pas bağlasa da, “sehirli” qapılarının açılmamasından, neçə-neçə on illər mövcud olan uşaq bağçası və uşaq xəstəxanasının “özəlləşdirilib” birdəfəlik yox edilməsindən, tarixi abidə olan qədim dəyirmanın külünün göyə sovrulmasından, əsas gəlir sahəsi olan çay plantasiyalarının qırılmasından, 1 və 2 saylı orta məktəblərdəki acınacaqlı durumdan, sovxozun ikimərtəbəli inzibatı binası, tara bazası, anbarlar, quşçuluq fabriki, mal-qara fermalarının (səhv etmirəmsə, mal-qara ilə birlikdə) da özəlləşdirilərək “çıxdaş” edilməsindən, xüsusən də bir çox pay torpaqlarının zəbt olunmasından ürək ağrısı ilə söz açmışdım. Təkcə, “Çaylıq” deyilən ərazidə hektarlarla pay torpağının birbaşa “işğala” məruz qaldığını, yəni yerində evlər inşa edildiyini, bu azmış kimi, həm pay torpaqları, həm də yerli bələdiyyənin balansında olan bir neçə süni yaradılmış su hövzəsinin (dərələrin) və vaxtı ilə çay plantasiyalarından ötrü müdafiə məqsədi üçün salınmış meşə zolaqlarının zəbt edildiyini, zəbt edilən meşə zolaqlarının isə demək olar ki, qırılıb sıradan çıxmaq üzrə olduğunu (artıq 0,5 km uzunluğunda olan 1-ci “müdafiə xətti” – meşə zolağı yox kimidir) xüsusi olaraq diqqətə çatdırmışdım. Onu da vurğulamışdım ki, kimin nəsi, nəyin nəçisi olan bu adamlara, nə “dur” deyən” var, nə də yerini göstərən. 12 üzvündən 5-i qadın olan (onlardan biri Bakı, digəri isə Salyan məktəblərinin birində dərs deməklə məşğuldur(!) yerli bələdiyyənin xanım sədrinin belə işlərdən “uzaq” olduğunu, yerli icra nümayəndəsinin hər şeydən “xəbərsizliyini”, rayon icra hakimiyyətini isə bütün bunlar əsla maraqlandırmadığını önə çəkmişdim. Bilirsinizmi, nə oldu? Daşdan səs çıxdı, amma, ancaq və lakin nə adıçəkilən qurumlardan, nə də bir qeyrisindən səs çıxmadı... Bu gün təəssüflər olsun ki, Boradigah qəsəbəsində durum belədir, bir çoxları isə “qış yuxusundan” oyanıb haqqını tələb etmək istəmir.

Hərdən düşünürəm ki, bu qədər susqunluğa səbəb nədir? İnsanlar öz taleyinə nədən bu qədər biganədirlər? Qardaşım, sənin haqqını əlindən alırlar, susursan! Olmazın müsibətlərə qatlaşırsan, yenə də susursan? Hansı səbəbdən öz haqq və hüquqlarının zərrə qədər də olsa, fərqində deyilsən? Elə isə, bəs o zaman nədən və hansı haqla fəxrlə “mən Hüseyn aşiqiyəm” deyirsən? Aşiqlik beləmi olur?

Hələ Sovet dönəmində Boradigah qəsəbəsi, təkcə, qeyri-rəsmi ticarət mərkəzi kimi deyil, həm də dinə, dini-mənəvi dəyərlərə böyük önəm verilən bir yaşayış məntəqəsi kimi tanınıb. Bütün qadağalara baxmayaraq, insanlar öz dini etiqadlarını qoruyb saxlaya bilmiş, islamın gərəkən vacibatlarını yerinə yetirməyə çalışmışlar. O zaman bugünkündən fərqli olaraq saya-hesaba gəlməyəcək qədər məşədisi, kərbəlayisi, nə də hacısı var idi bu yerin. Var olan bircə şey idi: haqqa tapınmaq və imanlı olmaq.
Hər il Məhərrəmlik ayında, xüsusən də İmamın qırx (ərbəin) ərəfəsində bu kənddən Kərbəlaya ziyarətə gedənlərin sayı ilbəil artır. O müqəddəs yolu piyada, həm də ayaqyalın gedənlər də az olmur. Məni isə bircə şey düşündürür: ey, haqq yolunun zəvvarı, o yolun fərqinə varırsanmı heç? O yolun necə müqəddəs bir yol olduğunun fərqindəsənmi? Məncə, yox! Fərqində olsaydın, bunca haqsızlığa boyun əyməz, haqq və hüquqlarının ayaqlar altında qalmasına nəhayətsiz dözüm sərgiləməz, saxta “şükür” və “səbir” fəlsəfəsinin əsirinə çevrilməzdin. İndi sənin də kəndin illərdir ki, (şərti də olsa) dörd bir yanı bəlalara mübtəla olan kiçik bir Kərbəladır. Buyur, meydan səni gözləyir! Meydana çıx və qılıncdan da kəsərli olan Sözünü de! De ki, ey icra başçısı, ey yerli icra nümayəndəsi, ey yerli bələdiyyə sədri, bəsdirin və durdurun bu özbaşınalığı!..
Deyə bilmirsən və deyə də bilməzsən! Çünki sən əsil Aşiq deyilsən! Yas məclislərində saatlarla moizə deməklə Məşuqa yetmək mümkünsüzdür, ey əziz qardaş. Əgər, bu gün sənin haqqı deməyə qüdrətin yetmirsə, “haqq yolunda mən də varam” deməyə əsla haqqın da yoxdur. Siz Allah, yığışdırın bu “xüms, zəkat” və ona bənzər digər dini-hüquq söhbətini – çünki haqqı əlindən alınandan nə xüms alınar, nə də zəkat. Odur ki, özünüzü boşuna yormayın.



Məni bir şey xeyli mütəəssir edir ki, axı nəyə görə qəsəbə Ağsaqqlar Şurasının sədrindən tutmuş, qarasaqqalılar şurasının “bərkgedənlərinə” kimi insanlar üzləşdikləri haqsızlıqla bağlı səslərini ucaltmır, özbaşınalığa “dur” demir. Axı, niyə demirsiniz ki, ay adı olan, amma ortalıqda olmayan xanım bələdiyyə sədri, ay qəsəbə icra nümayəndəsi, ay rayonun icra başcısı cənab Rahil Hüseynov, bu nədir belə, bütün bunları törətməkdə məqsədiniz nədir? Niyə insanları dövlətdən, dövlət hakimiyyətindən – onu yönəldənlərdən, elə birbaşa olaraq Prezidentin özündən narazı salırsınız və hansı haqla? Kim sizə bu ixtiyarı verib?..

Pay torpaqları ona görə verilməyib ki, kimlərsə onu hərraca çıxarsın, ondan şəxsi istətəklərinə uyğun olaraq hərəkət etsin – imarətlər ucaltsın və s. Axı, pay torpaqları həm də paralel olaraq dövlətə məxsusdur. Ona görə verilib ki, insanlar təsərüffatla məşğul olub həyat şəraitini, maddi təminatını yaxşılaşdıra bilsin. Həm özü, həm də dövlət qazanmış olsun. Bu hərəkətlər onu deməyə əsas verir ki, baş verənlər birbaşa dövlətə, onun təməl prinsiplərinə düşünülmüş şəkildə sarsıdıcı zərbə vurmaqdan savayı bir şey deyil.

Qəsəbədə torpaq və müəssisələr necə gəldi “hərraca” çıxarılır, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vecinə də deyil (əslində, həm də “vecinədir”, çünki özü ona bu şəraiti yaradır). Meşə zolaqları bir ucdan qırılır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunları görməzdən gəlir. Sanki elə belə də olmalıymış. Hansı ki, bütün bunlara adıçəkilən qurumlar birbaşa cavabdehdirlər. Bəlkə, gözləyirlər ki, bu işə birbaşa Prezidentin özü qoşulsun. Bəlkə də... Hər halda sonluq ona doğru gedir.
“Çaylıq” ərazisindəki 1-ci dərə (su hövzəsi) qəmə bələnərək indiki təpəcik halına ağı deyir, çünki artıq o dərə yoxdur və ətrafındakı yol da özü kimi zəbt olunub. 2-ci dərə də eyni aqibətin astanasındadır. Buna birbaşa cavabdeh olan yerli bələdiyyə isə susur – çünki laldır, kardır və kordur, ona görə. Bu susqunluğun “niyəsini” indi özünüz təsəvvür edin. (İnsafən deyək ki, bələdiyyədə az-çox işləyən və el arasında Ələsgər kimi tanınan Elmurad müəllimdir ki, o da artıq başını itirib, nəyi nə təhər edəcəyini heç özü də bilmir). Meşə zolaqlarının - 1-ci, 2-ci və yardımçı müdafiə xətlərinin demək olar ki, hamısı zəbt olunub, yuxarıda qeyd etdiyim kimi, 1-ci müdafiə xəttindən danışmağa isə dəyməz, çünki beş-on ağac qalıb ki, o da bugün-sabah ömrünü baş kəsənlərə bağışlayacaq. Biriləri dərk etmir və etmək də istəmir ki, sən öz pay torpağının ərazisini çəpərləyə bilərsən, daha meşə zolağını və su hövzəsini yox. Pay torpaqlarının yerində ucaldılan evlər isə sanki bir-biri ilə yarışırmış kimi, “Çaylıq” ərazisinin ürəyinə çalın-çarpaz dağ çəkməkdə davam edir. Buna cavabdeh olan icra nümayəndəliyini isə deyəsən tamam fərqli şeylər maraqlandırır. Birilərindən soruşdum ki, bəs bu yerlərə nəzarət edən yoxmudur ki, bu qədər özbaşınalıq baş alıb gedir. Yəni, yuxarılardan – Əmlak Komitəsinin və Ekologiya Nazirliyinin yerli (regional) idarələrindən gəlib-gedən, maraqlanan olurmu heç. “Əlbəttə, olur” – dedilər: “hər gələndə də “hörmətlə” yola salınıb gedirlər”. Düzü, əlimdə cidi dəlil-sübut olmadığına görə, bu “hörmət” məsələsini birbaşa təsdiqləyə bilmərəm, çünki buna şahidliyim yoxdur. Amma adıçəkilən qurumların özlərini karlığa, lallığa və korluğa vurmaları məndə şübhə hissi oyadır ki, “hörmətsiz” bu boyda həngaməni ört-basdır etmək mümkün olmazdı. Bu təşkilatlar bir yana, yüzə-yüz əminəm ki, “Azərişıq” ASC-nin regional nümayəndəliyinin gözləri dünya işığından məhrumdur. Belə olmasaydı, “Çaylıq” ərazisində salınan yaşayış məntəqəsini işıqlandırmaq üçün müasir tipli trasformatoru pay torpaqlarına gedən əsas yolun düz ortasında quraşdırmazdılar. Belələrinə nə deyəsən? Gərəkdi, deyəsən ki, Allah gözünüzü həmişə kor etsin və necə ki, edib.

Geniş ərazini əhatə edən və böyük su tutumuna malik 6-cı dərənin halı isə lap hind filimlərindəki kimidir. Vaxtı ilə, yəni sovet dönəmində bu su hözəsinin çox hissəsi Boradigah qəsəbəsinə məxsus olub və yerli sovxoz təsərrüfatı üçün istifadə olunub. Yaxın zamanlara kimi də belə idi. Bunu 1936-cı ilin xəritəsi də təsdiqləyir. İndi isə məlum olur ki, hansısa xeyirsizlərin “xeyir-duası” ilə qonşu Tüklə bələdiyyəsinə “peşkəş” edilib (araşdırılsa, daha müdhiş faktlar ortaya çıxar, çünki belə “peşkəşlər” çox olub). Burda bir haşiyə çıxmaq istərdim. Bir neçə il öncə yeniyetmə bir gənc 6-cı dərədə çimərkən suda boğulur. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları su hövzəsinin hansı ərazi vahidinə məzxsusluğunu araşdırmaq istəyərkən Tüklə kəndinin başbilənləri su hövzəsinin (təbii ki, məsuliyyətdən yayınmaq üçün) Boradigah bələdiyyəsinə məxsusluğunu bildirirlər.

Zəruri qeyd: 2006-cı ilin xoş olmayan bir günündə rayonun Torpaq şöbəsinin arxivi yandı və tüstüsü sirli və müəmmalı şəkildə göyə sovruldu (yanma ilə bağlı o zamanlar çox söz-söhbətlər dolaşdı, sonra da “dolaşığa” düşüb büsbütün unuduldu). O tüstünün içində “boğulan” 1936-cı ilin torpaq xəritəsi isə səmada kabus kimi dolaşmaqdadır. Çünki o xəritədə çox həqiqətlər gizlənirdi... Əmlak Məsələləri üzrə Dövlət kommitəsi istəsə həmin xəritənin arxivdəki surətini ortaya çıxara bilər. Amma nədənsə hələ ki, istəmir.

Ötən yazıda vurğuladığım kimi, bir daha təkrar edirəm ki, Boradigah qəsəbəsinə məxsus olan torpaqlar yenidən ölçülməli və ədalətli şəkildə bölgüsü aparılmalı, zəbt olunmuş par torpaqlar isə “işğaldan” azad olunmalıdır. İnsanların inamını özlərinə qaytarmaq üçün bu, qaçılmaz zərurətdir.

Vəhdət, yəni birlik yaxşı şeydir. Insanlar birləşib haqq və hüquqlarını birlikdə tələb etsələr, daha gözəl olar – bu, danılmaz gerçəklikdir. Vəhdətdən söz düşmüşkən, boradigahlıların Bakı şəhərində “Vəhdət” adlı ictimai təşkilatı var və bir neçə ildir ki, fəaliyyət göstərir - imkanı olanlar orada aylıq ianə toplayaraq, əsasən qəsəbədə yaşayan imkansızlara maddi dəstək olur, həmçinin, digər sahələrdə (xüsusən də məktəbin odunla təchiz olunması – rəzalətə baxın, odunla təchiz olunması və s.) köməklik göstərirlər. Bu, hər nə qədər xeyirxah əməl olsa da, onu bur elə də yüksək amal kimi dəyərləndirmək fikrindən uzağam. Düşünürəm ki, insanları maarifləndirmək, problemlərini önə çəkmək, bu gün onlar üçün hava və su kimi vacib olan iş yerlərinin yardılmasına çalışmaq, məncə, onları ələbaxımlı etməkdən daha üstündür. Məgər, “Vəhdət” görmür ki, bir çox şeyləri əllərindən alınan qəsəbə sakinləri öz hüquqlarının bərpası yolunda haqq səsini ucaltmaq istəməzlərsə, o zaman təbii ki, sabah daha acınsacaqlı duruma düşəcəkləri qaçılmaz olacaqdır? Əlbəttə, əgər “Vəhdət” həqiqi vəhdətə xidmət etdiyini isbatlamaq istəyirsə, o halda önə çıxaraq ədalətsizliyə rəvac verənlərə desin ki, insanlarımızı rəzil günə saldığınız yetər və onların heysiyyatı ilə oynamayın, Adəm övladı Adam olun! Gözləyək, görək “Vəhdət” bunu edə biləcəkmi?..
Yazını tamamlamaq ərəfəsində ikən ağlımdan qəribə bir fikir keçdi. Əvvəlcə, istədim ki, boradigahlı müğənni Firinin (Firudin Səfərov) “muzikantlarına” bir “Heyvagülü” sifariş verdirəm və camaat da sonuncu havasını istədikləri qədər oynasın. Nədənsə, bu fikirdən vaz keçməli oldum, düşündüm ki, qəsəbənin “şef” mollası olan Kərbəlayi Molla Ceyhunun cibinə 5-10 manat basıb, hündür bir təpəyə çıxararaq, bu gün “toz” içində boğulan Boradigah üçün bir fatihə verdirməyim tam yerinə düşər. Zalım balasının avazı gözəl olduğundan yəqin ki, oxuduğu da gedib “ünvanına” tez çatar...

Vasif Hüseynov


Xəbər 7198 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +