Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


02.03.2018  10:25 

Jurnalist mühacir həyatından yazdı - Dəhşət dolu anlar...





A+  A-

Tanınmış jurnalist , "Yeni Müsavat" qəzetinin sabiq müxbiri Röya Rəfiyeva mühacirət həyatı ilə bağlı yazı yazıb.
XəzərNews.az həmin yazını təqdim edir:

***

“Burada mühacirlərə verilən otaq indiyədək ölkədə yaşadığım bütün evlərdən isti idi”. Söz vermişdim ki, nə zamansa yazacağım “Mühacirət gündəliyi”mi bu cür başlayacam. İlk gün, Almaniyada ilk sığınacaqda gecələdiyim gün öz-özümə demişdim bunu. Otaq isti olsa da, əslində çox soyuq bir gün idi: sözün hər mənasında soyuqdu...

Martın 1-i idi, çox soyuq və yağış dolu bir gündü. Dayanmadan yağırdı. Üstəlik, hava hədsiz şaxtalı idi, qalın geyinsəm də, soyuqdan əsirdim. Axşam idi, hava qaralmışdı. Çiynimizdə yol çantası yol kənarında dayanmışdıq. Uşaqlara izah etməyə çalışırdım ki, daha ölkəmizə qayıtmayacağıq, burada kamp deyilən yerə gedib bir müddət orada yaşamalıyıq. “Bəs sonra?”... Həyəcan dolu bir tonda verilən neçə sualı cavabladığım yadımda deyil. Üçümüz də üşüyürdük, şərflərimizi təyyarədə unutmuşduq. Uşaqların həyəcanı gözlərindən sezilirdi. Mənsə özümü tox tutmağa çalışırdım, onlar kimi əlindən tutacağım kimsə yoxdu... Böyük oğlum özünü pis hiss etdiyini dedi, yolun qırağında dayanıb yediyini qaytardı, ağlamsındı, içmək üçün götürdüyümüz su ilə əl-üzünü yudum. Deyəsən daha çox o qorxurdu, balaca hələ dediklərimi tam anlamamışdı. “Qorxma”, dedim, “Anan yanındadır, hər şey yaxşı olacaq, ağıllım”. Mənə qısıldı, hıçqırırdı...

Dayanacaqdakı taksilərə yaxınlaşdıq, həyəcandan cərgənin əvvəlindəki yox, sonundakı taksilərə yaxınlaşırdım, sürücülər də əlləri ilə qabağı işarə edirdilər. Özümü toplayıb öndəki taksiyə oturdum və ingiliscə yaxınlıqdakı kampa getmək istədiyimi dedim. Yol boyu uşaqlar sual verirdilər, bacardıqca cavab verməyə çalışırdım. On beş dəqiqəyə yaxın yol getdik. Sonda sürücü maşını saxlayıb beş addım aralıdakı binanı göstərdi, “buradır”, dedi. Sonra uşaqlara baxıb başını buladı. Pulu verib düşdüm, səkiyə çəkilib uşaqların əlindən tutdum, bir neçə dəqiqə ətrafa baxdım. Sürücü də getməmişdi, bizə baxırdı...
Qarşıdakı binanın həyət qapısı türmə qapılarını xatırladırdı, dəmir çərçivələri vardı. Uşaqlar qapıya və mənə baxırdılar, dayanmadan suallar verirdilər, deyəsən heç birini eşitmirdim. Birdən hiss etdim ki, əllərini bərk-bərk sıxmışam, buraxdım və təkrar tutdum. “İndi getməliyik”, dedim: “Hər şey yaxşı olacaq”. Əslində isə qaranlığa və məchula getdiyimizi düşünürdüm...

Çiskin yağış yağırdı və biz yağışın altında sakitcə dayanıb baxırdıq. Həyət qapısı isə açılmış və iki nəfər oradan bizə baxırdı. Qaradərili idi ikisi də, həm də üzügülər. Gülümsəyərək əlləri ilə bizi içəri dəvət etdilər, keçdik. Qarışıq cümlələr idi dedikləri, heç nə başa düşmürdüm. Tərcüməçi istədim, “türkəm”,- dedim və şəxsiyyət vəsiqəmi cibimdən çıxarıb təqdim etdim. Çantalarımızı açıb baxdılar, paltarları stolun üstünə töküb çantaları dibinə qədər eşələdilər, sonra geri yığdılar. Bizdən əvvəl içəri girən bir qaradərili gəncin böyük çemodanını da töküb yığdılar. Bu arada gənc bir oğlan gəlib türkcə salamlaşdı: “Abla, sakin olun, hər şey yoluna düşəcək”,- dedi və adımı yazmağım üçün kağız uzatdı. Sonda isə dedi ki, ehtiyatlı olum, bura kampdır, hər cür adam ola bilər. “Çantalarınızı qoruyun, uşaqları da... İndi onlar sizə yatmağa yer verəcəklər, onlarla gedin, qorxmayın”,- deyib mühafizəçini göstərdi. Digər mühafizəçi isə üç kiçik torbada yemək uzatdı bizə. Uşaqlar götürdülər, təşəkkür edib öz payımı geri verdim. O isə bir də uzatdı və “Götür”, dedi, götürdüm... Mühafizəçi qabaqda, biz də arxada qaranlıq həyətlə uzun-uzadı getdik. Uşaqlar qorxularından əlimdən buraxmırdılar. Mühafizəçi qaranlıq, ikimərtəbəli binalardan birinə girdi, uzun və yarıqaranlıq dəhlizin o biri başında dayandı. Biz də ondan iki addım arxada gedirdik, yatacağımız yerə çatmağı gözləyirdim. Çox yorulmuşdum, fiziki yorğunluq deyildi bu, fikirləşməkdən yorulmuşdum əslində. Adam qapılardan birini döyüb bizi göstərdi. Oradakı kişi isə otağın küncündən bir neçə yataq dəsti gətirib verdi. Və yenə getməyə başladıq, öndə iki kişi, arxada biz. Nəhayət, işıqlı dəhlizə girdik, dəhlizdə ona yaxın uşaq qışqırışırdı, ora-bura qaçırdılar. Geyimləri köhnə və çirkli idi. Dəhliz soyuq olsa da, nazik geyimdə idilər. Mühafizəçilər onlara “Otağınıza gedin”, desə də, onlar dəhlizdə qaçmaqda, bağırmaqda davam etdilər. Özümə son on beş dəqiqədə onlarla sual vermişdim. Biri də “Bu uşaqlar burada nə gəzirlər?” sualı idi. Mühafizəçi isə artıq qapını açmışdı, qapının üstündə açar yox idi. Arxasınca dilləndim: “Bəs açar hanı?”. “Açarı olmaz, olmaz”,- dedi gedə-gedə adam...



Otağa girdik, üç ədəd ikimərtəbəli dəmir çarpayı, dar dəmir şkaf, kiçik stol və bir neçə stul vardı. Böyük pəncərənin pərdəsi yox idi və bayır olduqca vahiməli görünürdü. İstilik peçinin vintini burub işləyib-işləmədiyini yoxladım, işləyirmiş. Tezliklə otaq isti oldu. Çantamdan yemək çıxarıb yedik. Mən yemədim əslində, uşaqların yeməsinə çalışdım. Torbada verilən balıq konservini uşaqlar açsalar da, yemədilər. “Bu, nədir? Çox pis iy gəlir”,- böyük oğlum üz-gözünü turşutdu: “Yeyə bilmərəm”. Balaca dinməsə də, yemədi. Çantamda pendir-çörək vardı, hərəsi bir az yeyib çarpayıda oturdular. Üzümə baxırdılar, nəsə deməyimi istəyirdilər. Mənsə susurdum...

Bakıdan zənglər gəlirdi. Kampa girmədən bizə kömək edən tanış adam alman nömrəsi almışdı, internetdən istifadə edə bilirdim. Bakıdan iki rəfiqəm və bir dostum, sevdiyim insan yazırdı. Artıq kampda olduğumu yazdım onlara. “Hər şey yaxşıdır, mən rahatam”,- dedim bir neçə dəfə. Narahat olmalarını istəmirdim. Balaca artıq yorulub yatmışdı, böyük oğlum isə çarpayıda oturub susurdu. Körpəlikdən uşaqlarıma baxan rəfiqəm durmadan yazırdı mənə, sonra zəng etdi. Özümü topladım, səsimin titrəməməsi üçün çox çalışdım. O isə bildirmək istəməsə də, ağlayırdı. “Hər şey yaxşıdır, narahat olma, get, yat”,- dedim. “Sənin üçün dua edirəm”,- dedi. Sağollaşdıqdan sonra dərindən nəfəs alıb başımı qapıya söykədim. Açar olmadığından, stul qoyub qapının arxasında oturmuşdum. O biri rəfiqəm də dayanmadan yazırdı, danışırdı. Deyəsən o da ağlayırdı. Hər ikisi məni yola salarkən də ağlamışdılar, mənsə hisslərimi gizlətməyi bacarmışdım. Mən də ağlamaq istəyirdim indi, həm də hər şeydən çox... Amma olmazdı, yanımda uşaqlar vardı...

Dostum da dayanmadan yazırdı, zəng də etdi, hiss etdim ki, hər ikimiz gümrah və şən görünməyə çalışırıq. Nə məcburiyyət idi axı? Əslində başını çiyninə qoyub ağlayacağım, “qorxuram, çox qorxuram”, deyəcəyim birinə ehtiyacım vardı, uzaqlara yalnız getməyimə razı olan birinə deyil... Son görüşümüzü xatırladım onunla danışa-danışa. Hava limanında, uşaqların yanında sağollaşmışdıq. Heç qucaqlaya da bilməmişdim uşaqlardan utanıb. Yoxlamadan keçdiyim vaxt isə geri dönüb baxmışdım, gözləri kədərli idi, əlləri kurtkasının cibində, donmuş kimi dayanıb bizə baxırdı. Əlimi yelləyib gülümsəmişdim. Bizi yoxlayan qadın “Nə qədər də pozitiv xanımsız”, demişdi gülərək. Mənsə geri dönüb son dəfə onu qucaqlamaq istəyirdim. Görəsən onun ürəyindən nə keçirdi?



Gec idi. Yuxum gəlsə də, yatmağa qorxurdum. Qapı açıq idi, kamplar, kamplarda baş verən hadisələr haqqında isə neçə nəfərdən qorxulu, hətta dəhşətli əhvalatlar eşitmişdim. Onlardan ən pisi kampda uşaqların zorlanması barədə idi. Bu səbəbdən dəhlizdə qaçan uşaqlar mənə qəribə gəlmişdi. Uşaqlar zorlandığı yerdə oynaya bilərdimi? Telefonda internetə baxırdım, vaxt keçmirdi. Birdən böyük oğlum yanıma gəldi, “Ana, gəl növbə ilə yataq, növbə ilə də oyaq qalaq. Əvvəl sən yat”,- dedi. Üzünə baxdım, sanki yol gəldiyimiz iki gündə böyümüşdü, gözlərindəsə yorğunluq və kədər vardı. Onu qırmadım, razılaşdım və gülümsəməyə çalışdım. Qapının arxasına stolu qoyduq və mən altdakı çarpayıya uzanıb gözlərimi yumdum. Çox şey düşündüm o gün, o gecə. Nə olur olsun, balalarımı qoruyacaqdım, onları geri qaytarmayacaqdım, burada da qoruyacaqdım nə qədər çətin olsa da... Daha nələr düşündüyüm yadımda deyil. Birdən oğlumun səsinə diksindim: “Dur, ana, daha dayana bilmirəm, oyaq qala bilmirəm daha, yuxum gəlir. Gəl, növbəni dəyişək”. Yuxuya getdiyim isə heç on dəqiqə olmazdı... Çarpayıdan qalxdım, ürəyim yerindən çıxacaqmış kimi bərkdən döyünürdü... və sonra həmin gecəni oyaq qaldım. Bayırdan hərdən ayaq səsləri gəlirdi. Yağışın səsi gecənin sakitliyində daha dəhşətli hisslər yaşadırdı mənə. Çox qorxurdum. İndicə qapını kiminsə açıb girəcəyindən, sonra olacaqlardan, bəlkə də bu günün yaşayacağımız son gün olmasından, nə bilim, daha nələrdən qorxurdum. Məncə, ilk köməksiz, çarəsiz günüm idi bu gün. Heç zaman özümü bu qədər çarəsiz hiss etməmişdim... Hərdən pəncərəyə baxıb oradan kiminsə bizə baxıb-baxmadığını aydınlaşdırmağa çalışırdım. Yağan yağış haradasa dəmirə dəyib qəribə səslər çıxarırdı, haradansa şappıltı, taqqıltı, hərdən də uğultu eşidilirdi, sonra yenə ayaq səsləri, pıçıltılar, sonra yenə uğultu... Qorxulu film izləyirmiş kimi bütün səsləri qorxu içində dinləyirdim. Gecə bitmək bilmirdi. Mənə elə gəlirdi ki, bu gecədən sağ çıxsaq, sonrası yaxşı olacaq. Ancaq bu gecədən çıxıb-çıxmayacağımızı dəqiq bilmirdim. Hərdən uşaqlara baxırdım, şirin-şirin yatırdılar, otaq da isti idi, balacanın üzündə azca küskünlük vardı, böyüksə yuxuda gülümsəyirdi...



Səhərsə açıldı. Saat 7-də qapımız döyüldü. Mürgülədiyim stuldan qalxıb stolu qapının qabağından çəkdim. Mühafizəçi idi. Çantalarımızı götürüb həyətdə cərgəyə düzülməyimizi tapşırdı və digər qapıları döyməyə getdi. Uşaqlar qapının səsinə oyandılar. Çantalarımızı götürüb çıxdıq. Çıxarkən dönüb bir daha otağa baxdım- həyatımın ən böyük qorxusunu yaşadığım otağa. Biz sağ qalmışdıq, biz bu qorxunc gecədən qurtula bilmişdik. Dəhlizdən keçə-keçə düşünürdüm: mən bu gecəni, həmin gecədə yaşadıqlarımı, həmin gecə yanımda olanları və olmalı olanları heç zaman unutmayacaqdım...

Xəbər 6378 dəfə oxunub.




28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +