Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


13.02.2018  22:23 

Taleh Heydərovla Nigar Köçərli arasında QALMAQAL – Sensasion ittihamlar + VİDEO





A+  A-

"Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli öz biznesinə təhlükə yaradılması barədə sensasion bir video müraciət yayıb. Həmin müraciət Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova ünvanlanıb. Müraciətdə iddia olunur ki, onun mağazalarını sıradan çıxarmaq istəyirlər və bu işə nazirin oğlu, son vaxtlar kitab evləri və nəşriyyat açan Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Taleh Heydərov rəhbərlik edir. Bu gün isə qarşı tərəf - Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və LİBRAFF kitab mağazaları şəbəkəsi ittihamlara cavab verib.
XəzərNews.az hər iki tərəfin müraciətini ardıcıllıqla təqdim edir:

Nigar Köçərlinin müraciəti:

Hörmətli FHN Naziri cənab Kəmaləddin Heydərov,

4 il əvvəl Gilan Holdinqin nümayəndəsi məni Gilan Holdinqin mərkəzi ofisinə dəvət etdi. Sizin adınızdan dedi ki, "Əli və Nino”nu bizə verməlisən: "Əgər verməsən, biz fil, sən isə qarışqa - səni əzəcəyik”.

O vaxtdan "Əli və Nino”ya qarşı mənəvi terror başladı: gömrükdə problemlər, mağazalarımda gizli çəkilişlər, işçilərin doprosları, mətbuatda və sosial şəbəkələrdə əleyhimə kampaniyalar.

Bu bəs etmədi, indi də "Əli və Nino” kitab dükanları mollardan çıxarılır. Sizin adamlar bizi bu dükanlardan qovur, yerində öz kitab dükanlarını yaradırlar.

Cənab Nazir,

Mən dəfələrlə Tale Heydarova məktub yazmışam, amma heç bir nəticə olmayıb.

Mən dəfələrə sizin köməkçilər vasitəsilə Sizə xəbər göndərmişəm. Heç bir nəticə olmayıb. Bəlkə də Sizin bunlardan xəbəriniz yoxdur.

Mən kitab biznesinə 15 il əvvəl 600 dollarla başlamışam. Beynəlxalq təşkilatda işləyirdim, maaşdan qənaət etmişdim. O vaxt Bakıda yalnız 2 kitab dükanı var idi, digərləri bağlanmışdı.

Mollarda, ticarət mərkəzlərində kitab dükanları açdıq və kitab gənclərimizin həyatına qayıtdı.

Bu gün bizim ardıcıl kitab təbliğatımız, parklarda keçirtdiyimiz endirimli kitab yarmarkalarının sayəsində oxucuların sayı xeyli artıb. Mütaliə səviyyəsini artırmaq üçün Milli Kitab Mükafatı təsis etmişəm. Bununla da ədəbiyyat mətbuatın gündəminə qayıtdı.

Biz bu işə görə heç kəsdən mükafat gözləmədik. Eyni zamanda bizə vurulan indiki qəddar zərbəni də gözləmirdik.

Mən həmişə öz işimdən fəxrlə danışmışam. Çünki mən bu işi böyük sevgi və böyük zəhmət ilə qurmuşam.

Hörmətli cənab nazir!

Sizin ailə kitab biznesinə başlayanda düşündüm ki, nəhayət, Azərbaycanın ucqar yerlərində, heç bir kitab dükanı olmayan rayonlarda kitab dükanları və pulsuz ictimai kitabxanalar açacaqsınız. Oxu mədəniyyətinin inkişafına dəstək verəcəksiz. İmkansız insanlara pulsuz kitab paylayacaqsınız. Axı sizin imkanlarınız bizdən milyon dəfə böyükdür. Gözləntim özünü doğrultmadı. Görünür, kitabsız yerlərə getmək çətin oldu. Amma "Əli və Nino”nu bağlayıb, yerində öz kitab mağazalarını açmaq asandır.

Cənab Nazir, Tale Heydərov var gücü ilə və bizləri adam yerinə qoymadan, nifrətlə, saymazyana, dükanlarımızın bağlanmasına çalışır.

Mənim qardaşım bir vaxtlar kredit götürməklə Göyçayda nar şirələri istehsal edən mini-zavod açmışdı. Sizin adamlar o zavodu onun əlindən zorla aldılar, qardaşım müflis oldu. O vaxtdan xeyli vaxt keçib. Belə çıxır ki, növbə mənə çatdı. Sizin oğlunuz mənim dükanlarımı əlimdən alır.

Mən sizə Azərbaycanda bizneslə məşğul olan tək-tük qadınlardan biri kimi müraciət edirəm. Əlbəttə, mənim arxamda böyük pullar və böyük adamlar yoxdur. Amma mənim arxamda, bir Azərbaycan qadınının böyük zəhməti, vicdanlı və halal əməyi durur.

Sizdən xahiş edirəm ki, öz adamlarınıza deyəsiniz ki, məndən əl çəksinlər.


Hörmətlə,
Nigar Köçərli
Əli və Nino kitab şəbəkəsinin sahibi



"LİBRAFF” kitab mağazaları şəbəkəsinin bu ittihamlara cavabı:

Nigar Köçərli sosial şəbəkələrdə sahibi olduğu kitab mağazalarına "yaranmış təhlükə ilə bağlı” müraciət yayıb. Əslində hədəf kimi Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və "LİBRAFF” kitab mağazaları şəbəkəsi seçilib.

N.Köçərlini narahat edən məsələlərə, daha dəqiq desək, onun iddialarına keçməzdən əvvəl bildirək ki, bu müraciətin formal ünvanı bir, əslində hədəf seçilən obyekt isə tamam başqa instansiyadır. Bu isə atılan addımın özünün məntiqliliyini sual altında qoyur. "LİBRAFF” sadəcə kitab mağazaları şəbəkəsidir, özəl sektora aiddir, ölkədəki on minlərlə analoji strukturdan biridir, yəni dövlət qurumu deyil, hər hansı nazirliyin şöbəsi heç deyil. Amma bu da sirr deyil ki, müraciətin məhz başqa instansiyaya ünvanlaması məqsədlidir - hər halda daha böyük effektə, güclü ictimai rezonans yaradacağına ümid bəslənib.

TEAS-ın təsisçisi və sədri Tale Heydərovu "4 ildir onun mağazalarını bağlayıb yerində öz mağazalarını açmaq”da ittiham edən N.Köçərli də bilməmiş deyil ki, "LİBRAFF”ın ilk dükanı 4 il qabaq yox, ötən il - 2017-ci ildə açılıb.

Məntiqi sual yaranır: əgər N.Köçərliyə qarşı bu "hücumlar” son 4 ildə doğrudan da olubsa, onda, iddia edildiyi kimi, "o fil qarışqanı niyə əzməyib”, hətta əksinə, ticarət mərkəzlərində yeni mağazaları açılıb? İttiham etmək asandır, amma bu ittihamlar sübut olunmalıdır, əks halda onu böhtan saymaq lazım gəlir.

"LİBRAFF” kitab satışı ilə peşəkar şəkildə məşğul olmağa başlayandan N.Köçərli və tərəfdaşları tərəfindən mənəvi təzyiqlərə və böhtanlara məruz qalıb.

TEAS Press Nəşriyyat evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb. N.Köçərlinin müraciəti də həmin kampaniyanın tərkib hissəsi və davamıdır. Təlaşın səbəbi bəllidir - sağlam rəqabətə davam gətirmək çətinləşəndə qurşaqdan aşağı zərbə vurursan.

Belə zərbələrdən biri də budur: "Mağazalarımızda gizli çəkilişlər aparılıb”.

Əgər söhbət hər hansı qanunsuzluq və piratçılıq faktının sənədləşdirilməsindən gedirsə, bu, qanunsuz kitab nəşri ilə mübarizənin əsas tələbidir. Kitab satışı sektorunda ən başlıca məsələlərdən biri müəllif hüquqları məsələsidir. Problem də ondadır ki, bu məsələdə ən çox zərərçəkən tərəf məhz TEAS Press Nəşriyyat evidir. Nəşr hüququ TEAS Press Nəşriyyat evinə məxsus olan kitablar qanunsuz şəkildə nəşr edilir və bu pirat kitablar N.Köçərlinin mağazalarının vitrinlərində satılır. Həmçinin Oksford Universiteti nəşriyyatının (OUP) və Türkiyə nəşriyyatlarının ən çox satılan kitablarının pirat nüsxələrinin bu mağazalarda satılması faktları OUP və Türkiyə Yayınçılar Birliyinin monitorinqi nəticəsində aşkarlandı. TEAS Press Nəşriyyat evi öz qanuni hüquqlarını qorumağa qalxanda isə qarşı tərəfin "inhisarçı” ittihamı ilə, "qara məni basınca...” məntiqinə əsaslanan hücumlarla üzləşir.

"LİBRAFF”ın Bakı və Gəncədə 6 mağazası var və bu il daha 4 mağazanın açılması nəzərdə tutulur - heç biri də başqasının yerində yox! 2019-2020-ci illər ərzində isə "Made in Azerbaijan” markası ilə Rusiya, Ukrayna və Türkiyədə "LİBRAFF” mağazaları açılacaq. Bu mağazalar yerli və qlobal kitab işinə dəstək verməklə bərabər, fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın müsbət imicinin gücləndirilməsinə və milli ədəbiyyatımızın tanıdılmasına töhfə verəcək.

Türkiyədə yaradılan "TEAS-Yayıncılık” şirkəti qardaş ökənin ən nüfuzlu nəşriyyatları sırasına daxil olub. İndi Türkiyə oxucusu öz kitab mağazalarından Ziya Bünyadov, Sara Aşurbəyli, Oqtay Əfəndiyev və digər görkəmli tarixçilərin əsərlərini türk dilində alıb mütaliə edə bilər.

"LİBRAFF” mağazaları milli ədəbiyyatın inkişafına, Azərbaycan yazıçılarının əsərlərinin modern nəşriyyat standartlarına uyğun çap edilməsinə, onların kitab mağazalarında tanıtımının həyata keçirilməsinə, dünyanın nüfuzlu nəşriyyatlarının məhsullarının oxuculara geniş çeşiddə təqdim edilməsinə dəstək missiyası ilə fəaliyyət göstərir.

"LİBRAFF” şəbəkəsi saxta kitablar satmır, yerli müəlliflər arasında ayrı-seçkilik qoymur, kitab satışının yaradıcılığı dəstəkləmək kimi sosial biznes missiyasını yerinə yetirir, bu sahədəki boşluğu doldurmağa çalışır. Nə yaradırsa, sıfırdan yaradır. Heç bir mağazanı bağlamır, heç bir başqa dükanın bazasında nəsə yaratmır.

Nəşriyyat yerli müəlliflərin, tərcüməçilərin, redaktor və korrektorların, bir sözlə, yaradıcı ziyalıların əməyinin haqqını yüksək standartlarla ödəməyə başlayanda intellektual əməyi istismar edənlər sadəcə dözə bilmədi. Biz yerli müəllif və tərcüməçilərə, redaktor və korrektorlara yüksək qonorar verməkdə günahlandırıldıq.
Eyni qaydada uydurma "rəsmi qurumların təzyiqləri” və "nar şirəsi zavodu” iddialarına dair sübutlar varsa, ortaya qoyulsun.

TEAS kitab nəşri sahəsindəki fəaliyyəti dövründə ilk və bu günə qədər yeganə olan aqressiv münasibəti "Qafqazda "erməni məsələsi” adlı üç cildlik kitablar haqqında erməni əsilli amerikalı professor Corc Burnityandan görmüşdu. Burnityan erməni diasporunun ən böyük nəşrlərinin birində Azərbaycan dövlətinin, onun rəhbərliyinin informasiya müharibəsindəki qələbəsini etiraf etməklə bərabər, TEAS-ı və həmin kitabların tərtibçisi Tale Heydərovu "dünya kitabxanalarını tanınmış Qərb nəşriyyatlarında Azərbaycan haqqında çap olunan kitablarla doldurmaqda” ittiham edirdi. Bu ittihama (http://araratmagazine.org/2011/10/a-review-of-the-armenian-question-in-the-caucasus/ ) vaxtında münasibət bildirilsə də, TEAS Azərbaycanın düşmənlərini narahat etdiyinin fərqində idi.

Bu gün isə TEAS öz peşəkar fəaliyyətində növbəti hücumla üzləşib. Qəribə də olsa, yeni platformada nəşriyyat və kitab mağazaları şəbəkəsi qurduğu üçün...”.

Qeyd edək ki, bir neçə gün əvvəl “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli sosial şəbəkədə müraciət yayaraq rəhbərlik etdiyi kitab evinə qarşı təzyiqlər olduğunu, kitab bazarından sıxışdırıldığını bildirmiş, bu işdə Tale Heydərovu və onun sahibi olduğu TEAS Press Nəşriyyat evini ittiham etmişdi.

Xəbər 1378 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +