Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


05.12.2017  11:07 

“Gözlədiyimiz nəticə bu deyildi...” - Ankarada kafe açan azərbaycanlı





A+  A-

“İstək, səbr, dözüm və birlik olan yerdə uğur qazanmaq çətin deyil”. Nəyəsə nail olmaq üçün riskə getməyin də lazım olduğunu düşünmək lazım. Təbii ki, baxır nədə və hansı mövzuda... Bunun üçün ilk növbədə çox çalışmaq və əzmkarlıq nümayiş etdirmək lazımdır.
Həmsöhbətim Türkiyənin Orta Doğu Texnik Universitetinin tələbəsi İlkin Qulusoydur. Nahaq yerə onunla həmsöhbət olmamışam. Çünki, bu gənc Ankarada Azərbaycan mətbəxini özündə cəmləşdirən bir kafenin - “Yahşi Kafe”nin qurucuları olan 3 gəncdən biridir. Belə demək mümkündürsə, bu 3 gənc Ankarada ölkəmizin adına çox böyük bir uğura imza atıblar.
Bu günədək Türkiyənin paytaxtı Ankara şəhərində ölkəmizin milli mətbəxinin təbliğatçısı olan heç bir kafe, restoran yox idi. Təbii ki, bu, ölkəyə yeni gələn tələbə, iş adamı və başqaları üçün uyğunlaşmaq baxımından çətinliklər yaradırdı. Baxmayaraq ki, Ankarada bir çox millətlərin, ölkələrin öz mətbəxini əks etdirən məkanlar mövcuddur.
Milli yeməklərimiz ankaralılar və şəhərin qonaqları tərəfindən bəyənilirmi? Bu və digər suallara həmsöhbətim İlkin Qulusoyla cavab tapmağa çalışdım.

Nə qədər qardaş ölkə olsaq da, reallıq budur ki, yenə də buranın yabançısıyıq… Qərib yerdə bu cür ideyanı həyata keçirmək təşəbbüsü necə yarandı?


- Bəli, haqlısınız... Biz bu haqda çoxdan düşünürdük və bilirdik ki, Ankarada çox sayda azərbaycanlı yaşasa da, bu şəhərdə bizə aid kafe və ya restoran yoxdur. Türkmənlərin, özbəklərin, uyğurların və başqa millətlərin özlərinə aid mətbəxini əks etdirən məkanları var. Lakin, bu sırada Azərbaycan yox idi. Millət və mədəniyyət olaraq, bu qədər yaxınıqsa niyə biz öz mətbəximizi burada tanıda bilməyək? Həmişə dostlarımızla deyirdik ki, belə bir məkan olsa, elə gedib ölkəmizin mətbəxinə aid yeməklər yeyərdik. 6 ildir ki, bunun həsrətində olmuşuq.
Bu fikirlərdən yola çıxaraq, kiçik bir məkan qurmağı qərara aldıq. İlk əvvəl quracağımız məkanın menyusuna peraşki, qutab, bir də təndir çörəyi daxil idi. Sonra tədricən menyunu genişləndirməyə başladıq.

İşə ilk başlayanda ən böyük çətinlikləriniz nələr oldu?

- Çətinliyimiz ilk başlayandan bu günədək həmişə olub. Təbii ki, bu da əsasən maddi çətinliklərdir. Çünki üçümüz də tələbəyik və ailə olaraq da o qədər də imkanlı deyilik. Bu məkanı belə açmağa imkanımız olmayıb. Sadəcə yardımlaşa-yardımlaşa bir şeylərə nail olduq.
Kafenin çox işini özümüz etmişik. Stolları, divarı özümüz boyamışıq, beton işini özümüz etmişik. Ən ucuz dekorları arayıb tapmışıq.
Bundan sonra gözləntimiz ancaq odur ki, burda olan azərbaycanlılarımız gəlsələr və öz yeməklərimizdən yesələr bizə ən böyük dəstək olarlar. Çünki, burda bildiyimiz qədərilə 15 minə yaxın azərbaycanlı yaşayır.

Yəqin razılaşarsınız ki, bura gələnləri həm də menyudakı qiymətlər maraqlandırır...

- Bəli, haqlısınız. Bu bölgə üçün qiymətlərimiz baha deyil, əksinə, ucuzdur. Məhsulların gətirilməsi də bir qədər maddiyyat tələb edir. Gömrükdən ərzaqları keçirmək məsələsi və s.

Hazırda vəziyyət nə yerdədir? Kafe gözləntilərinizi doğruldurmu?

- İlk başlarda daha yüksək say gözləyirdik. Çünki, düşünürdük ki, burda tələbə sayı çoxdursa, tələbat yüksək olar. Doğrultmaq baxımından isə hələ ki, idarə etməyə çalışırıq.
Ancaq, deyim ki, gözlədiyimiz nəticə bu deyildi. Biz həmişə bir-birimizə dəstək olan xalq olmuşuq. Zamanla yaxşı olacağını düşünürük.

Səhv etmirəmsə, əvvəllər kafenizdə Azərbaycan mahnıları səslənirdi. Deyəsən, indi artıq elə bir proqram olmur...

- Bəli, var idi. Amma, sonradan yaxınlıqda yaşayan sakinlərdən şikayətlər gəldi və ona görə də musiqini yığışdırmaq məcburiyyətində qaldıq.

Yəqin ki, kafenizə türkiyəlilərlə bərabər başqa millətlərdən də qonaqlar gəlir. Ən çox sifariş edilən hansı yeməyimiz olur?

- Təbii, çox əcnəbi gəlir. Ən çox tələb olunan yemək plovdur. Dolmamızı da çox bəyənirlər. Ən çox bəyənilməyən isə dovğamızdır. Onlara çox fərqli gəlir. Sadəcə türklərin deyil, digər millətlərin də bəyənmədiyi dovğadır. Başqa bütün yeməklərimizi sevirlər. Kafedə Azərbaycan çayından şirniyyatımıza, plov, qutab, dovğadan növbənöv dolmalaradək mətbəx nümunələrimiz təqdim olunur. Qonaqlara Azərbaycan çay dəsgahı təklif olunur: limon, kəllə qənd, noğul, mürəbbə, konfet də öz yerində. Çaylara isə istəyə uyğun olaraq kəklikotu, darçın, mixək də qatılır.
Mürəbbələrdən də ağ gilas, əncir, çiyələk mürəbbəsi. Yeməklərə gəlincə, bura gələn müştərilər qaralı plov, yarpaq və kələm dolmaları, Azərbaycan xəngəli, qutab, dovğa kimi yeməklərdən dada bilərlər.

Bəs yeməkləri kim hazırlayır?


- Yeməkləri qohumumuzun tanıdığı, məsləhət bildiyi insanlar hazırlayır. Təbii ki, mətbəxi yad birinə həvalə edə bilməzdik. Çünki elə ən böyük məsuliyyət oradan başlayır.

Azərbaycanlı məşhurlardan, iş adamlarından buraya gələn varmı?

- Var, təbii ki. Xalqımızın tanınmış sənətçisi Azərin xanım vaxt tapdıqca dostları ilə gəlir. Bizim səfirlikdən də gələnlər çoxdur. Yeni təyin olunmuş səfirimiz Xəzər İbrahimlə də görüşdük və çox məmnun qaldıq.
Səfir burada Azərbaycan mətbəxinə aid bir məkanın olmasını təqdir etdi və mümkün qədər bizə dəstək olacağını dedi. Ümid edirik, gələcəkdə bu vəd özünü doğruldacaq...

Üç nəfər idarə edirsiniz bütün işləri. Bəs, aranızda narazılıqlar və ya yanlış anlamalar olurmu?

- Bu kafe açılana qədər illərimizi bir yerdə keçirmişik, neçə ilin dostlarıyıq. Aramızda yanlış anlaşılmalar olmayıb. Sadəcə üçümüz də bu işi bilmədiyimiz üçün bizə çətin olub. Və həmişə də bir-birimizə dəstək olmuşuq.

Belə demək mümkünsə tarixə düşdünüz. Çünki, Ankarada ilk bu cür təşəbbüs göstərən tələbələrimizdənsiniz.

- Təşəkkür edirəm. Bu kafeni qurmağa başlayanda çox işi birlikdə etdik. Ən xoş və ən acı günlərin dostuyuq.

Kafenin dekoru çox maraqlıdır. Türk və Azərbaycan bayrağı isə ölkələrimiz arasında olan qardaşlıq simvolunu gözəl əks etdirir. Kafenin görüntüsünü yeniləmək planda varmı?

- Dekoru özümüz qurmuşuq. Həmişə istəmişik ki, bayrağımız öndə olsun. Bir həftə içində isə kafedə təmir olacaq və dekoru dəyişəcəyik. Bu dəfə divarlarda daha çox milli ornament olacaq. Ən böyük sıxıntımız məkanımızın kiçik olmasıdır. Yeni məkana keçmək üçün isə maliyyə çox yüksəkdir. Bayırda da soyuq olduğu üçün gələn müştərilərimiz orada oturmurlar. Bələdiyyədən izin ala bilmədiyimiz üçün oranı qapalı alana çevirə bilmirik. Bu da başqa bir sıxıntıdır. İnşallah, tezliklə həll edilər.

Azərbaycanın futbol tarixinə yeni səhifə açan “Qarabağ” klubunun bütün oyunlarına baxmaq üçün kafedə hər cür şərait yaratdığınızı bildirirlər.

- Bəli, bu bizim üçün çox böyük qürur hissi idi. Təsəvvür edin, yad ölkədəyik hamımız birlikdə eyni məkandan “Qarabağ”ımıza dəstək oluruq. Hər kəs böyük həyəcanla oyunu izləyir və yenə də həmrəy olduğumuzu göstərirdik. Bundan başqa, bir neçə dəfə Azərbaycan filmlərini də yayımlamışdıq. Yeni dekor qurulsun, yenə də elə bir planımız var. Çünki, retro filmlərimiz var ki, çox gənc izləməyib və ya heç məlumatı yoxdur. Biz onu hər həftə təqdim edəcəyik ki, gənclik bunları da unutmasın.

Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Yəqin ki, Ankarada olan tələbələr üçün də çox xoş olar ki, həmin günü birlikdə qeyd etsinlər. Bununla bağlı nə düşünürsünüz?

- Planlarımız var təbii ki. İstəyirik ki, Yeni il axşamı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı başqa ölkədə həm mətbəx, həm musiqi baxımdan həmrəylik göstərək, canlı musiqimizin də olacağı bir məkana toplaşaq. Hər kəsi də dəvət edəcəyik. Sadəcə məkan problemi var. Keçirsək də həm səsə, həm də kiçikliyinə görə bu məkanda təşkil etməyəcəyik.
Bilirsiniz ki, Yeni ili Türkiyədə qeyd etmək bizim üçün bir az çətin olur. Çünki, türkiyəlilər bu bayramı demək olar ki, qeyd etmirlər...

Təbii, haqlısınız. Hər halda tələbələr sizdən bir şey gözləyəcəklər. Son olaraq burdan həmvətənlərimizə və gənclərə nə deyərdiniz?


- Hər kəsə uğurlar arzu edirəm. Hər zaman istədikləri işin arxasınca getsinlər. Çünki, istək və məqsəd olan yerdə nə isə xeyirli bir nəticə mütləq olur. Əgər yolları Ankaradan düşsə öz həmvətənlərinin məkanlarına gəlsinlər. Ankaradakı azərbaycanlıları isə kafemizə dəvət edirəm. Məncə, bizə ən böyük dəstək kafemizə gəlmələri olar.









Azadinform.az
Fidan Afər
Ankara


Xəbər 3666 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +