“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


25.10.2017  14:06 

İki şəhid atası, iki şəkil





A+  A-

O şəkil dünyanın ən bədbəxt insanının fotosudur. Sakitcə baxmaq olmur. 45 yaşı olar, ya olmaz, amma dünyanın ən yaşlı adamı kimi görünür. Üzündən hüzn, gözündən kədər, üst-başından kasıblıq, duruşundan fağırlıq, məzlumluq yağır.
O, şəhid atasıdır. 18 yaşlı yeganə oğlu səngərdə erməni gülləsinə tuş gəlib. O güllə bu atanın ürəyindən dəyib, dəlib, keçib, qəddini büküb, çırağını söndürüb.

Bu adam tam səmimi şəkildə oğluna dəyən güllənin özünə dəyməsini istərdi.

Bu şəkil şəhid atalarının ümumiləşdirilmiş obrazı ola bilər. Bundan bir neçə ay öncə fotokamera qarşısında belə dayanan, belə baxan daha bir şəhid atası vardı. Onların şəkillərini yanaşı qoysalar, sanarsan, eyni adamlardır. Sadəcə, onların dərdi birdir. Hər ikisini oğul dərdi bir-birinə bənzədir.



Valideynləri İraqda, Suriyada öldürülən azərbaycanlı yetimlərin halı bu insanların halından şükürlüdür. Onlara dövlət sahib çıxacaq, qollarından tutub bir yerə aparacaq. Amma bu adamlara daha heç kəs kömək edə bilməz - nə dövlət, nə cəmiyyət.

Onlara təsəlli vermək üçün “oğlun şəhidlik zirvəsinə ucalıb” deyirlər, “şəhidlər birbaşa cənnətə gedir” söyləyirlər, ancaq bu adamlara oğullarının yanlarında olması lazım idi, onlar (eləcə də başqaları) övladlarının hansısa zirvəyə ucalmasını, behişt guşəsinə düşməsini istəmirlər.

Nə yazıq ki, müharibə aparan ölkələrin hamısının qədəri budur. Gənc əsgərlərin ölümü müharibənin fitrətində var. Müharibələr onları udmaq üçündür.

Qarşı səngərdə saatlarla hövsələ və diqqətlə uzanıb gözləyən snayper barmağını tətiyə basanda bir gənci həyatdan qoparacağını, bir atanın qəddini bükəcəyini, bir ananı ömrü boyu gözüyaşlı qoyacağını düşünmür.

Onlar üçün nişangahda görünən şəxs sadəcə düşmən əsgəridir və düşmənlərin azalması lazımdır.

Bu hadisədən iki gün öncə səngərdə iki erməni əsgərinin güllələnməsi xəbərinə reaksiya verən bir sosial şəbəkə istifadəçisi yazmışdı ki, ölənlər düşmən olsa da, o, bu hadisəyə sevinmir, çünki erməni snayperlər də qisas alacaq.

Həmin adam humanizm prinsiplərindən çıxış etmişdi, amma başqa mövqedən yazanlar da vardı. Onlar da haqlı görünürdülər.

İllərdir ki, bu xüsusda daşdan keçən bir sual var: “Axı erməni əsgərinin Qarabağdakı səngərdə nə işi var ki, gülləyə də tuş gəlsin?”.

Elədir, Qarabağ səngərlərində üz-üzə duran, bir-birinə snayper tüfənginin nişangahından baxan erməni əsgərlə bizim əsgərin arasındakı fərq odur ki, bizimkilər öz dədə-baba yurdunu qoruyur, onlar isə başqa bir ölkənin ərazisinə gətiriliblər.

Ancaq bir iş də var ki, Qarabağa gətirilən əsgərlər könüllü deyillər, onlardan harda qulluq edəcəkləri barədə soruşan yoxdur, avtobuslara yığıb gətirir, səngərə doldurur, güllə qabağına verirlər. 1988-93-cü illər arasında bizə qarşı döyüşən ermənilərlə indikilərin əsas fərqi budur.

Hər iki tərəfdə bu cür boynubükük qalan atalar rus hiyləgərliyinin və erməni avantürasının əsərləridir. Əgər ermənilər 30 il əvvəl bu avantüraya, separatçılığa başlamasalar, bu faciələrin heç biri yaşanmazdı.

Hazırda səngərdə gülləyə tuş gəlib ölən 18 yaşlı əsgərlər 30 illik müharibənin qurbanlarıdır. Onlar doğulanda Qarabağ müharibəsinin 12-ci iliydi.

Bu o zamanlar idi ki, hər iki tərəfdə siyasilər, ziyalılar tez-tez deyirdilər: “Biz bu münaqişəni özümüz həll etməliyik, övladlarımıza miras buraxmamalıyıq”.

Ancaq olmadı, erməni maksimalizmi (“mütləq biz deyən olmalıdır”) Qarabağ konfliktini həll etməyə imkan vermədi.

Bir şey gün kimi aydındır ki, düşmən ard-arda zərbələr alıb özünə gəlməyincə Qarabağ məsələsində kompromis yolu axtarmayacaq, sona qədər dirəşəcək.

O zamana qədər bu cür fotoların ürək dağlaması halları çox olacaq. Nə yazıq ki, bu, qaçılmazdır.

Zaman yetişəndə, iki ölkə arasında ədalətli sülh bərqərar olanda, düşmənçiliyin nə qədər mənasız olduğu aydın olacaq. Amma o zaman heç kəs müharibə qurbanlarını geri qaytara, ataların bükülmüş bellərini dikəldə bilməyəcək.



Xalid KAZIMLI

Xəbər 4117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +