Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


06.10.2017  12:24 

Əli Həsənov: “Prezidentin sərəncamında sadalanan nöqsanlar aradan qaldırılmayıb“





A+  A-

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans başlayıb.
XəzərNews.az-ın məlumatına görə, konfransı açan MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu tədbirin hər kəs üçün mənəvi məsuliyyət məsələsi olan Ana dili ilə bağlı olduğunu söyləyib.

Konfransda çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin dövlət dilinin qorunması və inkişafı ilə bağlı fəaliyyətinə toxunub, dövlət başçısının bu istiqamətdə mühüm addımlar atdığı vurğulayıb. Ə. Həsənov Heydər Əliyevin də Azərbaycan dilinin qoruması və inkişafında misilsiz xidmətlərini qeyd edib: "Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir".

Ə. Həsənov qeyd edib ki, Azərbaycan dili hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib: "Lakin hesab edirəm ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusilə əlamətdar olub. Bircə onu qeyd etmək kifayətdir ki, onun prinsipial mövqeyi sayəsində Moskvanın etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib".

Ə. Həsənov Heydər Əliyevin 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladığını, 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinin qərara alındığını, Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər fərmanla isə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildiyini diqqətə çatdırıb.

Prezidentin köməkçisi qeyd edib ki, növbəti mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi olub.

"Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün prezident İlham Əliyev ardıcıl davam etdirir. Cənab prezident 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulamış, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib. Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün geniş tədbirlər həyata keçirir. Onun 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb", - deyə o bildirib.

Ə. Həsənov əlavə edib ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: "Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmır. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur.

Təəssüf ki, hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb. Ona görə də cənab prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib. Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli-mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik".

MTRŞ sədri Nuşirəvan Məhərrəmli çıxışında bildirib ki, hər bir xalqın formalaşmasında, təşəkkül tapmasında Ana dilinin böyük rolu var: "Müstəqillik illərində Ana dilinin inkişafı üçün əlverişli şərait yaranıb və biz bu şəraitdən istifadə etməliyik".

Mətbuat Şurasının sədri Əflatun Amaşov ənənəvi media ilə müqayisədə elektron mediada ədəbi dil normalarının daha çox pozulduğunu söyləyib, bunun qarşısının alınmasının zəruriliyini vurğulayıb.

Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov Azərbaycan dilinin normalarının yazıçı dili hesabına formalaşdığını nəzərə çatdırıb: "Bu gün müasir Azərbaycan ədəbi dilinin normalarını, inkişaf istiqamətlərini publisistika formalaşdırır. Ən çox səhv daha çox inkişaf edən sahələrdə olur. Digər tərəfdən, məişət dili televiziyaya gəlməlidir, buna ədəbi dildən kənarda baxmaq olmaz. Bu gün şifahi dil yazılı dilə təsir edir. Artıq keçən əsrin son onilliklərində olan yazı normativləri yoxdur. Bu gün daha çevik dil üslubu var, reportajın təsiri güclüdür. Bundan çəkinmək lazım deyil. Ancaq bununla yanaşı, düzgün yazılmaq problemi var. Bizdə elə sözlər yoxdur ki, yazılması və oxunması ilə bağlı problemlər olsun".

N. Cəfərov kütləvi sahə olan mətbuatda işçilərin hamısını peşəkar səviyyəyə gətirməyin çətin olduğunu qeyd edib: "Ancaq ədəbiyyatda, elmdə belə problem yoxdur. Yeri gəlmişkən, rəsmi mətbuatda ədəbi dil normalarına ciddi riayət olunur, çatışmazlıqlara nadir hallarda rast gəlinir. Ən çox problem isə vergüllərlə bağlıdır".

N. Cəfərov deyib ki, televiziya və radiolarda danışıq normalarını bilən diktorlar, aparıcılar olub və var: "Söhbət burada yalnız aparıcı və diktorlardan gedir. Verilişə dəvət olunanların necə danışmasına görə danışanların özləri məsuliyyət daşıyır. Verilişlərə əsasən müğənni və sənət adamları dəvət olunur. Amma nəzərə almaq lazımdır ki, həmin müğənni heç orta məktəbi düz-əməlli oxumayıb. Bəzən cümlədə beş söz olur, beşi də səhv tələffüz olunur. Verilişlərə müğənnilər dəvət olunsun, ancaq Ana dilini bilənlər də dəvət olunsun. Yeri gəlmişkən, normal və mənalı danışıq var. Biz hələ mənalı yox, normal danışıqdan danışırıq. Nitq mədəniyyəti təfəkkürlə bağlıdır. Təfəkkür mədəniyyəti qaydasındadırsa, nitqdə problem olmayacaq".

N. Məhərrəmli verilişlərə dəvət olunanların məişət, danışıq dilindən istifadə olunmasına qarşı çıxmadıqlarını söyləyib: "Biz sadəcə, diktor və aparıcıların ədəbi dil normalarını qorumasından, bununla da qızıl ortanın tapılmasından danışırıq".

Konfrans çıxışlarla davam edib.

Xəbər 967 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +