AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.10.2017  16:56 

Alim Qasımov QƏLBİNİ AÇDI: “60 yaşında aşiq olmaq çox təhlükəlidir” + VİDEO





A+  A-

“Öz səsimə, öz ifalarıma çox ağlamışam. Səsimdən təsirləndiyim anlar mənə muğamın incəliklərini öyrənməyə və özümü kəşf etməyə kömək edib. Bədahətən elə musiqi, elə gəzişmələr və elə boğazlar qarşına çıxır ki, məcburən onu öyrənirsən”.
XəzərNews.az bildirir ki, bu sözləri dünya şöhrətli muğam ustadı, Xalq artisti Alim Qasımov Publika.az-a verdiyi müsahibədə deyib.

- Alim bəy, sizi Azərbaycan muğamının canlı əfsanəsi adlandırırlar. Bu ad sizə hansı üstünlükləri qazandırıb?

- Bunu adətən musiqisevərlər və muğam həvəskarlarından eşidirəm. Yeni-yeni oxumağa başlayanda muğamın canlı əfsanəsi olmaq barədə düşünmürdüm, dinləyicilərin nə vaxtsa bu qərara gələcəyini də təsəvvür edə bilməzdim. Çünki başımı aşağı salıb hər zaman öz sənətimlə məşğul olmuşam.

- Hər halda sevildiyini hiss etmək hər kəsin xoşuna gələr.

- Əlbəttə, gördüyün işə dəyər verilməsi yaradıcı insanları xüsusilə sevindirir. Eyni zamanda o sevincin içində məsuliyyət hiss edirsən. Məsuliyyət isə insanı həmişə gərginlikdə saxlayır.

- Ucaldıqca özünüzə qoyduğunuz məhdudiyyətlərin sayı artır, yoxsa azalır?

- Məsuliyyət abırlı, ağıllı olmağa məcbur edir. Əlbəttə ki, özümə qoyduğum qadağalar artır.

- Bu yaxınlarda Prezident İlham Əliyev 60 yaşınızın tamam olması münasibətilə sizi “Şərəf” ordeni ilə təltif etdi. Bu xəbəri eşidəndə nə hisslər keçirdiniz?

- Hər çıxışımda tamaşaçıların rəğbətini və sevgisini hiss etmişəm. Adi xoş söz deyəndə insan nə qədər fərəhlənir. Odur ki, xəbər çox gözlənilməz olmadı. “Şərəf ordeni” aldığımı birinci dostumdan eşitdim, zəng vurub təbrik etdi. Sonra mən də evdəkiləri təbrik etdim və “Sizin sevimli xanəndənizə cənab prezident ad verib” dedim.
Ölkəmizin prezidenti cənab İlham Əliyevin “Şərəf” ordeni ilə təltif etməsi məni çox qürurlandırdı. Ümumiyyətlə, cənab İlham Əliyev sənət adamlarına hər zaman diqqət göstərir, o cümlədən xanımı və birinci vitse-prezident Mehriban Əliyeva yaradıcı insanlara həm mənəvi, həm də maddi baxımdan dəstək olur.

- Yəqin ki, yerinizdə olmaq istəyənlər, yerinizə göz dikənlər çoxdur.

- Bu yer vəzifə filan deyil ki, Allahın qisməti, zəhmət və xalqın məhəbbətilə qazanılmış uğurdur.

- Tez-tez həyatınızın təsadüflərlə dolu olduğunu deyirsiniz. Bu təsadüflər sizi yormayıb ki? Təsadüflər arasında yaxşıları çoxdur, ya pisləri?

- Qarşılaşdığım təsdüfləri əvvəlcə pis sanmışam, lakin zamanla anladım ki, əslində onlar yaxşılığıma doğru baş verib. Həmçinin yaxşı zənn etdiyim təsadüflərdə də yanıldığım məqamlar olub.

- Müsahibələrinizdə dünya malında gözünüz olmaması haqqında danışmısınız. Bəs bunu necə bacarmısınız? Bu qədər məşhur olduğunuz halda necə belə sadə və təvazökar qala bilmisiniz? Nəfsinizə necə qalib gəlmisiniz?

- Dünya malına göz dikməmək cihaddır. Cihad hamıya lazımdır. O, həm ailədə, həm də həyatın hər anında var. Odur ki, tamahımızla daim mübarizdə olmalıyıq, vuruşmalıyıq. Qalib gəldiyimi demək olmaz, amma təslim də olmamışam.

- Günahlarınız çoxdur, yoxsa pulunuz?

- (Fikrə gedir) Eynidir, nə günahlarım, nə pulum çox deyil.

- Amma çox düşündünüz.

- Çalışıram ki, hər ikisini tənzimləyim.

- Alim müəllim, ömrünüzün 60-cı ilinə qədəm qoyursuz. İnsan 60 yaşında da gəncliyindəki kimi sevir?

- Bu iki sevgi arasında fərq ola bilər. Çünki gəncliyində çərçivədən kənara çıxırsan, lakin bu yaşda sevgini qəlbində saxlaya bilərsən, cilov sənin əllərindədir. Yaşa dolanda artıq ürəyin ağılla yola getməyi bacarır.
Əlbəttə ki, 60 yaşında da vurulmaq olar. Lakin bu, çox təhlükəli haldır, sonun biabırcasına bitmə ehtimalı yüksəkdir. Cavanlıqda hər şeyi keçmək olar, hərəkətləri nizama da sala bilərsən. Yaşlandıqda nizam üçün vaxt yoxdur.

- Yaşlı kişi gənc qadına vurulubsa, bunun günahı qadının gözəlliyindədir, ya kişinin gözlərində?

- Əlbəttə ki, kişinin gözlərində.

- Gələcək üçün, yoxsa keçmiş üçün daha çox darıxırsınız?

- Keçmişdə çox zülm çəkmişəm, onun üçün darıxmıram. Yalnız səsim üçün darıxıram ki, vaxtında düzgün istifdə edə bilməmişəm, gücünü hiss eləməmişəm. İnşallah gələcəkdə işlərimiz daha rahat olar.

- Geriyə çevrilib baxanda ən çox nəyə peşman olursunuz?

- Sonrakı peşmançılıq fayda vermir. Əgər Allaha inanırıqsa, deməli, həyat belə də olmalı idi. Həyatımı fikirləşib yazmamışam, alın yazımda yazılanları yaşamışam.

- Qocalmaq sizin üçün qorxulu deyil ki?

- Qocalmaqdan yox, amma hərəkətsizlikdən qorxuram.

- Deyirlər ki, qadınlar sevildiyini hiss edənə qədər cavan qalır, bəs kişilər?

- Öz sağlamlığına diqqət edən kişilər gec qocalır. Kişilər istəyər ki, daim hərəkətdə olsunlar.

- Sərt və inadcıl xarakterə malik insan olduğunuzu deyirlər. Bu, həqiqətən belədir?

- Əksinə məni yumşaq xasiyyətli olduğuma görə danlayırlar. İnadcıl olsam da, sərt ola bilmərəm, istəsəm də bacarmıram. Çalışıram ki, özüm kimi olum. Çünki mənə belə daha rahatdır.

- Həyat yoldaşınızı çox incitmisiniz? Səhvinizi anlayanda üzr istəyirsiniz, ya o, sizi üzrsüz-filansız bağışlayacaq qədər böyük ürəyə malikdir?

- Qanunların hökm sürdüyü ailə möhkəm ola bilməz. Ailədə qadınla kişi gözləməməlidir ki, biri o birindən üzr istəsin. Bu, ərköyünlükdür. Biz artıq kotana qoşulmuş iki öküzük. Arabanı o biri dünyaya gedənə qədər gücümüz çatdığı qədər yumşaq yerdən sürüməliyik ki, yükü axıra qədər darta bilək. Olanlar da keçmişdə qalıb.
“Dəli olub bu dəniz
Bir adadır sevgimiz
həryanı xatirədir”.

- Sevgi nə zaman hər yanı xatirələrlə dolu adaya çevrilir?

- Bitəndə. Ayrılıq yaşananları xatirəyə çevirir.

- Həyatınızda xatirəyə çevrilən sevgi olub?

- Keçmiş klassiklərdən oxuduğumuza görə, bizim nəsil belə sözlərlə yaşaya bilmir. Bu misralar “Xatirədir” mahnısındandır, məncə ondan gənclər daha çox zövq alar.
Məsələn, Məhəmməd Füzulinin “Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim! Eylədin mərdümə nəm olduğun izhar mənim” qəzəlinə oxunan muğan ruhuma daha yaxındır, nəinki “Xatirədir” mahnısı.
İrana gedəndə hamı deyirdi ki, “Xatirədir”i oxuyum. Mat-məəttəl qaldım ki, illərdir özümü zil pərdələrdə öldürürəm, heç deyən olmadı ki, “Sənə əhsən”, amma bəm səslə zümzümə etdiyim mahnı bu qədər bəyənildi...

- Olubmu ki, muğam ifa edəndə sözləri unutmusunuz?

- Ooo qədər. Bir dəfə konsertdə sözlər yadımdan çıxdı, bir sözü on dəfə təkrarladım ki, yadıma düşsün.

- Müəyyən yaşdan sonra “Leyli və Məcnun” operasında Məcnun və Leyli rolunu oynamaq düzgündür?

- Əgər səs yerindədirsə, parlaqdırsa, niyə də yox.

- Bəzən tamaşaçılar şikayətlənir ki, yaşlı xanəndələri Məcnun obrazında görə bilmirlər. “Həmin rolları cavanlar oynasa, daha yaxşı olar” deyə düşünənlər də var.

- Tamaşaçılar özü bilər. Rəhmətlik Rübabə Muradova yaşlı olanda Leylini oynasaydı, mən ona qulaq asıb kövrələrdim. Oxumaqdan asıldır. Cavan quru oxuyurusa, onun ifası kimə lazımdır? Səsdə eşq olmalıdır.

- Peşəmizi sevsək də, hər insanın istirahətə ehtiyacı olur. Maraqlıdır, siz muğamdan savayı nə ilə məşğul olmağı sevirsiniz?

- Əksinə, başım başqa işə qarışanda, musiqisiz qalanda darıxıram. Səfərlərə getməzdən əvvəl musiqiçilərlə birlikdə yığışıb məşq edirik. Səfərlər gec-gec olanda muğamdan ayrı düşürəm.

- Muğam insanlarda reallıq hissini itirir deyirlər, sanki başqa bir aləmə kökləyir. Sizcə, burada reallıqdan ayrılan xanəndədir, yoxsa dinləyici?

- Əgər musiqiçi özü həmin aləmə köklənə bilməsə, dinləyici heç vaxt o hissi ala bilməyəcək. Əsas odur ki, yaradıcı insan özü o hala düşsün və enerjisini hər kəsə ötürə bilsin.

- Bu, sizdə necə alınır? Vergi demək olar?

- Allahın qismətidir. Çox maraqlıdır ki, ustadlarımdan hal və eşq, xanəndənin insana təsir etməsi ilə bağlı dərs almamışam. Amma onların içində o eşqi hərdən hiss etmişəm. Zamanla konsertlərdə, tədbirlərdə və toylarda püxtələşərək səsimlə insanlara təsir etmək qabiliyyətimi inkişaf etdirmişəm. Hansı ifaların dinləyiciyə necə və nə cür təsir etdiyini çox çətinliklə tapmışam. Beləliklə də musiqi mənim üçün zikr mənbəyinə çevrilib. Zikr edəndə görürəm ki, artıq musiqiçilər də muğamın təsirinə düşüblər və ondan sonra kef başlayır da!

- Allaha olan sevginiz sizi muğama gətirib, ya muğama olan sevginiz sizi dinə bağlayıb?

- Xaricə gedəndə dostlarım “Nə etdin ki, sənin ifandan sonra qəlbimizdə Allah sevgisini, inam hissini oyada bildin?”, - deyə soruşurlar. Halbuki, burada sözlər o qədər də rol oynamır, sözün təsir qüvvəsi musiqidən zəifdir. Sözü öz içimdə ayrı bir şəklə salıb qarışdırıb təqdim edirəm. Şairlərimizin yazdığı şeirlər hər zaman ilahiyyata aparmır. Hesab edirəm ki, ilahiyyata musiqi ilə getmişik, musiqi olmasaydı, Allahı dərk edə bilməzdik, sevgi və mərhəmət hissindən məhrum olardıq. Muğam bizi ilahi eşqə tərbiyə edir.

- Yəqin, elə bir insan tapılmaz ki, Alim bəyin ecazkar səsini dinlədikdən sonra gözü dolmasın, ağlamasın... Bəs sizi kimin ifası ağladıb?

- Öz səsimə, öz ifalarıma çox ağlamışam. Səsimdən təsirləndiyim anlar çox olub, bu da mənə muğamın incəliklərini öyrənməyə və özümü kəşf etməyə kömək edib. Bədahətən elə musiqi, elə gəzişmələr və elə boğazlar qarşına çıxır ki, məcburən onu öyrənirsən.
Keçmiş və yeni ifaçıları da dinləməyi sevirəm, onlardan enerji alıram. Gör-götür dünyasıdır, onu da unutmaq olmaz ki, sənət zəhmət və özünəməxsuluğu sevir. Sənətin adı elə öyrənmək deməkdir.

- Siz muğamın bütün sirlərinə yiyələnmisiniz?

- Bizim ustadlar muğamı Xəzər dənizinə bənzədərdi, deyərdilər ki, bu dəryadan kimi bir çay qaşığı, kimisi də bir xörək qaşığı götürə bilir.

- Nə qədər ala bilmisiniz?

- Hələ ki barmaqlarımı islatmışam.

- Sənətçi öz işi ilə insanları təccübləndirməyi bacarmalıdır, ya düşündürməyi? Bunlardan hansı daha vacibdir?


- Təəccüb varsa, düşünmək də var. İkisini bir-birindən fərqləndirmirəm. Təəccüblənmədiyin mahnı haqqında niyə düşünəsən ki? Bizim sənətdə ikisi də vacibdir.

- Nəvələrinizin muğama marağı necədir?

- Əvvəllər vəziyyət qəliz idi. Biri türk mahnısı, biri ərəb, biri rep, biri rok, biri pop, biri caz oxuyardu. Heç nə demirdim, sadəcə hərdən muğama da qulaq asmağı və oxumağı məsləhət görürdüm. Əvvəlcə çətinlik çəkirdilər, indi yavaş-yavaş öyrəşirlər. Rep deyənlərlə və digər janrlarda ifa edən müğənnilərlə bir-iki ağız duet oxumağım onlarda muğama maraq yaratdı.

- Yəni muğamın musiqinin bir çox sahəsi ilə sintezinə müsbət yanaşırsınız?

- Göyərçini tutanda onun qabağına dən atırsan ki, yüyürüb tuta biləsən. Muğamın digər janrla sintezi də gəncləri tələyə salmaq üçün bir vasitədir. Özüm də şahidi olmuşam ki, belə sintezlərin sayəsində gənclərdə muğama maraq artıb.

- Bilirik ki, Azərbaycan muğamının tanıdılmasında, yeni-yeni istedadların ortaya çıxmasında muğam müsabiqələrinin rolu çox böyükdür və ölkəmizdə muğam müsabiqələrinə xüsusi diqqət göstərilir. Müsabiqələri izləyirsiniz və orada obyektivlik sizi qane edirmi?

- İzləməyə vaxtım olmur. İzləyicilərin seçiminə qarışmıram, seçim azadlıq deməkdir. Deməyə ixtiyarım yoxdur ki, niyə onu seçmisən? Bəyənsəm, nə olacaq, bəyənməsəm, nə? Axı heç bir rolum yoxdur. Bu müsabiqələrin müsbət tərəfləri çoxdur. Cavanlar həvəs göstərir, muğamı yaşadırlar. Hər halda iştirakçılar arasından bir layiqlisi çıxsa, bəsdir. 10 müsabiqədən bir şəxsin fərqlənməsi böyük şeydir.

- Vokal təcrübəsi olmayan orta yaşlı biri muğamı öyrənə bilər?

- Muğamı hər yaşda öyrənmək olar. Nə dərəcədə uğurlu alınması həmin insanın özündən asılıdır.

- Xoş söhbət üçün təşəkkür edirəm.

- Siz sağ olun.

Haşiyə:

- Bəlkə bizim üçün nə isə ifa edəsiniz.

Alim Qasımov:
- Mümkün deyil (gülürük).

- Başa düşürəm ki, bu şəraitdə oxumaq düzgün deyil, amma canlı-canlı sizi dinləmək bizə zövq verərdi.

- Yaxşı...



Xəbər 3476 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +