Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


28.08.2017  13:37 

“Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu” – ELMİ ARAŞDIRMA





A+  A-

Bakı Dövlət Universiteti (BDU) Hüquq Fakültəsinin III kurs tələbəsi Sənəm Mustafayeva “Dünyəvi və islam ölkələrində müsəlman qadınların hüquqi statusu” mövzusunda elmi məqalə yazıb.
BDU-nun Tələbə Hüquq Jurnalında dərc olunan məqalədə İslamda əks olunan qadın hüquqları ilə islam ölkələrində mövcud olan qadın hüquqlarının müqayisəsinə, dünyəvi ölkələrdə müsəlman qadınlara “dünyəvilik” prinsipinin şamil edilməməsi məsələsinə yer verilib, həm müsəlman, həm də dünyəvi ölkələrin nümunəsində ətraflı araşdırma aparılıb.
XəzərNews.az “Giriş”, 4 fəsil, “Nəticə”dən ibarət olan məqaləni diqqətinizə hissə-hissə təqdim edir. Bu gün həmin məqalənin II hissəsi təqdim olunur:

II HİSSƏ: Müasir dövrdə İslam hüququnun tətbiqi və bu ölkələrdə qadınların vəziyyəti

Ümumiyyətlə, müsəlman qadınının evolyusiyasını dörd mərhələyə bölmək olar: birinci - Məhəmməd peyğəmbər (s.ə.s) vaxtından əməvilərin hökmranlığına qədərki dövr; ikinci - əməvilərdən türklərə qədərki dövr; üçüncü – türklərin hakimiyyətinin dövrü; dördüncü – qadının tamamilə nüfuzdan düşməsi dövrüdür. (17)
Müsəlman hüququ digər hüquq sistemləri kimi özündə ehkam qaydalar hesab olunan normaları əks etdirir ki, bu normaların tətbiqi hər bir müsəlman fərd – həm fiziki şəxslər, həm də müsəlman dövlətləri üçün zəruridir. Bəzi fikirlərə görə, müsəlman hüququ müstəqil elm sahəsi deyil, İslam dininin bir qolu kimi çıxış edir. (18) Hər bir halda, dövlətin konstitusiyasında rəsmi din olaraq İslam dini göstərilmişdirsə, həmin subyekt şəriət qaydalarını düzgün tətbiq etməlidir. Lakin Feminizmin iri addımlarla irəlilədiyi; mədəni ölkələrin ictimai təşkilatlarının, görkəmli xadimlərinin qadının vəziyyəti haqqında düşündüyü; nəhayət, əsrlərlə qadının qula çevrilməsinin ədalətsizliyinin dərk edilməsi və nəticədə Avropa və Amerikada qadın hüquqları gündən-günə genişlənib kişilərin haqları ilə bərabərləşməyə doğru inkişaf etdiyi bir zamanda Asiya və Afrikada milyonlarla müsəlman qadın ən primitiv insan hüquqlarından məhrumdur. (19) Müsəlman ölkələri ya müasirliyə çata bilmir, ya da İslamı dərk etmir. İslam orta əsrlərdə müasirlik carçısı kimi tanınmış, əsrlər boyunca bu cür davam etmişdirsə, niyə hal-hazırda bu belə deyil? Müsəlman xalqları İslam sayəsində sivilizasiya yaratmış, bu sivilizasiyadan qeyri-müsəlman xalqları da bəhrələnib inkişaf etmişlər. Lakin XVIII əsrdə İslam mədəniyyətinin inkişaf surəti aşağı düşmüş, müsəlman xalqlarının tərəqqi baxımından geriləməsi müşahidə olunmuşdur. (20) Burada yaranan
problem İslam dini ilə bağlı deyil. Bunu sübut etmək üçün bəzi İslam ölkələrində olan hüquqi vəziyyətin nəzərdən keçirilməsi məqsədəmüvafiq olardı.

A. Səudiyyə Ərəbistanında qadınların hüquqi vəziyyəti

Bir sıra fikirlərə görə, dünyanın heç bir yerində qadınlar Səudiyyə Ərəbistanında olduğu kimi qəribə həyat tərzi sürmürlər. Səudiyyə kişiləri qadınları “baxımlı mirvari və gizli xəzinə” adlandırsalar belə, onlara ikinci təbəqə kimi davranmağa davam edirlər. Qadın hüquqlarının qorunması məsələsi hər bir dövrdə önəm kəsb etsə də, Səudiyyə dövlətində bu məsələ kiçik bir yeri əhatə edir və ölkədə ən çox mübahisə olunan, buna baxmayaraq qaranlıq qalan mövzulardan biridir. Neçə yaşında olursa olsun, burada yaşayan qadınlar mütləq müəyyən bir kişinin himayəsində olmalıdırlar. Qadınlar qanuni nümayəndənin razılığı ilə məktəbə gedir və işləyirlər. Əks təqdirdə qadın nümayəndənin istəyinə uyğun olaraq işləmək hüququndan məhrum ola bilər. İslam qadınlar üçün iqtisadi müstəqillik nəzərdə tutursa belə, Səudiyyədə qadınlar nikah münasibətlərinə daxil olduqda bu müstəqilliyi icra edə bilmirlər. 2011-ci ildə Kral Abdullah qadınların seçki hüququnu və kral qarşısında mövcud olan orqanlarda çıxış edə biləcəklərini elan etmişdi. (21) Son dövrlərdə bu dövlətdə qadınlara şəxsiyyəti təsdiq edən sənəd əldə etmək hüququ verilmişdir. (22) Amma bu hüquq mütləq xarakter daşımır, çünki qanuni nümayəndə qadının şəxsiyyətini təsdiq edən sənədi almaq hüququnu məhdudlaşdırır. Daha dəqiq desək, bu qadınların varlığının tək hüquqi sübutu adlarının həyat yoldaşlarının şəxsiyyət vəsiqəsində əksini tapmasıdır. Boşanma zamanı onun adı atasının, əgər sağ deyilsə, qardaşının, qardaşı yoxdursa, onu az-çox tanıyan ən yaxın kişi qohumunun şəxsiyyətini təsdiq edən sənədində qeyd olunmalıdır. Bir riyad tərcüməçisinin fikrincə, qadınlar onları hər an təqib edən birisi olduğu müddət ərzində fikirlərini azad bir şəkildə ifadə edə bilməzlər. O qeyd edir ki, qadınların öz hüquqlarına malik olması üçün ilk addım, şəxsiyyəti təsdiq edən sənədə malik olmaqdır. Bunun ardınca başqa mərhələlər də gələcəkdir. Müsəlman qadınların gələcəyi üçün yaşanacaq çox şey hələ yaşanmamışdır. (23)

B. İran İslam Respublikasında qadınların hüquqi vəziyyəti

İran qadınları seçki hüququ ilə hələ şahlıq dövründə ikən 1963-cü ildə təmin olunmuşdular. 1979-cu ildə baş verən inqilabdan sonra yaranan vəziyyət isə əvvəlki ilə eyniyyət təşkil etmirdi. İnqilab dövründə və ondan öncə qadınların dəstəyini qazanmaq üçün Xomeyni qadın hüquq və azadlıqlarına münasibətdə feminist vədlərlə çıxış edirdi və bunlardan bir neçəsini həyata keçirmişdi. O, kənd yerlərindəki qadınların ali təhsil almasında, parlamentdə iştirak etmək hüquqlarının təmin olunmasında böyük rol oynamışdır. (24) Müasir İran İslam Respublikası özünü demokratiyanın əsas götürüldüyü teokratik dövlət kimi görür və Konstitusiyasının demokratik niyyətləri əks etdirdiyini iddia edir. Ancaq İran Konstitusiyasına diqqətlə nəzər saldıqda, bu demokratiyada qadın hüquqlarının müdafiəsi sahəsində bir sıra qüsurların olduğunu görmək olur. (25)
Hal-hazırda İranda qadın hüquqları həm artır, həm azalır. (26) 1979-cu ildən bu yana, İranda qadınlara qarşı ayrı-seçkilik nəzərdə tutan ailə qanunvericiliyinin dəyişdirilməsi üçün güclü sosial təzyiq vardır. İranda demoqrafik vəziyyət onu göstərir ki, əhalinin 70%-i 30 yaşa qədərdir və onlar
daha çox azadlıq tələb edir. Belə olduqda bəzi suallar yaranır. Əgər bərabərlik və ədalətlilik İslamda və Şəriətdə həqiqi dəyərlərdirsə, niyə bu dəyərlər qadınları ikinci planda görən və kişilərin hakimiyyəti altına salan İran ailə qanunvericiliyinə yansımamışdır? Nəticə etibarilə, İranda formalaşan feminist qrup daha çox azadlıq tələb edir. Bu feminist hərəkatı tələb edir ki, İran üzv olduğu beynəlxalq insan hüquqlarına dair konvensiyaların, beynəlxalq müqavilələrin tətbiqini sistemli şəkildə həyata keçirsin. Quranı düzgün şəkildə təfsir etmək və dövlətin beynəlxalq arenada öz öhdəliklərini həyata keçirməsi İranda qadınlar üçün ümid yeri kimi görünür. (27) Lakin dövlət içindəki bu qrup elə başa düşür ki, dövlətlə dinin ayrılması qadın və ailə hüququ baxımından doğru yoldur. Amma problem hər zamankı kimi islam hüquq normalarının tətbiqində öz əksini tapır. İqtidardakı din xadimləri Quranın “ailədə patriarxal quruluş” formasında təfsirini və qanunlara bu formada tərcümə olunmasını təsdiqləməyə davam edərkən, İranda Quranın daha dinamik bir şəkildə təfsir olunmasını diqqətə alan bir hərəkat var. Bu cür təfsir qadın hüquqlarını qanun yolu ilə genişlədəcək və onları qoruyacaqdır. Sadəcə XX əsrdə Şəriətə ani geri dönüş kişilərə hədsiz hüquqlar və hakimiyyət verdiyi üçün qadınlar onların hakimiyyəti altına düşdülər. Hər xırda səbəbdən kişilər onları boşadıqda sual yaranırdı ki, Şəriət beləmi deyir? (28) Nəticədə, qadınlar arasında bu cür müxalif qruplar meydana gəlir və onlar müsəlmançılığa və ya İrana xəyanət etmiş kimi qələmə verilir, ya da onlara Qərb tərəfdarı kimi baxılırdı. Bir çox araşdırma göstərir ki, kişilərin qazandığı bu qeyri-məhdud hakimiyyət (boşanmalar, poliqamiya) Quran və yaxud Allah tərəfindən onlara yazılı olaraq yox, sadəcə müsəlman hüquqşünaslar (29) və din xadimləri tərəfindən verilmişdir. Hal-hazırda Qurani Kərimin düzgün təfsirinə diqqət edən İran feministləri onun bərabərlik mesajını uğurla meydana çıxarmışlar. (30) Bu cür davam etdikləri təqdirdə, İranda qadın hüquqlarının məhz İslam yolu ilə müdafiəsinə həqiqi bir ümid vardır.

C. İraqda qadınların hüquqi vəziyyəti

XXI əsrin əvvəllərində İraq qadınlarının statusunu müharibələr, məzhəb düşmənçiliyi, islam hüququ ilə İraq Konstitusiyası arasındakı mübahisələr, adət-ənənə ilə müasir yaşam tərzi arasında yaranan fərqlər müəyyən edir. İraq qadınlarına ən çox təsir göstərən amil məhz müharibə olmuşdur. 2003-cü ildə Amerika və İngiltərə ordusu ölkəyə daxil olduqda, başlayan müharibə vəziyyəti pisləşdirmiş, insan hüquqları kontekstində qadın hüquqlarını ümumən yerlə bir etmişdi. Kişilər bir qayda olaraq, döyüşçü kimi şəhid olurdusa, qadınlar həm cəmiyyətdə, həm də ailə daxilində zorakılıq, cinsi istismar və bir sıra təqiblərə məruz qalırdılar. Bəzi bölgələrdə hələ də qalmaqdadırlar. Əsgərlər tərəfindən bədbəxt edilmiş qadınlara sonradan öz ailəsi və qohumları təzyiqlər göstərir, onları öldürür, ya da intihara sövq edirlər. (31)
2005-ci il 15 oktyabr tarixində keçirilən referendumda (32) İraq Konstitusiyasına kişi və qadın bərabərliyini nəzərdə tutan 14-cü maddə əlavə olundu, lakin praktik cəhətdən bunun tətbiqinə rast gəlinmədiyi göz önündədir. (33) İraqda qadınlar ən adi hüquqlara belə malik deyillər. Məsələn, qadınlar ölkədə nəqliyyat vasitəsi kimi avtomobildən birbaşa istifadə edə bilməzlər. Bu ümumi vəziyyət Əl-Qaidə təşkilatının qadınlardan kamikadze kimi istifadə etməsinə şərait yaradır. Belə qadınların məqsədi sadəcə uğradıqları haqsızlıqlara görə intiqam almaqdır. (34) İraqda müəyyən yerlərdə əski qəbilə adətləri qaldığı üçün namusu təmizləmək adına cinayətlər hədsiz çoxdur. Hətta İraq qanunvericiliyi cinayətin tərkibində namus zəmini olduqda, bunu yüngülləşdirici hal kimi nəzərə alır. Əgər cinayət bu zəmində törədilibsə, sanksiya sadəcə 6 aylıq azadlıqdan məhrum etmə cəzasından ibarət olur. (35) İraq qanunvericiliyi 2002-ci ildə namus cinayətlərini kriminallaşdırmış olsa da, bu günlərdə həmin normanın tətbiqindən bəhs oluna bilməz. (36) BMT Əhali Fondunun (UNFPA) 2012-ci il göstəricilərinə əsasən, İraq Kürdüstanında hər il 5000 qadın namus adı altında öldürülür. Həmin ərazidə 1991-2002-ci illər arasında 446, 1999-2000-ci illərdə isə 155 qadın bu cinayətin qurbanı olmuşdur. (37) Bir çox qadın bu təhlükəyə dözə bilmir və cinayət qurbanı olmaqdansa, intiharı seçir. 2007-ci il aprel ayının 7-də Mosul şəhəri yaxınlığında yerləşən Bəhzani ərazisində 17 yaşlı Doa Xəlil Asvadın öz kişi qohumları tərəfindən geniş kütlə qarşısında daşqalaq edilməsinin səbəbi sevgi idi. Buna görə də bir çox qadın başına gələcəkləri bilir və nisbətən “asan” ölümü seçir. Hawlati qəzetinə görə, 2011-ci ildə Süleymaniyyə və Duhokda 76 qadın eyni səbəbdən intihar etmişdir. (38) Səudiyyə Ərəbistanında olduğu kimi, burada da qadınların xarici pasport
almaq məsələsi müstəqil çərçivədə həyata keçirilmir. İraq Xarici İşlər Nazirliyinin müvafiq bölməsi tərəfindən qadının öz yaxın kişi qohumlarının birindən icazə alması əsas tədbir kimi götürülür. (39) Əks mövqenin nümayəndələri tərəfindən hədəf olmalarına baxmayaraq, ölkədə qadın hüquqlarını qorumağa çalışan bir sıra feminist qruplar, (40) şiddətə və ölüm təhdidi ilə üz-üzə qalan qadınlara köməklik göstərən sığınacaqlar və qadın cəmiyyətləri də vardır. (41) Bir sıra iraqlı maarifçilər Konstitusiyanın İslam qaydalarına zidd olmayan qərarlar qəbul etməsinə qadın hüquqlarını yox edən ünsür kimi baxsalar da, 42 bir çox müsəlman ölkəsində olduğu kimi İraqda da reformistlər şəriəti dünyəviliyə dəyişmək cəhdlərini artıq tərk ediblər. Bunun əksinə, qadın hüquqlarını İslami formada insanlara təlqin etməyə çalışırlar. (43)

D. Pakistanda qadınların hüquqi vəziyyəti


Pakistan Konstitusiyasının 2-ci maddəsinə əsasən, dövlətin rəsmi dini İslam dinidir. 25-ci maddədə isə bütün vətəndaşların qanun və məhkəmə qarşısında bərabərlik hüququ göstərilmişdir. Konstitusiyaya görə, cinslər arasında hər hansı bir ayrı-seçkiliyə yol verilməsi qadağandır. (44) Lakin normanın nə dərəcədə tətbiq olunduğu sual altındadır. Pakistanda bölgələr üzrə qadınların vəziyyəti fərqlidir. Müasir dövrdə qadınların əldə etdiyi iqtisadi və siyasi hüquqlar böyük şəhərlərlə məhdudlaşır. Taliban qaydaları əsas götürülən kənar bölgələrdə isə qızlar məktəblərə göndərilmir. Təhsil hüququ olub, bunu icra edə bilməyən qızlar öz hüquqlarını bilmədiyindən hər cür istismara dözürlər.45 Şəhərətrafı yerlərdə olan qadınlar, əsasən kiçik qızlar, ticarət obyekti kimi ailələr arasında satılır və onların yaşama hüquqları demək olar ki, müdafiə olunmur. (46) Kiçik yaşda ərə verilən qadınlar ən adi bir hərəkətində kimyəvi turşular vasitəsilə yaralanır, kor edilir. Nəticədə onlar ya şikəst qalır, ya da ağır dərəcəli yanıq səbəbi ilə vəfat edirlər. (47) Bir sıra cinayətlər birbaşa olaraq qadınların şəxsi toxunulmazlıq hüququnun pozulmasına yönəlir. Bunların içində ən geniş yayılanı cinsi təzyiqlərdir. Pakistan İnsan Hüquqları Komissiyası təsdiq etmişdir ki, bu ölkədə “təqsirsizlik prezumpsiyası” prinsipi yalnız kişilərin törətdiyi qeyri-hüquqi əməllərə şamil olunur. Qadınlara isə yalnız “təqsirlilik prezumpsiyası” prinsipi tətbiq edilir və onlar kişilərin törətdiyi cinayətlərin qurbanı olsalar da, təqsirli mövqeyinə düşürlər. Bunun səbəbi İslam normalarını təhrif edərək, sadəcə kişilər üçün “humanist” normalar nəzərdə tutan Hüdud qaydalarıdır. (48) İnsan Hüquqları Komissiyasının təsdiqlədiyi statistikaya görə Pakistanda hər 3 saatdan bir cinsi istismar, zorlama halları baş verir. (49) Burada qadınlara qarşı törədilən cinayətlərə namus donu geydirilir, lakin məqsəd sadəcə mülk, pul əldə etməkdir. (50) Ziddiyyət burasındadır ki, maddi məqsədlərlə törədilən cinayətlərin qurbanları məhz aşağı təbəqənin qadınlarıdır. Bəzi qəribə hallar isə təkcə yüksək təbəqəyə aid qadınlar üçün vəziyyəti gərginləşdirir. (51) İraqla yaxın cəhəti ondan ibarətdir ki, burada da namus cinayətləri adı altında minlərlə qadın qətlə yetirilmişdir. Buna adi bir səbəb kimi qadının öz seçimi ilə evlənmək istəməsi göstərilir. (52) Bu baxımdan, ilk dəfə qadınları qorumaq adına 2006-cı ildə Pərviz Müşərrəf tərəfindən “Qadınların Müdafiəsinə dair” qanun qəbul edilmişdir. (53)
Təbəssüm Adnan ilk dəfə “Cərgə” (54) adlanan konsensus üsulunu irəli sürərək qadınların məruz qaldığı cinayətlərə görə təqsirli şəxslərin mühakimə olunmasına nail oldu. Bu üsula rəğbət göstərənlərlə yanaşı (kişilər belə), onu təkzib edənlər də var. İnsan Hüquqları üzrə aktivistlərdən olan Tahirə Abdullah bu üsulu hiylədən fərqli görmədiyini söyləsə də, Pakistan qadınları üçün “cərgə” ədalət naminə bir ümiddir. (55)
Federal Şəriət Məhkəməsi kimi yuxarı instansiya orqanları Pakistan qanunvericiliyinə aid normaların İslama zidd olduğunu elan etmişdir. Hüdud qaydaları və insan hüquqları haqqında olan qanunlar redaktə olunduğu təqdirdə, Pakistandakı vəziyyətin beynəlxalq standartlara uyğun olacağı gözlənilir. (56)

İstifadə olunmuş ədəbiyyat:
17. Süleymanlı, yuxarıda istinad 3, 66.
18. Mönsümova, yuxarıda istinad 14, 114.
19. Süleymanlı, yuxarıda istinad 3, 51.
20. Əli İzzətbəyoviç, İslam və müasirlik (Tərcümə: A. Mehdiyev), 3 (1997).
21. Saudi Arabia: Women Can Vote, Starting in 2015, (2011), http://www.pbs.org/newshour/rundown/saudi-arabia-women-vote/ (son dəfə ziyarət olunub: 6 Aprel, 2017).
22. The Women of Islam, Sunday, (2001), http://content.time.com/time/world/article/0,8599,185647-1,00.html (son dəfə ziyarət olunub: 6 Aprel, 2017).
23. Yenə orada.
24. Susan W. Tiefenbrun, The Semiotics of Women’s Human Rights in Iran, Paper No. 975512, TJSL Legal Studies Research, 7, (2007).
25. Yenə orada, 16.
26. Yenə orada, 114.
27. Yenə orada, 115.
28. Yenə orada, 116.
29. Yenə orada, 117.
30. Yenə orada, 118.
31. Bilgay Duman. İrak’ta Kadınların Durumu ve Siyaset: Türkmen Kadınları Örneği, 1(7-8) Ortadoğu Analiz, 98, 99 (2009).
32. Referendumdan sonrakı konstitusiya İslama zidd heç bir qərar çıxarılmayacağını açıq bir şəkildə bəyan etmişdi. Ətraflı bax: Women, Islam and the New Iraq, (2005), http://www.nytimes.com/cfr/international/20060101faessay_v85n1_coleman.html?pagewant ed=print&_r=0 (son dəfə ziyarət olunub: 6 Aprel, 2017).
33. Yenə orada.
34. Yuxarıda istinad, 31.
35. Yenə orada.
36. Minoo Alinia, Honor and Violence Against Women in Iraqi Kurdistan, 163 (2013).
37. Yenə orada, 1.
38. Yenə orada.
39. Yuxarıda istinad, 35.
40. Yenə orada.
41. Yuxarıda istinad, 36.
42. İraqlı alim İsam əl-Xəcəfiyə görə Konstitusiya “qadınları hüquqlarından asanlıqla məhrum edə bilər.” Dünyəvi hərəkat liderlərindən biri və İraqdakı Qadın Azadlığı İttifaqının başçısı Yanar Məhəmmədi isə düşündürən odur ki, İslami hökumət ölkəni “qadınların alçaldıldığı və ayrı-seçkiliyin rəsmiləşdirildiyi Taliban hakimiyyəti altında olan Əfqanıstan halına gətirə bilər.” Ətraflı bax: Yuxarıda istinad, 32.
43. Yenə orada.
44. Maddə 25 (A) Vətəndaşların bərabərliyi. Konstitusiyada cinsiyyətə söykənən istənilən ayrı-seçkiliyə yol verilmir. http://www.na.gov.pk/uploads/documents/1333523681_951.pdf (son
dəfə ziyarət olunub: 6 Aprel, 2017).
45. Təhsil almaq hüququ. Dövlət beş yaşından on altı yaşınadək olan bütün uşaqları qanunla müəyyən olunmuş qaydada ödənişsiz və məcburi təhsil imkanı ilə təmin edəcəkdir. http://www.na.gov.pk/uploads/documents/1333523681_951.pdf (son dəfə ziyarət olunub: 6 Aprel, 2017).
46. Women in Pakistan – Victims of the social and economic desecration (2005), http://www.marxist.com/women-pakistan-victims-of-desecration.htm (son dəfə ziyarət olunub: 6 Aprel, 2017).
47. 12 yaşında evləndirilib, 2012-ci ildə vəfat edən Tahirənin üzərinə kimyəvi turşu atılması ilə bədəninin 35%-i sıradan çıxmış, nitqində qüsurlar əmələ gəlmiş və sümüyü ilə əti bir-birindən ayrılmışdı. Bu cinayətə görə onun əri, qayınanası və qayınatası təqsirləndirilsə də, sonradan onlar haqqında bəraət qərarı çıxarılmışdır. Ətraflı bax: Pakistani women use jirga to fight for rights, 2013, http://www.bbc.com/news/world-asia-23453243 (son dəfə ziyarət olunub: 6 Aprel, 2017).
48. Hüdud qaydaları 1979-cu ildə general Ziya-Ül Həq tərəfindən qəbul olunmuşdur.
49. Yuxarıda istinad, 46.
50. Yenə orada.
51 Sind əyalətində “Quranla evləndirmək” adəti varlı ailələrin tətbiq etdiyi adətlərdən biridir. Burada məqsəd qıza düşən payın ailədə mülkiyyətində qalmasıdır. Buna görə də həmin qızlar heç vaxt evlənmir. Bu qeyri-adi hal İslama uyğun olmayan, təkcə cəhalətdən xəbər verən bir ayindir. Ətraflı bax: Yuxarıda istinad, 46.
52. Məsələn, 2014-cü ilin may ayında 30 yaşlı Fərzanə Pərvin adında hamilə bir qadın ailəsinin seçdiyi adamla yox, özünün bəyəndiyi şəxslə evləndiyinə görə Lahor yüksək instansiya məhkəməsinin önündə qohumları tərəfindən daşqalaq edilərək öldürülmüşdür. Qadının atası, qardaşı, yaxın qohumlardan bir nəfər daha və keçmiş nişanlısı bu işdə təqsirli bilinərək ölüm cəzasına, qadının digər bir qardaşı isə 10 illik həbs cəzasına məhkum edilmişdir. Ətraflı bax: Four sentenced to death for Pakistan “honour killing” (2014), http://www.bbc.com/news/world-asia-30113128 (son dəfə ziyarət olunub: 6 Aprel, 2017).
53. How Pakistani women are punished for love, (2014), http://www.bbc.com/news/worldasia-30400690 (son dəfə ziyarət olunub: 6 Aprel, 2017).
54. Cərgə (jirga) – Daha çox Əfqanıstanda istifadə olunur. Qəbilə şurası və ya ağsaqqallar şurası kimi tərcümə olunur.
55. Yuxarıda istinad, 47.
56. Niaz Shah, Women, the Koran and the International Human Rights Law: The Experience of Pakistan, 231 (2006).

Xəbər 2047 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +