Daha 3 sinif distant təhsilə keçirildi
Livandan olan erməni silahlıları Qarabağa göndərilir
“Birinci yarımildə fərarilik qeydə alınmayıb”
Düşmən yenidən Tərtəri artilleriya atəşinə tutur
Teleqramda yeni funksiya
Ermənistan növbəti itki siyahısını açıqladı
Düşmənin hərbi kolonları məhv edildi
Bağçalar həftənin 5 günü işləyəcək
Sağalanların sayı yoluxanları keçdi
Düşmən topları dəqiq atəşlə məhv edildi


08.08.2017  11:54 

Əli Həsənovun qatil nəvəsi haqda ilginc detallar





A+  A-

Dəhşətli qəzanı törədən deputat nəvəsi ilə yarışan sürücü də həbs olundu; Fazil Mustafa: “Faktdır ki, vəzifəli, imkanlı şəxslərin içərisində bir çoxları uşaqlarına nəzarəti itirib”
Bir neçə gündür ki, avqustun 3-də Heydər Əliyev Prospektində iki nəfərin ölümünə, iki nəfərin isə yaralanmasına səbəb olan ağır avtomobil qəzası ictimaiyyətin müzakirəsindədir. Məsələni aktual edən səbəblərdən biri hadisəni törədən şəxsin baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasıdır. Lakin hadisəni törədənin Nail Allahverdiyev olması heç də qəza günü ictimaiyyətə məlum olmadı.

Belə ki, başda Əli Həsənov özü olmaqla, ailə qəzanın Nail tərəfindən törədildiyini gizlətməyə çalışdı. Maraqlısı odur ki, bəzi şəxslər, o cümlədən deputat Astan Şahverdiyev mətbuata açıqlamasında əminliklə, dönə-dönə bildirdi ki, hadisəni törədən heç də Əli Həsənovun nəvəsi olmayıb.
Deputat hətta bu kimi “yalan” məlumatı yayanları da qınamaqdan çəkinmədi. Ölkə.az saytına müsahibəsində deputat söyləyib:

“Qəza baş verən zaman Əli müəllimin nəvəsi orada olmayıb, öz evində olub. Bu bir hadisədir və hər kəsin başına gələ bilər. Mən yenə deyirəm ki, Əli Həsənovun nəvəsi həmin günü evində olub. Bunu sübut etmək üçün nə qədər şahid desən var. Azərbaycanda söz və mətbuat azadlığı varsa, bu o demək deyil ki, sən ağlına gələni yazmalısan. Deməzdim ki, bu cür yazıların arxasında təkcə müxalifətçilər dayanır. Əli Həsənovun cənab Prezidentə, dövlətə və dövlətçiliyə sadiqliyi bəzi adamları narahat edir”.

Növbəti gün Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında isə Astan Şahverdiyevin “şahid”liyi təkzib olundu. Belə ki, DİN-in mətbuat xidməti virtualaz.org saytına bildirib ki, “Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyev olub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu birgə bəyanatında qeyd olunur ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

Birgə rəsmi məlumatda həmçinin aşağıdakılar da vurğulanıb:

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”.

Report-un məlumatında qeyd olunur ki, Nail Allahverdiyev artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan iki Türkiyə vətəndaşı cütlük Mutallib Tekiş və Songül Tekişin vəziyyətinin ağır stabil olduğunu öyrəndik. Müalicə aldıqları xəstəxanadan “Yeni Müsavat”a bildirildi ki, xanım artıq əməliyyat olunub:

“Vəziyyətləri stabil olaraq qalır. Xanım əməliyyat olunub və hazırda stasionar şöbəsindədir. Yoldaşı isə reanimasiya şöbəsindədir və müalicə alır”.

Astan Şahverdiyevə də zəng edərək, əminliklə söylədiyi məlum açıqlaması ilə bağlı münasibət öyrənmək istədik. Lakin o bildirdi ki, bu barədə heç bir fikir söyləmək istəmir.

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Gelandewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov da həbs edilib.

“Report”un xəbərinə görə, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, “Maqa” ləqəbi ilə tanınan M.İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. M.İsmayılovun Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

Deputat Fazil Mustafa hadisə ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, proses əsnasında hüquq-mühafizə orqanları tərəfindən doğru bir addım atıldı: “Hər kəs qanun qarşısında bərabərdir. Bu, həm də profilaktik xarakterli bir addım idi. Ümumiyyətlə, qudurğanlığı məmur, iş adamı yaxud da yoxsulun obrazında ayırmaq doğru deyil. Qudurğanlıq, harınlıq bütün cəmiyyətlərdə hər bir təbəqəyə aid olan məsələdir. Təbii ki, məmurlar, vəzifəli şəxslər bu məsələdə daha çox məsuliyyət daşıyırlar ki, dövlət idarəetməsində bu kimi hadisələrin baş verməsi dövlətdə müəyyən insanların güvəninə təsir edir. Lakin bunu, bütövlükdə cəmiyyətdə maarifçilik yolu ilə yığışdırmaq lazımdır. ABŞ-da qiyməti 6-10 mindən yuxarı maşın sürən adama çox az rast gəlmək olar. Halbuki maşınların istehsalının çoxu elə Amerikaya aiddir. Eləcə də Almaniyada da bu cürdür. Maşın yarışdırmaq üçün bir yarışma var ki, Bakıda da keçirilir. Azərbaycan cəmiyyətinin psixologiyasından maşınla küçədə yarışmaq ənənəsini qaldırmaq lazımdır. Yarışmaq istəyirsənsə qatıl beynəlxalq yarışlara, ölkəmizə də medal gətir. Avtodayanacaqlarda saxlanılan avtomobillərin sayı kifayət qədərdir. Həbs edilən şəxslərin, imkanlı adamların nə qədər maşınları müsadirə olunub.

Müəyyən dərəcədə aydın olur ki, bunların hamısı şöhrət naminə maşın kolleksiyası yığırlar. İnsanlar gərək bir daha düşünsünlər ki, belə bir məsələnin sonu faciə ilə nəticələnir. Bu faciə nəticəsində çoxsaylı insanlara mənəvi zərər dəydi. Elə faciəni törədənlərin də ailələri əziyyət çəkirlər. Ona görə də bu məsələyə ”oldu, bitdi" kimi baxılmamalıdır. Gələcəkdə bu tendensiyanın qarşısını almaq üçün məsələ ətrafında sağlam müzakirələr aparılmalıdır. O məntiqlə yox ki, filankəs varlıdır və sairə. Bu cür yanaşma da cəmiyyətdə geniş yayılıb və doğru saymıram. Çünki biz, müasir, bazar iqtisadiyyatına uyğun bir cəmiyyətik və burada hər kəsin bərabər olması deyə şərt yoxdur. Kimsə varlı, kimsə kasıb olacaqsa qoy bu onun evinin içində hiss olunsun. İnsanlar hamıya aid olan yerlərdə, başqasına zərər vuracaq addımlar atmağa meyllənirlərsə, bunun cəzası çox sərt olmalıdır".

F. Mustafa deputat həmkarı Astan Şahverdiyevin də fikirlərinə münasibət bildirib:

“Faktı bilmirsənsə, fakt haqqında məlumatın yoxdursa bunu söyləmək doğru deyil. Hadisəni görmədən, dəqiq bilgili olmadan fikir söyləyib, hüquq-mühafizə orqanlarını yanıltmaq, onların işinə maneə yaratmaq olmaz. Məncə, kimliyindən asılı olmayaraq belə bir informasiya verməsi uğursuz bir addımdır. Bunu doğru hesab etmirəm”.

Deputat Əli Həsənovun nəvəsinə neçə il həbs cəzası verilə biləcəyinə də toxundu: “Burada 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Lakin digər amillər də ortaya çıxa bilər. Burada həm də ölən və türk vətəndaşları tərəfindən müəyyən dərəcədə mülki iddia da qaldırıla bilər. Bu, məhkəmənin müzakirə edəcəyi bir məsələdir. Ola bilər ki, cəza sərtləşdirilsin. Yeni nə isə qəbul olunarsa, bunun geriyə qüvvəsi yoxdur. O baxımdan da indiki vəziyyət təqribən 6 nəfərin ölümünə səbəb olmuş avtobus sürücüsünün vəziyyəti kimidir. Ancaq burada qaldırılan cinayət işində hadisə yerindən qaçma məsələsi də var. Bir nüans da var ki, yaralanma motivi olarsa və təcili yardım maşını ilə aparılıbsa, bu, tamam başqa situasiya yaradır və qaçma məsələsi kimi xarakterizə olunmaya bilər. Bunu da məhkəmə araşdıracaq. Bütövlükdə isə çox acınacaqlı hadisədir. Ümid edək ki, Azərbaycan cəmiyyətində bu hadisə başqa insanlara da dərs olacaq. Bu məsələdə valideynləri də tam qınamaq olmur. Faktdır ki, vəzifəli, imkanlı şəxslərin içərisində, çox adamlar uşaqlarına nəzarət etmək imkanını itirib. Bəlkə də bu insanları daha çox medianın öhdəliyinə buraxmaq lazımdır ki, cinayətkar fəaliyyətlə məşğul olma potensialı olan şəxslərin vaxtında aşkar edilməsi üçün medianın, hüquq-mühafizə orqanları ilə birlikdə səfərbər olmasına böyük ehtiyac var. Biz, yalnız cəza baş verdikdən sonra addımlar atmağa başlayıb, kimlərisə qınayırıq. Bu hadisə sadəcə olaraq mərkəzdə olduğu üçün bilindi. Kənarda isə onlarla qudurğanlıq hadisəsi baş verir. Bəzən heç polisi də saymayıb, təhqir edirlər. Ona görə də media ilə hüquq-mühafizə orqanlarının bəlkə də bir konfrans keçirməsi çox vacib olar”.

Xəbər 2398 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2020  13:43 

Bakıda 24 dərəcə isti olacaq

01.10.2020  09:43 

Teleqramda yeni funksiya


BÜTÜN XƏBƏRLƏR +