07.07.2017 17:08
“ATS”-in rəisi: “Nazir mənə heç nə edə bilməz!”
Keşmiş hərbi polisin rəisi Rövşən Məhərrəmov rabitə işçilərin özbaşınalıqları ilə üzləşib
Bir neçə gün əvvəl cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tutduğu vəzifədən azad olundu. Həmin hadisədən bir neçə gün əvvəl kütləvi informasiya vasitələrində icra başçısının dövlət başçısının icazəsi olmadan özbaşına Hacı Cavad məscidini sökdürməsi barədə məlumatlar dərc olunmuşdu. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxsin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verdi. Beləliklə, daha bir dövlət məmuru öz səhvinin qurbanı oldu. Dövlət başçısının məmurları dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, təəssüf ki, onların özbaşınalıqları bitmir. Bu günlərdə redaksiyamıza daxil olan növbəti vətəndaş müraciəti də məmur özbaşınalığı ilə bağlıdır.
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi Rövşən Məhərrəmovun redaksiyamıza ünvanladığı məktubda onun üzləşdiyi problem geniş şəkildə əks olunub. Bu problemlə bağlı artıq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət edən vətəndaş çarəsiz duruma düşdüyünü yazır: “Mən ömrümün 40 ilini hərbi xidmətə sərf etmiş, uzun illər boyunca Azərbaycan Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışmışam. Bu illər ərzində ölkəmə və xalqıma ləyaqətlə xidmət göstərmək üçün əlimdən gələni əsirgəməmişəm. Dövlətçiliyimizin qorunması və işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün bu gün də canımdan keçməyə hazıram. Bu, həm vətəndaş, həm də ehtiyatda olan hərbçi kimi mənim mənəvi borcumdur. Təəssüflər olsun ki, torpaqlarımızın 20 faizi işğal altında olduğu bir vaxtda hamımız gücümüzü səfərbər edib düşmənə qarşı mübarizə aparmalı olduğumuz halda bəzi məmurlar hələ də yalnız vətəndaş marağını öz şəxsi manəfelərinə qurban verirlər. Belə ki, Abşeron rayon Telekommunikasiya Qovşağının Novxanı bağları ərazisinin rəisi Asif müəllim düz iki aydır ki, mənim hüquqularımı pozur. İki aydır ki, həm şəhər telefonuna, həm də internetə görə ödənişi vaxtında həyata keçirsəm də, mənim evimdə nə telefon işləyir, nə də İnternet”.
Rövşən Məhərrəmov məsələ ilə bağlı Asif müəllimə dəfələrlə müraciət etsə də onun problemi bu günə kimi həll olunmamış qalır. Birinci dəfə o, texniki nasazlığın üç gün ərzində aradan qaldırılacağını desə də, sonradan Telekommunikasiya Qovşağında bu problemi həll edə biləcək mütəxəssisin olmadığını bildirib. Rövşən Məhərrəmovun “ATS”ə növbəti dəfə müraciətində isə o, bağın yerləşdiyi ərazidə qazıntı işlərinin aparıldığını və telefon xəttinin tezliklə bərpa olacağını söyləyib. Bu dəfə də səbr etməkdən başqa çarəsinin olmadığını görən R.Məhərrəmov bir qədər gözləmək qərarına gəlib. Bir neçə gündən sonra isə naəlac qalaraq, probleminin həll ediləcəyi ümidi ilə Asif müəllimlə əlaqə saxlayıb. Qarşı tərəf vətəndaşa onun məsələsi ilə məşğul olmağa vaxtının olmadığını deyib. Rövşən Məhərrəmov cənab nazir Ramin Quluzadəyə müraciət edəcəyini deyəndə isə aldığı cavab bu olub: “Nazir mənə heç nə edə bilməz!” Həmin hadisədən sonra Asif müəllim vətəndaşın zənglərinə ümumiyyətlə cavab vermir. Əlacsız qalan Rövşən Məhərrəmov çıxış yolunu KİV vasitəsilə səsini yuxarı instansiyalara çatdırmaqda görüb: “Ramin Quluzadə nazir təyin olunanda çox sevindik. Mən hər zaman yüksək vəzifələrdə potensialı olan gənc mütəxəssislərin çalışmasının tərəfdarı olmuşam. Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə bağlı da ümidlərimiz böyük idi. Amma başıma gələn bu olay məni çox sarsıtdı. Axı nə üçün öz işini bilməyən, vətəndaşların hüquqlarını pozan, onlarla kobud rəftar edən Asif müəllim kimi məmurlar hələ də tutduqları vəzifədən kənarlaşdırılmayıblar? Cənab Ramin Quluzadə niyə bu cür adamları hələ də vəzifədə saxlayıb. Onlar büdcədən ayrılan pulları mənimsəməkdən başqa heç nə bilmirlər. İşlərinin öhdəsindən gələ bilməmələri azmış kimi, üstəlik, heç kimdən çəkinmədiklərini, qorxmadıqlarını açıq-aşkar bəyan edirlər. Mən sizin redaksiyanız vasitəsilə üzümü Asif müəllimə tutub deyirəm ki, pozulmuş hüququm bərpa olunmayana kimi tutduğum yoldan dönməyəcəyəm. Şəxsi mənzilimə çəkdirdiyim telefon xəttindəki problemin aradan qaldırılmasını, internetimin bərpa olunmasını və iki ay ərzində ödədiyim məbləğin mənə geri qaytarılmasını tələb edirəm. Axı nə üçün istifadə etmədiyim telefona və internetə görə hər ay pul ödəməliyəm? Əgər cənab nazir Ramin Quluzadəyə müraciətdən sonra da bu məsələ həll olunmasa, mən birbaşa cənab Prezidentə məktub yazacaq və açıq mətbuat konfransı keçirəcəyəm. Asif müəllim kimi məmurlar etdiyi özbaşınalıqlara görə cəzalandırılmalıdırlar. Əgər bu gün uzun illər vəzifədə çalışmış ehtiyatda olan polkovnikin şikayətinə məhəl qoyulmursa, onda görün bu dövlətin sadə vətəndaşlarının başına nə oyunlar açılır. Ümid edirəm ki, üzləşdiyim bu problem nazir səviyyəsində həll ediləcək və mən belə kiçik məsələdən ötrü dövlət başçısına müraciət etmək məcburiyyətində qalmayacağam”.
XəzərNews.az
Xəbər 3372 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|