Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


03.03.2017  18:28 

“Kred Aqro” və Cəlilabad məhkəməsi müəllimə “qənim kəsildi“





A+  A-

Cəlilabad rayon sakini, kənd müəllimi Əlqismət Cəfərov “Kred Aqro” Bank olmayan kredit təşkilatı QSC-dən götürdüyü krediti gecikdirdiyi üçün ondan əlavə qanunsuz şəkildə cərimə olaraq pul çıxıldığını iddia edir.
Bu məsələ ilə bağlı XəzərNews.az-a Ə.Cəfərov özü şikayət edib.

O qeyd edib ki, 7 may 2013-cü ildə ehtiyacı olduğu üçün Cəlilabad rayonunda yerləşən “Kred Aqro”dan 3000 ABŞ dolları 24 aylıq, illik 34% olmaqla kredit götürüb: “Həmin vaxt 100 ABŞ dolları 78,30 manat idi. Başqa bir bankda da kreditim olduğundan və devalvasiyasi ilə əlaqədar olaraq “Kred Aqro”-ya cəmi 358,52 ABŞ dolları qalan borcumu ödəyə bilmədim. Bundan istifadə edən bank olmayan kredit təşkilatının müdiri İntiqam Rüstəmov və sözügedən təşkilatın vəkili Yaşar Cəbrayılzadə mənim 358,52 ABŞ dolları əsas borcumun üzərinə 58,91 ABŞ doları faiz, 849,75 ABŞ doları isə cərimə borcu olmaqla cəmi 1267,18 ABŞ doları, ödənilmiş 30 manat dövlət rüsumu və 20 qəpik xidmət haqqının tutulması ilə bağlı qeyri-qanuni, yəni özlərinə sərf edən formada sənəd hazırlayaraq Cəlilabad rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və qətnamənin özlərinin xeyrinə çıxarılmasını xahiş ediblər”.

Şikayətçi müəllim əlavə edib ki, Cəlilabad rayonunda yerləşən “Kred Aqro” bankın müdiri və vəkili xəbər vermədən onu məhkəməyə veriblər: “Məhkəmənin keçirilməsi ilə bağlı mənə heç bir bildiriş verilməyib. Mən və zaminim Paşaxan Nuralıyevin iştirakı olmadan 2 fevral 2016-cı ildə Cəlilabad rayon Məhkəməsinin hakimi Mirələm Quliyevin sədrliyi ilə açıq məhkəmə iclası keçirilib və qətnamə çıxarılıb. Qətnamənin mənə göndərilən surətini 8 dekabr 2016-cı ildə rayon Məhkəməsinin arxivindən, dəftərxananın işçisindən almışam. Araşdırma apararkən məlum oldu ki, poçt vasitəsilə mənə göndərilmiş, içərisində bizim iştirakımız olmadan qəbul edilən qətnamə olan məktub poçtalyonun səhlənkarlığı ucbatından mənə çatmayıb. Buna görə də 8 dekabr 2016-cı ilə qədər məhkəməyə etirazımı bildirməmişəm”.

Ə.Cəfərov qeyd edib ki, hakim M.Quliyevin imzası ilə 9 yanvar 2017-ci il tarixdə ona məktub gəlib: “Həmin məktubda göstərilib ki, sizə və zaminə qarşı 1267,18 ABŞ doları borc və 30 manat dövlət rüsumu tələbinə dair iş üzrə icra vərəqəsi icra olunmasından ötrü Cəlilabad rayon İcra Şöbəsinə göndərilib. Vərəqənin icra məqsədi ilə 1 aprel 2016-cı ildən başlayaraq hər ay aldığınız əmək haqqının 50 faizi tutularaq “Kred Aqro” QSC-nin xeyrinə ödənilib. Hazırda 229,40 ABŞ dolları kredit və 30 manat dövlət rüsumu borcunuz qalıb. Hətta həmin məktubda Cəfərov Əlqismət Möhübbət oğlu yazmaq əvəzinə Cəfərova Möhübbət Əlqismət oğlu yazılıb”.

Ə.Cəfərov iddia edir ki, hakim M.Quliyev də savadsız yazılan məktubu oxumadan imza atıb: “Mən düşünürəm ki, hakim M.Quliyev 358,52 ABŞ dolları borclu olduğum təşkilatın müdiri İ.Rüstəmov, vəkili Y.Cəbrayılzadənin ədalətsiz iddialarını araşdırmadan, heç bir məhkəmə iclası keçirmədən mənə 849,75 ABŞ dolları cərimə yazıb, öz aralarında qətnamə hazırlayıb, imza atıb, təsdiq ediblər”.

Onun sözlərinə görə, 11 yanvar 2017-ci il tarixdə gələn növbəti məktubda qeyd edilib ki, Cəlilabad rayon Məhkəməsinin 2 fevral 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsinə dair sizin apelyasiya şikayəti üzrə ötürülmüş müddətin bərpa edilməsinə dair mülki işə 17 yanvar 2017-ci il tarixdə, saat 17:00-da baxılacaqdır: “Həmin vaxtda məhkəmədə iştirak etdim. Məhkəmədə qətnamə qəbul olarkən hansı səbəbdən iştirak etmədiyimi sübut etdim və qəbul olunan qətnamənin düzgün olmadığını vurğuladım. M.Quliyev mənə bildirdi ki, sən Şirvan Apelyasiya Məhkəməsinə 15 manat 40 qəpik dövlət rüsumu ödəmək əvəzinə Şirvan rayon Məhkəməsinə ödəyibsən, ona görə də müddət bərpa olunmayacaq. Mən hakimə bildirdim ki, Beynəlxalq Bankın işçisi texniki səhv edərək Şirvan rayon Məhkəməsinə ödəyib. Gedib rüsumun lazımı ünvana ödənilmədiyini bildirib düzəliş verdirərəm, yaxud yenidən ödəyərəm. Hakim M.Quliyev isə rüsumu ödəsəm də mənə ötürülmüş müddəti bərpa etməyəcəyini bildirdi. Mən də ona çıxardığınız bu ədalətsiz qətnamə ilə bağlı sizdən, QSC-nin müdiri və vəkilindən daha yuxarı instansiyalara rəsmi müraciət və şikayət edəcəyimi dedikdə hakim qeyd etdi ki, əgər sən məndən bir yerə məktub yazsan, səni müəllimlikdən siləcəm. Bu məhkəməyə təşkilatdan nümayəndə çağırılsa da məhkəmədə iştirak etmədi”.

18 yanvar Cəlilabad rayonunda yerləşən Beynəlxalq Bankın müdiri Natiq Abbasovun yanına gedən Ə.Cəfərova bildirilir ki, texniki səhv ucbatından rüsum Şirvan rayon Məhkəməsinə ödənilib: “O da səhvi düzəldərək qəbzi mənə təqdim etdi və arayış verdi ki, həqiqətən də 30 dekabr 2016-cı ildə Şirvan Apelyasiya məhkəməsinə 15 manat 40 qəpik pul köçürtmüşəm. Bütün bunlara baxmayaraq Cəlilabad rayon Məhkəməsinin hakimi M.Quliyev mənim Kredit Təşkilatına 358,52 ABŞ dolları cəmi borcuma qarşı 849,75 ABŞ dolları qanunsuz cərimə yazıb. Həmçinin mənim Şirvan Apelyasiya məhkəməsinə etdiyim şikayətə mane olmaq üçün günahım olmadan buraxılan müddəti bərpa etmir. Məni təhqir edir və hədələyir. Bu hərəkətləri ilə də Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarımı pozur. Mən artıq Cəlilabad rayon Məhkəməsinə gedib haqqımı tələb etməyə qorxuram. Cənab prezident İlham Əliyev də çıxışlarında bildirir ki, məmurların özbaşına hərəkətlərinə ictimai nəzarət etsin və onların özbaşına hərəkətləri hər hansı bir formada mənə çatdırılsın. Mən də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla bir neçə dövlət orqanlarına, millət vəkillərinə yazılı formada müraciət etmişəm. Eyni zamanda 28 fevral 2017-ci ildə mənə məhkəmədən məktub gəlsə də məktubun içərisində məhkəmənin keçiriləcəyi tarix 25 fevral 2017-ci il olaraq qeyd edilmişdi. Mən də imza çəkib məktubu təhvil alarkən məktubu 28 fevralda təhvil aldığımı qeyd etdim. Amma bu məhkəmə ilə heç maraqlanmadım”.

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfin cavabını bilmək üçün “Kred Aqro” bank olmayan kredit təşkilatı QSC ilə əlaqə saxladıq. Təşkilatın Cəlilabad rayon fililalının rəhbəri İ.Rüstəmov bildirdi ki, sözügedən şəxs 2013-cü ildə onlardan 35% olmaqla 24 aylıq 3000 ABŞ dolları məbləğində kredit götürüb: “Lakin ödəməyə başladığı aydan etibarən hər ay gecikmələri olub. Bununla bağlı biz xəbərdarlıq məktubları göndərib müştəriyə məlumat vermişik. Ancaq Ə.Cəfərov ödənişləri ödəmədiyi üçün 20 noyabr 2015-ci ildə Cəlilabad rayon Məhkəməsinə müraciət olunub. Müraciətdə onun bizim təşkilata 1267,18 ABŞ doları borcu olduğu qeyd edilib və 2 fevral 2016-cı ildə məhkəmə qətnamə qəbul edib. Ə.Cəfərovun iddia etdiyi 358,52 ABŞ dolları əsas borcunun üzərinə 58,91 ABŞ doları faiz, 849,75 ABŞ doları isə əsas borcun üzərinə gələn cərimə deyil. Burada söhbət 358,52 dollardan getmir. Ə.Cəfərov əvvəlki aylarda da gecikmələr edib. Müqavilə əsasında da hər gecikən günə 1% dəyərində cərimə tətbiq olunub. Həmin 849,75 dollar da gecikdirilmiş günlərə görə tətbiq olunan cərimədir. Əsas borcuna heç bir aidiyyatı yoxdur. Gecikdirmə başlayan gündən etibarən ona nəzarət edən işçi həm zaminlə, həm də müştərinin özü ilə əlaqə saxlayır, məktub göndərir, ev ünvanına gedib monitorinq aparılır və monitorinq aktı yazılır. Bu sənədlər də hamısı var və məhkəməyə təqdim edilib”.

İ.Rüstəmov qeyd etdi ki, qətnamə üzrə məbləğ icra olunmadığına görə Cəlilabad rayon Məhkəməsi tərəfindən bu qətnamə Cəlilabad rayon İcra Şöbəsinə göndərilib: “İcra Şöbəsi də borcun ödənilməsini əmək haqqından tutulması istiqamətinə yönəldib. Bununla da əmək haqqından 4 may 2016-cı ildə 200 manat (həmin günün kursu ilə 133,62 dollar), 31 may 200 manat (133,17), 21 iyun 200 manat (127,45), 21 iyul 330 manat (210,28), 30 sentyabr 104 manat (64,15), 28 oktyabr 132 manat (80,58), 4 noyabr 44 manat (147,2), 29 noyabr 244 manat (141,48), 27 dekabr 244 manat (138,46), 6 fevral 2017-ci ildə 244 (127,68) məbləğində pul tutulub. Və əmək haqqından sonuncu dəfə artıq tutulan məbləğ olub. Həmin məbləğ də 9 fevral 2017-ci il tarixdə ərizəsinə əsasən 39,93 manat ona qaytarılıb”.

Redaksiyadan: Yazıda adı hallanan Cəlilabad rayon Məhkəməsinin hakimi Mirələm Quliyevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bütün hallarda M.Quliyevin də fikirlərini yaymağa hazırıq.

Xəbər 2396 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib


BÜTÜN XƏBƏRLƏR +