Ermənistanın İrana qarşı müharibə ərəfəsində olan İsrailə əməkdaşlıq təklif etməsi bölgədəki mürəkkəb siyasi dinamikanın yeni mərhələsidir. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın Təl-Əvivə səfəri zamanı “Tramp koridoru” kontekstində ikitərəfli münasibətlər müzakirə olunub. Bu mövzu İsraillə Ermənistan arasında uzun müddətdir yığılan gərginlikləri və qarşılıqlı inamsızlığı yenidən gündəmə gətirib.
Keçmişdə Yerevanda yəhudi icmasına yaradılan çətinliklərin ardınca İsrail də Yerusəlimdəki erməni icmasına müəyyən problemlər yaratmışdı. Bu münasibətlərin fonunda erməni icmasının korrupsiya halları, tarixi torpaqların qeyri-rəsmi icarəyə verilməsi, Fələstin, Hizbullah və İrana simpatiya nümayiş etdirməsi də Tel-Əvivin Yerevana olan münasibətini formalaşdıran amillərdir. Bu səbəbdən İsrail Ermənistanın səmimiyyətinə tam etibar etmir. Yerevanın İsrailə münasibəti isə həmişə qeyri-müəyyən olub. Bir vaxtlar Nikol Paşinyan, Rusiya səfiri olmuş Armen Smbatyanı böyük xahişlə İsrailə səfir göndərmiş, daha sonra İranın təzyiqi ilə onu vəzifədən azad edib korrupsiya ittihamları ilə günahlandırmışdı. Onun oğlu Ermənistanın Simfonik Orkestrinin baş dirijoru da işdən çıxarılaraq həbs olunmuşdu. İsrail bütün bu prosesləri yaxından izləyir.
Bəziləri düşünür ki, Paşinyanın İsrailə qarşı sərt addımları onun İran əleyhinə təşəbbüslərdə iştirak etməməsi ilə bağlı idi. Baş nazir seçildikdən sonra Paşinyan ilk rəsmi səfərlərindən birini Tehrana etmiş, erməni icması ilə görüşmüş, İrandan qayıtdıqdan sonra isə İranı daha fərqli qiymətləndirməyə başlamışdı. Nəticədə o, İsrailə üç nümayəndə heyəti göndərərək Ermənistan-İsrail anti-İran əməkdaşlığını formalaşdırmağa cəhd etmişdi. Paşinyanın fikrincə, “İranın gücü görüntüdən ibarətdir”. Lakin İsrail bu çağırışlara ciddi reaksiya vermədi.
Bu gün Ermənistanın İsrailə yaxınlaşması təsadüf deyil, müəyyən plan çərçivəsində baş verir və artıq iki əsas istiqaməti üzə çıxıb.
Birincisi, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan Qarabağ müharibəsində yaralanan bir qrup ermənini müalicə üçün İsrailə aparıb. Bu addım “İsrail müqəddəsdir, hətta ermənilərə də şəfa verir” təsəvvürü yaratmağa və Yerusəlimdəki erməni icmasını İsrailə daha çox bağlamağa hesablanmışdı. Ermənilərin fikrincə, İran Ermənistanın real müttəfiqi olsaydı, ölkə belə ağır duruma düşməzdi.
İkincisi, Vaan Kostanyanın Təl-Əvivə səfəridir. Onun danışıqlar zamanı manipulyativ yanaşmaları İran tərəfindən yaxşı tanınır. “Tramp koridoru” ilə bağlı 8 avqustda sənəd imzalanarkən Ermənistan rəsmilərinin İrana verdiyi sözlər şübhə doğurmuşdu. Buna baxmayaraq, Kostanyan müəyyən mənada Tehranın ehtiyatlarını azaltmağı bacarmışdı.
İndi isə Ermənistan “Tramp koridoru” məsələsində çətin vəziyyətə düşüb. Paşinyan əvvəlcə Azərbaycanın Naxçıvanla dəmir yolu əlaqəsini iki il ərzində bərpa etmək ideyasına razılıq versə də, sonradan geri çəkildi. “Tramp koridoru”na razılıq verərkən isə amerikalıları aldada biləcəyini düşünürdü. Lakin Vaşinqton regionda daha geniş maraqlar güddüyündən, Ermənistanın bu cəhdləri nəticəsiz qaldı. 2020-ci il 10 noyabr bəyanatından dərhal sonra İranın etiraz etdiyi model bu gün ABŞ tərəfindən həyata keçirilir və amerikalılar geri çəkilmək niyyətində deyil.
Paşinyan isə artıq İrandan mümkün hərbi təhdid gözləyir. İranın silahlı qüvvələrinin Ermənistan daxilində olması ehtimalı və bu qüvvələrin Paşinyana qarşı potensial addımlar ata bilməsi Yerevanı narahat edir. Bu vəziyyətdə Paşinyan İsrail ilə birlikdə İrana qarşı əməliyyatlarda iştirak etməyə can atır. Ola bilsin ki, İsrailin İrana qarşı mümkün müharibəsinin vaxtını öyrənərək ABŞ və digər qüvvələrlə birlikdə hərbi əməliyyatlara girişmək niyyətindədir.
Bu fondda ermənilərin İranla bağlı yanaşmasında ciddi dəyişikliklər müşahidə olunur. Sepahın keçmiş komandanı, etnik azərbaycanlı Möhsün Rzayinin Azərbaycana və BƏƏ-yə hədə dolu açıqlamalarına erməni mətbuatının xüsusi diqqət yetirməsi də maraqlıdır. Rzayi BƏƏ-nin üç adasına əlavə iki ada da “əlavə etməkdən” danışdığı halda, erməni mediası yalnız Azərbaycanın adını qabardır, guya İran İsrailin şimal qonşularına torpaq vəd edir, əvəzində daha çox ərazi alacaq. Bu, Ermənistanın İran-BƏƏ münasibətlərində BƏƏ-yə yaxın durduğunu göstərir.
Nəticədə ortaya belə mənzərə çıxır: İranın regionda zəifləməsi Ermənistanı onunla əməkdaşlıqdan uzaqlaşdırır və Yerevan özünü daha böyük oyunçuların yanında görmək istəyir. İran rəhbərliyinin Ermənistana qarşı həddindən artıq loyal davranması erməni siyasi dairələrində belə bir təsəvvür yaradıb ki, Tehran artıq onların himayədarı ola bilmir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 1068 dəfə oxunub.