AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.06.2024  14:21 

Azərbaycanın rəngarəng “sosial-mədəni kapitalı“





A+  A-

Azərbaycan xalqı ölkə vətəndaşlarının əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif bölgələrində yığcam halda yaşayan bir çox millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların sosial-mədəni inkişafı ölkənin mövcud vəziyyətinə adekvatdır.

İnsanları birləşdirən başlıca dəyərlərdən biri də sosial-mədəni inkişafdır. Milli azlıqlarla bağlı sosial-mədəni layihələr ilk dəfə həyata keçiriləndə yerlərdəki mədəni müxtəlifliyə aid hər nə varsa peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının nəticəsində həmin sahələr (Mədəniyyət Mərkəzləri, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s.) artıq peşəkar şəkildə formalaşmağa başladı. Bütün bunlara baxmayaraq Azərbaycanda mədəni müxtəlifliyi maraq və məqsədlər üçün istifadə etmək istəyən qüvvələr də az deyil. Azərbaycandakı bu rəngarəng "sosial-mədəni kapitalı" əleyhimizə yönəldənlərin cəhdlərinin qarşısı zaman-zaman alınıb və bu gün də alınmaqdadır.

İnformasiyaya çıxış imkanları əlçatandırmı?

Əvvəl qüvvədə olan “KİV haqqında” AR Qanununda Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin ünsiyyət dili ilə bağlı heç bir məhdudiyyət qoyulmurdu. Ancaq yeni “Media haqqında” Qanun bütün medianın yalnız dövlət dilində olmasını tələb edir. Əlbəttə ki, bu da milli azlıqların öz dillərində media resursu təsis etmək imkanlarını məhdudlaşdırır.

“İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu da eyni şəkildə ictimai televiziyanı etnik azlıqların dillərində də yayımlamağa məcbur edir. İndi isə başqa bir dildən istifadə etmək üçün yeni yaradılan Audiovizual Şuranın razılığı tələb olunur. Amma İctimai Televiziya ilk yaranan vaxtlarda Milli azlıqlar üçün verilişlər Departamenti fəaliyyət göstərirdi. Ölkə teleməkanında ilk dəfə olaraq məhz İctimai Televiziya Azərbaycanda yaşayan xalqların və etnik qrupların maddi mədəniyət nümunələrini, milli məişətini geniş ictimaiyyətə çatdırırıdı. Artıq bir neçə ildir bu Departament heç bir səbəb göstərilmədən öz fəaliyyətini dayandırıb. Yalnız ruslar və rusdillilər bu imkandan qismən yararlana bilir. Digər xalqlar üçün isə bu sadə məsələlər əlçatmazdır.

Qaldırılan problemlərdən biri də etnik mənsubiyyət problemidir. 2009-cu il siyahıyaalması zamanı Qrız, Xınalıq və Buduq kimi sayca kiçik azlıqlar ilk dəfə ayrıca etnik qrup kimi qeydiyyatdan keçiblər. Amma digərləri ilə bağlı bu problem hələ də qalmaqdadır. Əslində problemin həlli Azərbaycan dövləti üçün maraqlı olmalıdır. Çünki, ayrı-ayrı milli azlıqlar sayları ilə bağlı şişirdilmiş rəqəmlər səsləndirirlər.

Avropa İttifaqı Azərbaycanda etink azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının icrasına dair dörd dövr monitorinq keçirib. Məsələn, 2017-ci ildə qəbul edilmiş Dördüncü Dövr üzrə yekun rəyində belə qənaətə gəlinib ki, Azərbaycanda etnik azlıqların öz kimliklərini ifadə etmələri üçün yetəri qədər ictimai məkanları yoxdur. Rəyə görə, bütün bunlar, insan hüquqları, demokratiya və qanunun aliliyi ilə bağlı ümumi vəziyyətin pisləşməsi fonunda baş verir. Rəydə qeyd olunur ki, Azərbaycanın multikulturalizmi azlıqların şəxsiyyətinin ictimai ifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır və azlıqların mədəniyyətləri baxımından etnik azlıqların kimliyinin məhdud konsepsiyasına əsaslanır.

Azərbaycan Respublikasının 3-cü Universal Dövri İcmalının baxılması üçün Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının təqdim etdiyi hesabatda da oxşar nəticəyə rast gəlinir. Bu hesabat mədəni, təhsil, dini, söz və iqtisadi hüquq və azadlıqların pozulmasını diqqət mərkəzində saxlayır.

Göründüyü kimi, müxtəlif regional və beynəlxalq məruzələrdə Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsinin qeyri-qənaətbəxş olduğu bildirilir. Məruzələrdə qeyd olunan digər problemlər arasında qərarların qəbul edilməsində azlıqların təmsil olunmaması, azlıqların yerli idarəetmədə məhdud iştirakı daxildir.

Təbii ki, beynəlxlaq təşkilatların rəyləri ilə bütövlükdə razılaşmaq olmaz. Yuxarıda sadaladığımız problemlərin həlli imkanları var. Daha çox milli azlıqların təhsil və mediaya çıxış imkanlarının məhdud olması üzərində hazırlanan bu rəylərin ən azı media tərəfini qısa müddətdə həll etmək mümkündür.

Əlbəttə, bu kimi məsələlərdə müəyyən bir diferensiasiyaya da diqqət yetirilməlidir. Məsələn, Azərbaycanda ruslar, gürcülər yaşayır, amma onların özlərinin dövləti var, mədəniyyətləri inkişaf edir. Elə xalqlar da var ki, onlar azsaylıdır, Azərbaycanda və qonşu ölkələrdə yaşayırlar. Onların sosial hüquqlarının, mədəniyyətlərinin, adət-ənənələrinin qorunması çox vacibdir. Və yaxud da bəzi milli azlıqların internet informasiya resursları var (məsələn, talışlar, ləzgilər, yəhudilər, udilər və s.), onlar bu vasitə ilə sosial-mədəni problemlərini, onların həlli yollarını, əldə olunan nailiyyətləri çox rahat şəkildə ictimailəşdirə bilirlər. Amma bəzi milli azlıqlar da var ki, (məsələn, ingiloylar, tatarlar və başqaları) onlar bu kimi imkanlardan məhrumdurlar və nəticədə müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə mədəni dəyərlərini təbliğ edə bilmirlər. Elə isə necə etməli ki, bu prosesdə və qloballaşan cəmiyyətdə - ölkəmizdə yaşayan hər bir xalqın, millətin sosial-mədəni dəyərləri qorunub saxlanılsın. Bunun həlli yollarını tapmaq, zamanında hadisələrin xaotik müstəviyə keçməsinin qarşısını almaq üçün dövlətin bu sahədə gördüyü işləri hədəf qruplar olan multikultural subyektlər arasında təşviq etmək lazımıdır.

Ölkə mediası azsaylı xalqlara qarşı tolerantdırmı?

Etiraf olunmalıdır ki, ölkə mediası respublikada yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin qorunması və inkişafı ilə bağlı aparılan işlərə çox az yer verirlər. Milli azlıqların mədəniyyətini, incəsənətini qorumaq, inkişafına nail olmaq, təbliğ etmək, qoruyub yaşatmaq məqsədilə dövlətin həyata keçirdiyi tədbirlər daha geniş auditoriyaya gedib çatmır.

Azsaylı xalqları təmsil edən cəmiyyətlər, mədəniyyət mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq quran ixtisaslaşmış internet resursu yox səviyyədədir. Belə olan təqdirdə görülən işlərin ictimailəşdirilməsində ciddi problemlər meydana çıxır. Nəyinki ölkə ictimaiyyəti, bir çox hallarda milli azlıqların özləri də görülən işlərdən xəbərsiz olurlar. Çünki, onların bu məlumatları əldə etməsi üçün ixtisaslaşmış – sahəvi internet resursları azdır və yaxud da əlçatan deyil. Milli azlıqların özlərinə məxsus internet resursları isə yalnız təmsil etdikləri xalqlarla bağlı informasiyalara üstünlük verirlər. Məsələn, talışlarla bağlı hər hansı bir internet sayt ləzgi mədəniyyətini və yaxud da əksinə təbliğ etmir.

Sosial şəbəkələr nəzarətsizdir. Bu da bəzi separatçı qruplara əlavə meydan deməkdir. Həmçinin Rusiya və İran mediasında tez-tez Azərbaycanın multikultural siyasətinə kölgə salmaq və sabit etnomühitə zərbə vurmaqla məşğuldurlar. Nəzərə alsaq ki, Azərbaycanın şimalında yaşayan milli azlıqlar həm də Rusiya ilə sərhəddə yaşayırlar onda təhlükə ikiqat artır.

Milli azlıqlara aid media orqanları ilə bağlı xüsusi araşdırmaya ehtiyac var, həmin media orqanları monitorinq olunmalıdır, çünki bu media orqanlarının oxucu auditoriyası spesfikdir - yəni birbaşa milli azlıqların nümayəndələridir. Media həm də çəmiyyətdə mədəni dəyərləri formalaşdıran vasitələrdən biridir. Amma bəzi hallarda bu, kifayət qədər intellektual komponentlərlə zənginləşdirilmir, bir sıra hallarda maarifləndirici xarakter daşımır, bəzən isə sadəcə təkrarçı mövqedən çıxış edir.

Ümumilikdə Azərbaycanda milli azlıqlar sahəsində aparılan araşdırmalar ictimai fikrə düzgün çatdırılmır, etnik və milli məsələlərin işıqlandırılmasında ciddi problemlər yaşanır.

Nə etməli?

Etiraf edək ki, bu kimi problemlərin həllinə təkcə dövlətin qəbul etdiyi qərarlarla nail olmaq çətindir. İlk növbədə qəbul edilən qərarların icrasına diqqət yetirməli, bu işlərin həyata keçirilməsində vətəndaş cəmiyyətləri də aktiv iştirak etməlidirlər. Təbii ki, bu iştirakın da müxtəlif formaları var.

Bunlar hansılardır?

- ilk növbədə dövlətin bu sahədə gördüyü işlər cəmiyyətə operativ çatdırmaq;
- multikultural subyektlərin mədəniyyət mərkəzləri, folkloru, dialekti, adət-ənənəsi, sosial-məişət tərzinin unudulmaması üçün uğurlu PR təşkil etmək;
- bütün multikultural subyektlərin mədəniyyətinin təbliğinə bərabər şərait yaratmaq.

Bu üç komponentin zəruriliyi ondan ibarətdir ki, ölkədə yaşayan müxtəlif xalqların və etnik qrupların özünəməxsus mədəniyyəti vahid Azərbaycan mədəniyyətini formalaşdıran amildir. Belə ki, ən müxtəlif mədəniyyətlərin təşviq edilməsi, onlara geniş yer verilməsi birgəyaşayışın daha möhkəm bağlarını yaradacaq.

Mətbuatda bütün multikultural spektr əhatə olunmalıdır. Azərbaycan KİV-lərində azsaylı xalqları təmsil edən onlarla jurnalist var və bu biganəlik onların pərdəarxası narazılığına səbəb olur. Bəzən görürük ki, TV və radiolara, qəzetlərə yalnız bir-iki xalqın nümayəndələri çağırılır, digərləri nəzərə alınmır. Əlbəttə, media orqanları həm də kommersiya strukturlarıdır. Biz heç kimi buna məcbur edə bilmərik. Amma dövlətin donorluğu ilə problem ətrafında hazırlanan araşdırmaların media və sosial şəbəkələr vasitəsilə ictimailəşməsinə yardımçı ola bilərik.

Ən əsası ölkəmizə düşmənçilik bəsləyən separatçı qüvvələrin və onların himayədarlarının bizə qarşı dezinformasiyalarının ifşa edilməsidir. İndiki məqamda Qarabağda – erməni milli azlıqları üzərindən Azərbaycana hücum cəhdləri də bu qəbildəndir.

Qarabağın işğaldan azad edilməsindən qısa zaman sonra Ermənistan və dünyada mövcud olan erməni diasporu beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdı ki, Azərbaycanlılar kilsələri dağıdacaq, xristian abidələrini məscidlərin minarələri ilə əvəz edəcəklər. 2023-cü ilin oktybarın 14-də Roma Papası Fransiskin Qarabağdakı monastırları və dini ibadət yerlərini qorumağa və onlara hörmət etməyə çağırışı da bu informasiyalardan qaynaqlanmışdı.

Biz ölkədə milli azlıqların sosial-mədəni inkişaflarını diqqətdə saxlamaqla Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiya prosesini sürətləndirə bilərik. Etiraf edək ki, hazırda Qarabağdakı ermənilər tərəddüd içindədirlər. Eyni zamanda hər gün dünyanın müxtəlif media qurumlarında guya bölgədə milli azlıqların hüquqlarının pozulması ilə bağlı çağrışlar edilir. Bu çağrışların müəllifləri isə dünyada yaşayan ermənilərdir.

Təəssüf ki, erməni diaspor təşkilatları Ermənistandakı və münaqişənin davam etməsində maraqlı olan digər dövlətlərdəki qeyri-sağlam qüvvələrin media rersurslarının feyk xəbərlərindən qaynaqlanaraq dünya ictimaiyyətini çaşdırır, bölgədə baş verən hadislərlə bağlı yanlış informasiya formalaşdırırlar. Onlar Qarabağ bölgəsində yaşayan ermənilərin guya etnik təmizləməyə məruz qaldıqlarını iddia edirlər. Lakin həm ərazini könüllü tərk edən erməni vətəndaşları, həm də bölgəyə müşahidə missiyası göndərən beynəlxalq təşkilatlar tamam fərqli mənzərə ortaya qoydular. 2023-cü il, oktyabrın 1-də Azərbaycanın Qarabağ regionunda (xüsusən Xankəndidə) müşahidə aparan BMT missiyasının səfər təəssüratları buna bariz nümunədir.

Apardığımız monitorinqlər belə deməyə əsas verir ki, onlar ermənilərdən daha çox, Azərbaycanda yaşayan digər milli azlıqların zaman-zaman mövcud olan problemlərini arxivləşdirərək dünyaya bəyan edirlər. Qeyd edirlər ki, Azərbaycanda digər xalqlar siyasi nöqteyi-nəzərindən təzyiq altında olmasalar da sosial-iqtisadi, milli-mədəni, təhsil və dil, adət - ənənlərinin qorunmasında ciddi problemlər yaşayırlar. Əlbəttə, bu kimi hərəkətlər bölgədə formalaşmaqda olan sülh prosesinə və birgəyaşayışa mane olmaq cəhdindən başqa bir şey deyil.

Xaricdə yaşayan Azərbaycan diaspor təşkilatları eyni profilli erməni təşkilatlarını bölgəmizə aqressiya deyil, sülh daşımağa təşviq etməli, birgəyaşayışın fundamental dəyərlərini ixrac etməlidir.

Mədəniyyətin beşiyi olan Qarabağ hər zaman etnik rəngarəngliyi ilə zəngin olub. Bu sabit etnomühiti yenidən formalaşdırmaq, bölgədə davamlı sülhə nail olmaq üçün ermənilərin öz millətini Azərbaycan dövlətinə reinteqrasiyaya təşviq etməlidirlər. Qeyd olunmalıdır ki, uzun illərdən sonra separatizmin girovluğundan azad olan Azərbaycanın Qarabağ regionu sözün bütün mənasında yenidən dizyan olunur. Genişmiqyaslı abadlıq və quruculuq işləri milliyyətindən aslı olmayaraq bölgədə yaşayacaq əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb.

Həsən Hüseynov

Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.




Xəbər 2250 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +