İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


07.08.2022  12:11 

Aşura dərsləri: Kərbəlanın 1400 ildir susmayan çağırışı...





A+  A-

Mövzu yeni deyil, amma hər il Məhərrəm ayı və xüsusən də Aşura qabağı bu cür mövzular ictimai müzakirələrə çıxarıldığı üçün yenidən ona qayıtmaq, bəzi məqamları açıqlamağa ehtiyac yaranır. Müsəlman təqvimi olan Hicri-Qəməri (ay) təqvimində ilin ilk ayı olan Məhərrəm ayı məlum tarixi səbəblərə görə, matəm və hüznlü təqvim hesab olunur.

Tarixdəki Aşura

Hicri 40-cı ildə 4-cü xəlifə İmam Əli (ə) Kufə məscidində qətlə yetirildikdən sonra hakimiyyəti silah gücünə (buna qədər 4 xəlifə fərli formada olsa da seçki və ilkin müsəlmanların çoxluğunun rəyi ilə seçilmişdi – K.R.) ələ keçirən qiyamçı Şam valisi Muaviyə ibn Əbu Sufyan İmam Həsənlə (ə) saziş imzalayaraq hakimiyyəti təhvil verəcəyi barədə götürdüyü öhdəliyə daha sonra əməl etmir. Və ilk dəfə İslam hakimiyyətini səhabə və tabeinin (Məhəmməd Peyğəmbər (s) eyni dövrdə yaşayanlar və onların övladları, Peyğəmbəri görməyib səhabələri görmüş nəsil – K.R.) ümumi seçimi olmadan oğlu Yezid ibn Muaviyəni xilafət taxtına oturdur. Ancaq dövrün bir çox nüfuzlu şəxsləri Yezidin xəlifə təyin olunmasına etiraz edir. Bunların arasında ən nüfuzlu şəxs isə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) olur. Çünki bu zaman İmam Həsən artıq həyatda yox idi, sui-qəsd nəticəsində öldürülmüşdü.

İmam Hüseyn (ə) bir neçə hüquqi və mənəvi səbəbləri, o cümlədən, Yezidin dini göstərişlərə bağlı olmamasını əsas gətirərək onun hakimiyyətini tanımaqdan imtina edərək, bu hakimiyyətin qanunsuz olduğunu bildirir. Başqa sözlə yeni xəlifəyə beyət etmir.

Dəməşq Əməvi sarayından göndərilən vasitəçilərin təzyiq və israrlı tələblərindən qaçmaq üçün İmam Hüseyn (ə) əvvəlcə ziyarət məqsədi ilə Məkkəyə gedir, ancaq burada Həcc ibadətini yerinə yetirən zaman sui-qəsdə məruz qalacağı barədə xəbərlərdən sonra Həcc ziyarətini yarımçıq qoyaraq xilafətin keçmiş paytaxtı Kufəyə yola düşür. Ancaq Kufəyə çata bilmir. Yarı yolda Kufədən göndərilən hərbi qüvvə tərəfindən indiki Kərbəla çölündə mühasirəyə alınır. İmam Hüseyndən (ə) beyət tələb edən Kufə valisinin qüvvələri təzyiq məqsədi ilə suyu kəsir. Lakin bütün təzyiqlərə rəğmən beyət tələbindən imtina edən İmam Hüseyn (ə) və silahdaşları Məhərrəm ayının 10-cu günü – Aşura ərəbcə 10 deməkdir – Kərbəla çölündə baş verən qeyri-bərabər döyüşdə (Kərbəla hadisəsində xilafət ordusunun sayının 3 və ya 30 min nəfər olması barədə müxtəlif versiyalar var – K.R.) qətlə yetirilir. Özü ilə bərabər iki oğlu, qardaşı, bacısı oğlanları da daxil olmaqla 17 yaxın qohumu ilə birlikdə şəhid olur. Qrupdakı sağ qalan yeganə kişi, İmam Hüseyninin (ə) ortancıl oğlu Əli Zeynəlabidin (ə) olur. Ağır qızdırma xəstəliyindən əziyyət çəkdiyi üçün yataqda olan İmam Zeynəlabidinə düşmən toxunmur. O və qrupdakı qadınlar əsir alınaraq Kufəyə, daha sonra isə karvanla paytaxt Dəməşqə göndərilir.

Məhərrəm əzasının mənası və mənbəyi


Hicri 61-ci ildə baş verən bu hadisə müsəlmanlar arasında böyük hüzn və qəzəbə səbəb olur. Bəzi hədislərdə Peyğəmbərin (s) nəvəsi Hüseynin (ə) amansızlıqla qətlə yetiriləcəyi barədə öncədən xəbər verilməsi insanlar arasında daha çox kədərə səbəb olur. O zaman sağ ol yaşlı səhabələr İraqa gedərək Kərbəla çölündə Peyğəmbər (s) nəvəsinə yas tutur, matəm keçirirlər. Bu hadisə Əməvi sülaləsinə qarşı ciddi etirazlara səbəb olur. Bir il sonra Mədinə və daha sonra Məkkə şəhərlərində üsyan və etirazlar baş verir. Nəticədə xəlifənin orduları Mədinə və Məkkə kimi müqəddəs şəhərlərə hücum edir. Həmçinin İraqda Muxtarın üsyanı baş verir, Əməvi sülaləsi ciddi zərbələr alır.

İmam Hüseynin (ə) köməksiz vəziyyətdə 100-ə yaxın (sənədlərdə 72 və ya bir qədər çox olaraq qeyd edilir – K.R.) yaxın adamı ilə birlikdə böyük bir ordu tərəfindən qətlə yetirilməsi, Peyğəmbər ailəsinin əsir alınaraq saraya aparılması böyük kədərə və eyni zamanda nifrətə səbəb olur.

Sonrakı illərdə insanlar hər il Aşura – Məhərrəm günlərində, həmçinin Aşuranın 40-cı günü (ərəbcə Ərbəin – K.R.) Kərbəlaya gedərək yas saxlayır. Tarixdə İmam Hüseynə (ə) ilk matəm mərasimi şəhadətindən 40 gün sonra səhabə Cabir ibn Abdullah Ənsari tərəfindən keçirilir. Buna görə də hər il İmam Hüseyninin şəhadətinin 40-cı günü böyük izdihamla qeyd olunur. Ancaq həm Əməvilər dövründə, həm də daha sonra Abbasilər dövründə İmam Hüseynə (ə) yas saxlamaq, qəbrinin ziyarəti asan olmayıb. Hətta hakimiyyəti “Əli övladlarının qisası” şüarı ilə ələ keçirən Abbasi xəlifələri Aşura və Məhərrəm mərasimlərini özlərinə qarşı təhlükə olaraq görüb. Abbasi xəlifələri bir neçə dəfə Kərbəlada İmam Hüseynin (ə) məzarını dağıtdırıblar. Ancaq hər dəfə xalq siyasi hakimiyyətlərə rəğmən Kərbəlanı, ziyarəti və əza məclislərini qoruyub saxlayıb.

Kərbəla hadisəsi yazıya alınmış tarixdir. Bu hadisə barədə çoxlu sayda yazılı mənbələr, tarixi əsərlər mövcuddur. Eyni zamanda bu hadisə İslam tarixində xüsusi iz qoyan və qoymaqda davam edən hadisədir. Əhli-Beytə, İmam Hüseynə (ə) sevgi islam aləmində dərin iz qoyub, bir çox məktəblərin, təsəvvüf cərəyanlarında ana xəttə çevrilib.

Bir çox mütəxəssislərə görə, Əməvi dövründə qatı ərəb milliyyətçiliyi fonunda Əhli Beytin bütün xalqlara bərabər münasibəti, ədalətli, şücaətli, əhdə sadiq, qəhrəman obrazı – İmam Əlinin (ə) igidliyi, gücü, Əbəlfəzl Abbasın Aşura günü şücaəti və digər hadisələr - qeyri-ərəb xalqlar arasında Əhli-Beytə sevginin əsas səbəbləri hesab olunur.

Əlbəttə, Aşura tarixi hadisə olmaqla yanaşı İslam dinində xüsusi yerə sahibdir, Əhli-Beytə (ə) ehtiramın ölçü vasitələrindən biri hesab olunub. Bu mənada Aşura hadisəsi tarixi hadisə olmaqdan çıxaraq dini bir fenomenə çevrilib, həm də. Hər il təkrar olunan mərasimlər poeziya, yazılı və şifahi ədəbiyyatda qəsidə, nöhə, mərsiyə kimi janrlarının əsas ilham qaynağı olub. Aşura hadisəsinin hər il canlandırıldığı şəbih tamaşaları xalq teatrı olub. Musiqi sənətinə ciddi təsir edib. Məhəmməd Füzuli, Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və digər Azərbaycan ədəbiyyatının klassikləri hesab olunan şəxslər Aşuraya, Kərbəla hadisəsinə öz yaradıcılıqlarında geniş yer veriblər. Bütün bunlar göstərir ki, ötən min illik periodda Aşura digər müsəlman xalqları kimi Azərbaycan xalqının məişəti, mədəniyyəti və bütövlükdə inanc yaddaşında yerləşib.

Aşura tarixi hadisə olsa da, digər tarixi hadisələr kimi təqvim hadisəsi kimi yad edilmir. Hər il keçirilən əza məclisləri bu hadisəni unutdurmağa qoymur, ona xüsusi çalar qatır, onu canlı saxlayaraq gələcək nəsillə ötürür. Bir mənada əza məclisləri Həzrət Hüseynin (ə) məktəbini qoruyub saxlayaraq onu ayaqda tutan və diri saxlayan ritualdır.

İlahiyyatçı Hacı Şahin Həsənlinin bu mövzuda geniş çıxışları və fərqli bir baxışı var. Onun fikrincə, əza mərasimləri həm də İmam Hüseynlə (ə) birgə, onun hansı dəyərləri daşıdığını əks etdirən simvoldur: “Kərbəla metatarixi bir hadisədir. O, hər zaman aktual qalacaq ictimai və fərdi mövzuları özündə cəmləşdirən bəşər həyatının bir annotasiyasıdır. Ona görə də, məhərrəm əzadarlığı sıradan bir adət deyil, metatarixi gündəmdə saxlayan, yaşadan, dərk elətdirən bir ayindir. Bu hadisənin faciəvi tərəfi haqda deyilənlərə rəğmən, unutmamalıyıq ki, onun qəhrəmanları əks qütbdə duran insanlar idi – nikbin, səmimi, həyat eşqi ilə alışıb-yanan fədakarlar. Ona görə, məhərrəm əzadarlığı sırf keçmişə köklənməməli, tarixi ədalətsizliyi aşılamaqla kifayətlənməməlidir. Bu müsibətə kədərlənməklə yanaşı, onun baş qəhrəmanları kimi yaşamaq şövqü ilə ruhlanmaq lazımdır. Əzadarlıq məclisi bədbinlik aşılaya bilməz, bu, onun hədəfləri ilə daban-dabana ziddir. Əzadarlıq onun üçün yaşadılıb ki, səmimiyyət və fədakarlığın qələbəsinə ümid güclənsin. Kərbəla hekayəti insanlığı qəhrəmanlığa təşviq etmək, haqqı dəyərli saxlamaq üçün yazılıb. Bu hekayə ilə tanış olanın ürəyində nə fərdi, nə ictimai məsələlərdə bədbinliyə yer qala bilməz”.

Aşuranın ifratları


Bütün dinlərdə və məzhəblərdə ifrat elementləri var. Ümumiyyətlə, ifratçılıq insan xarakteri ilə bağlı olduğu üçün hər sahədə radikal, ifrat və ölçüdən kənara çıxma elementləri var. Dünyanın ən kütləvi mərasimlərindən biri olan və 1400 ilə yaxındır davam edən Aşura mərasimlərində də zamanla fərqli xalqların matəm ənənələrinin təsiri ilə radikal, bu gün qəbul olunmayan elementlər müşahidə olunub. Bunların arasında baş yarma, özünə xəsarət yetirmə kimi hallar da var. Ancaq hazırda bu hərəkətlər din alimləri tərəfindən qadağan olunduğu üçün daha çox radikal görüşlü kiçik qruplar tərəfindən qeyd olunur.

Azərbaycanda hazırda demək olar ki, özünə xətər yetirmə halları yoxdur. Varsa da bunlar hansısa gizli qruplardır. Hacı Şahin deyir ki, Azərbaycan xalqının gözəl Aşura ənənəsi formalaşıb: “Kərbəlanın faciəvi tərəfini yaradan saxta, qeyri-səmimi, düşüncəsiz əxlaq və inancın hakim kəsildiyi toplum idi. Deməli, İmam Hüseynlə həmdərd olmaq istəyən bu xüsusiyyətlərdən uzaq düşməlidir. Əxlaq və inanc insanlığın xoşbəxtliyinin zamini olmalıdır, insan eqosunun xidmətçisi yox. Əzadarlıq məclislərinin görkəmindən də həyat eşqi saçmalıdır. Həqiqətən də, soyunmaq və ya baş yarmaq kimi ədəbdən uzaq və ikrah doğuran əməllər heç bir vəchlə Kərbəla amalları ilə mütənasib deyil. Xalqımızın gözəl Aşura ənənəsi var: xütbə və əzadarlıqla yanaşı, insanlar ehsan paylayır, yardımlaşır, bir-birinə dəstək olurlar. Son illərdə QMİ-nin təşəbbüsü ilə qanvermə aksiyaları da keçirilir. Aşura həyat və fədakarlıq məktəbidirsə, onu yaşadan ayinlərdən də həyat və fədakarlıq ətri gəlməlidir.

Əzadarlıqla bağlı ifrata varan, baş yaran insanlar olur ki, onlara qarşı hər zaman prinsipial mövqe tutmuşuq, tənqid etmişik. Ancaq bütövlükdə Aşura ayinini gerilik adlandırmaq bizim tarixi keçmişimizin böyük bir hissəsini inkar etməkdir. Bizim demək olar ki, bütün klassiklərimiz mərsiyə janrına müraciət ediblər. Füzulidən tutmuş bu günə qədər böyük şairlərimiz bu mövzuya müraciət edib, mərsiyələr, ədəbi əsərlər yazılıb. Bu, demək olar ki, bizim mədəniyyətimizin bir çox sahələrinə sirayət edib. Belə bir şeyi bütövlükdə inkar etmək, gerilik adlandırmaq səhvdir”.

Aşuradan almalı olduğumuz dərslər


Kərbəla hadisəsinin ən böyük dərsi əlbəttə ki, fədakarlıq, özünü ali dəyərlər uğurunda qurban verməkdir. Burada qəhrəman, fədakar yalnız İmam Hüseyn (ə) deyil, hər kəs qəhrəmandır. Yaşı 70-dən çox olmasına və getmək imkanı olduğu halda qalıb vuruşaraq şəhadəti seçən Həbib ibn Məzahir, yaxud da İmam Hüseynin (ə) yeniyetmə qardaşı oğlu, 13-14 yaşlı Qasim, ordunun qarşısına çıxıb qılıncla döyüşüb şəhid olan qadın Ummu Vəhəb və nəhayət, qəhrəmanlıqla vuruşub şəhid olan Əbəlfəzl Abbas hər biri ayrılıqda bir fenomen, fədakar, özünü inandığı dəyərlər yolunda fəda etməyə hazır və bunu isbat edən qəhrəmanlardır.

Aşura hadisəsi özünü, hər şeyini inandığı dəyərlər üçün qurban vermənin ən mükəmməl nümunəsidir. Buna görə də Həzrət Hüseyn (ə) şəhidlər sərvəri hesab olunur. Kərbəla – Aşura mərasimlərinin ən böyük mesajlarından biri də şəhadət məktəbi, haqq üçün şəhid olmağı təbliğ etməsidir. Hacı Şahinin bununla bağlı maraqlı yanaşması var: “Şəhidlik ölüm deyil, həyat fəlsəfəsidir. Kərbəla da həyat məktəbidir. Bu məktəbi xalqımız içində yaşadanlar həyatları bahasına bizə həyat verən əziz şəhidlərimzidir. Onları yad etmədən, onların işinə sədaqət göstərmədən, Vətən təəssübü çəkmədən, Qarabağ sevdası ilə yaşamadan İmam Hüseyn (ə) əzadarı olmaq mümkün deyil. Özü də elə bir Qarabağ ki, İmam Hüseyn (ə) adı onun hər qarış torpağına, hər daş-divarına hopub”.

Kənan RÖVŞƏNOĞLU
Yeni Müsavat


Xəbər 2132 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +