24.06.2024 13:33
İranda seçkilər: Oyunpozucu namizəd kimdir?
İranın "Əsre İran" nəşri 3 teledebatdan sonra prezidentliyə namizədlərin təhlilini aparıb.
Xəzərnews.az Yenisabah.az-a istinadən xəbər verir ki, iyunun 28-də 14-cü prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Bu vəzifəyə 6 namizəd ictimaiyyətin rəyini özlərinə çəkmək üçün son cəhdlərini edir. İndiyədək onlar arasında 3 debat keçirilib və təbii ki, növbədə daha 2 debat qalır.
1.Əmirhüseyn Qazizadə Haşemi
İkinci debatda o, mərhum prezident Rəisinin kursunu davam etdirəcəyini rəsmən bəyan edib. Hökumətin son 3 ildə zəif fəaliyyətini nəzərə alsaq, belə bir mövqe praktiki olaraq siyasi intihara bərabərdir. Qazizadənin bu cür qərar verməsi 2 ehtimaldan irəli gələ bilər: ya o, cəmiyyətin reallıqlarını və İbrahim Rəisi ilə bağlı xalqın fikrini bilmir, Rəisinin dəfn mərasimi isə onu səhv nəticəyə yönəldib, ya da onun üçün seçkilərdə qalib gəlmək əsas deyil və sadəcə keçmiş müdiri qarşısında vəfa borcunu ödəyəcək, bir sözlə, bu, siyasi deyil, mənəvi qərardır.
2. Əlireza Zakani
Elə futbolçular var ki, onlara “oyun pozan” deyirlər. Yəni qaydanı tez-tez pozur, sərt mübarizə aparır, rəqib oyunçuların əsəblərinə toxunur, fiziki güc göstərir, yəni meydanda rəqibin planını pozmaq üçün hər şeyi edirlər. Zakaninin seçkilərdə məhz belə bir rolu var. Özü də bilir ki, prezident kürsüsü onluq deyil. Odur ki, rəqiblərinin oyununu pozmağa çalışır.
Zakaninin heç bir planı yoxdur, amma mikroiqtisadiyyat, hüquq və ya inkişafla bağlı bəzi kitablar onun üçün ümumiləşdirilib ki, icra edəcəyi plan kimi kağızdan oxuya bilsin, təki platforması boş görünməsin. Çox güman ki, missiyası bitdikdən sonra, 2021-ci ildə olduğu kimi, siyasi səhnəni tərk edəcək. Ancaq üçüncü debatda Məsud Pezeşkian ona: “Demək istəyirsən ki, axıra qədər qalacaqsan?” – dedikdən sonra o, seçki marafonunda sonadək qalacağına israr edib.
3. Məhəmməd Baqir Qalibaf
O, 20 ildir prezident seçkilərində namizəddir və bu baxımdan İranın prezident seçkiləri tarixinin ən yaşlı namizədi hesab olunur. Əslində, prezidentlik Qalibaf üçün, bir növ, arzuya çevrilib, amma söhbət vəzifə tutmaqdan gedirsə, parlament sədri vəzifəsini tutmaqla da xalqa xidmət edə bilər.
Qalibaf bu arzusuna çatmaq üçün hər şeyi edəcək. Ona görə də ilk debatda, sanksiyalarla bağlı dəqiq mövqe nümayiş etdirməyəndə və bununla bağlı tənqidlərə məruz qalanda, ikinci debatda mövqeyini aydınlaşdırdı. Onun son iki debatda fundamentalistlərin prizmasından daha çox dekonstruktiv sözlər deyəcəyi ehtimalı az deyil. Çünki Qalibaf səs qazanmaq istəyir və hansı məntəqədən səs almağın onun üçün fərqi yoxdur.
4. Məsud Pezeşkian
Onun mühərriki hələ tam işə salınmayıb və özü gözləntiləri doğrultmayıb. Sanki hələ də Nəzarətçilər Şurasının süzgəcindən keçdiyinə və geniş mötədil-islahatçı cinahın prezidentliyə namizəd kimi dəstəklədiyinə inanmır.
Hazırda onun ən mühüm rəqibi bəzən seçici bazasının xoşuna gəlməyən şeyləri söyləməsidir. Üçüncü debatın mövzusuna gəlincə, Pezeşkian meydanın ulduzu ola bilərdi, amma bunu istəmədi və ya bacarmadı. Peşezkian tərifləri bir kənara qoymalı və ona dəstək olan ictimai axını təmsil etməlidir, əks halda, ehtiyac duyduğu dalğa cuşa gəlməyəcək.
5. Səid Cəlili
2013-cü il seçkilərində onun şüarı “daxili imkanlar” idi. İndi, 2024-də o, "qlobal imkanlara" yetişib - “Fürsətlər dünyası” şüarı ilə. 2013 və 2024-cü illərin Cəlili variantları arasında bəlkə də ən mühüm fərq budur, yerdə qalan eyni söz yığınıdır. Cəliliyə ən mühüm etiraz ətraf dünyadan və onun həqiqətlərindən uzaq olmasıdır.
O, 35 illik fəaliyyət və xarici siyasət təcrübəsinə sahib olduğunu iddia edir, lakin Cəlilinin ən mühüm nailiyyəti Əhmədinejadın prezidentliyi dövründə nüvə danışıqları qrupuna rəhbərlik etməsidir.
Ekspertlərdən birinin xarici siyasətlə bağlı “dəyirmi masa” proqramlarında dediyi kimi, onun çıxışlarında “necə”dən daha çox “olmalıdır” kəlməsi üstünlük təşkil edir. Yəni Cəlili, rəhmətlik Rəisi həmişə “olmalıdır” dediyitək, “belə olmalıdır” deyir, amma “necə” belə olmalıdır, - demir.
6. Mustafa Purməhəmmədi
Axund olduğu üçün o, mübahisə və debat, hətta ağız davasında yaxşıdır. İkinci debatda Purməhəmmədi Cəlili və Qalibafın, hətta Pezeşkianın qapısına hücum edə bildi. Amma üçüncü debatda hələ də iddialı yanaşmasını qorumağa çalışsa da, deməyə söz tapmadı.
Zakani 2000-cı illərin ilk çərəyində internet süzgəcində ən böyük rolu məhz Purməhəmmədinin oynadığını deyərkən, yəni şifahi hücuma məruz qaldıqda belə, Purməhəmmədi susmuşdu.
O özünü siyasi sağ və soldan ayrı göstərməyə çalışır. “Mübariz Ruhanilər Cəmiyyəti”nin baş katibi bu fərasətlə prezidentlik iddiası ilə çıxış edə bilərmi?
Xəbər 9880 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|