02.01.2023 10:11
Bəzi vəzifə sahibləri daha xalqı soymayacaqlar...
Bu il hərə öz yerini biləcək. Yəni siyasətçi siyasətlə məşğul olacaq, qəzetçi qəzetini buraxmaqla.
Hamı öz halal maaşı ilə dolanacaq, çünki əməkhaqları minimum əməkhaqqının yüzdə biri qədər artacaq.
Alver o dərəcədə inkişaf edəcək ki, qiymətlər getdikcə bahalaşmayacaq. Xlor satanlar daha xlor satmayacaqlar. Bir sözlə, kasıblığın daşını atacağıq.
Bəzi vəzifə sahibləri daha xalqı soymayacaqlar, rüşvət almayacaqlar. Onlara ancaq “hörmət” edilə bilər.
Nazirlər həmişəki kimi “hazıra nazir” olmayacaqlar, qollarını çırmayıb işə girişəcəklər.
Yüksək mənsəb sahiblərinə tərif demək eyib sayılacaq. Yaltaqlıq azalacaq.
Gündə bir partiya yaranmayacaq, çünki partiya göbələk deyil ki, artsın, törəsin.
Müxalifət iqtidarı, iqtidar müxalifəti söyməyəcək. Ümumiyyətlə, “iqtidar”, “müxalifət” sözləri aradan götürüləcək, “haqq” olacaq, “nahaqq” olacaq, vəssalam.
Kimin pulu çoxdur gedib villadan-zaddan tikdirəcək, daha aləmi bir-birinə vuruşdurub, vəzifə tutmaq fikrinə düşməyəcək.
Millət vəkilləri nəhayət bir-birindən gözəl, “yaraşıqlı” qanunlar yaradacaqlar, daha Məclisdə cümlə düzəltməklə məşğul olmayacaqlar.
Şəhərdə uşaqlar piston partlatmayacaqlar, deməli, qocalar, xəstələr, elə sağlam adamların özləri də adam kimi sakit yaşayacaqlar.
Bir sözlə, pişik siçanla yola gedəcək, tülkü toyuqla. Atı itin yanına, iti atın yanına bağlamaq mümkün olacaq.
Bu ilin ulduz falının dediklərimizə şəkk gətirənlərə qətiyyən dəxli yoxdur.
Xeyrəddin QOCA,
yazıçı-dramaturq
Xəbər 844 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|