Mətbuatımızın 147-ci yubileyini Şuşada keçirmək son 30 ildə hamımızın Şuşaya qayıtmaq arzumuzun bir parçası idi. Yəqin ki, dilə gətirməsək də çoxumuzun ürəyimizdə belə bir istək olub.
İlk dəfə milli mətbuatın yeni yaşının Şuşada keçirilməsi isə nə həmkarlarımızın, nə də bir başqasının deyil, məhz Prezident İlham Əliyevin təşəbbüsü olub. Biz bunu təyyarədə Prezidentin köməkçisi Hikmət Hacıyevdən öyrənəcəkdik.
Şuşaya təyyarə ilə getmək təbii ki, böyük komfortdur. Marşrutumuz əvvəlcə təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına uçmaqla, orada avtobuslarla Şuşaya doğrudur. Təbii ki, Şuşaya səfər istənilən nəqliyyat vasitəsilə bizə, elə hər kəsə məqbuldur, amma təyyarə ilə getməyin də bir ayrı özəlliyi var. Və Hikmət Hacıyevdən onu da da öyrənəcəkdik ki, jurnalistlər üçün təyyarənin ayrılması da elə Prezident İlham Əliyevin təşəbbüsü olub.
Bu ilk idi, həm işğaldan azad olunmuş Şuşa üçün, həm milli mətbuatımız, həm də səfər proqramında iştirak edən jurnalistlər üçün. Bu, Prezidentin biz jurnalistlərə yubiley hədiyyəsi idi.
Şuşada Beynəlxalq Media Forum işə başlayanda Prezident İlham Əliyev media nümayəndələrinə təbrik müraciəti ünvanladı. Dövlət başçısının təbriki Forumda da oxundu. Həmkarlarımız da təsdiq edər ki, hər bir media nümayəndəsi üçün Prezidentin müraciəti qiymətsizdir, hər şeydən əvvəl dövlət başçısının diqqətinin olması, eyni zamanda, növbəti mərhələdə fəaliyyət istiqamətinin müəyyən edilməsi baxımından.
Prezident İlham Əliyev Azərbaycan mediasının peşəkar, azad və beynəlxalq səviyyədə nüfuzunun artmasını istəyir, bunun üçün lazım olan bütün dəstəyi verir.
“Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar” çağırışı ilə hər bir media mənsubunu öz qələmi ilə Vətənin keşiyində dayanmağa çağırır.
Müharibədə qazandığımız Zəfər, azad edilmiş torpaqlarımızın gələcəyi ilə bağlı qurduğumuz planlar, elə yubileyimizi qeyd etdiyimiz Şuşa da bizdən bunu istəyir.
Mediamızda yeni dövrün başlandığını isə elə təyyarədə, Hikmət Hacıyevin jurnalistlərə müraciətində aydın görünürdü. Prezidentin köməkçisinin təyyarədə anons etdiyi “…Həmkarınız və dostunuz Hikmət” sözləri onu göstərir ki, artıq məmur-jurnalist münasibətində birincilərin “özünü yuxarıdan aparması” dövrü geridə qalıb, indi iş prisiplərinin qorunması şərti ilə səmimiyyət dövrü başlanıb. Təbii ki, belə münasibət medianın həm informasiya əldə etməsi, həm də peşəkarlığı baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin istəyi də məhz budur. Obyektiv, peşəkar, azad və Vətənin maraqlarını qoruyan media.
Şuşa səfərində təşkilatçılıqdan tutmuş Beynəlxalq Media Forumunda müzakirə olunan məsələlər, intelektual müzakirələr, səmərəli fikir mübadiləsi və perspektivlərlə bağlı təkliflərin, təşəbbüslərin dinlənilməsi, nəzərə alınması da mediamızın yeni dövrünün mənzərəsi idi.
Bu dövrdə mövqeyinə görə heç bir media mənsubu ayrı-seçkiliyə məruz qalmır, istər iqtidaryönlü olsun, istər olmasın, hər kəs Azərbaycan mətbuatının bir mənsubu olaraq qəbul olunur. Şuşa səfərində iştirakçıların təsnifatı, belə demək mümkünsə, hər kəsin dəvət olunması və hər kəsə eyni münasibətin göstərilməsi də bunu təsdiq etdi.
Artıq qalib ölkənin qalib mediası var və bu medianın əsas hədəfi bütün fikir ayrılıqlarına rəğmən qazandığımız Zəfəri əbədi etmək uğrunda mübarizəyə, işə öz töhfəsini verməkdir. Bu şərəfli mübarizədə bütün həmkarlarıma uğur arzu edirəm!
Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru
Xəbər 2570 dəfə oxunub.