Rəqəmlər həyatımızı necə dəyişir? - VİDEO
Hava limanında yanğın
Maşın kanala aşdı: 5 nəfər...
Bakının mərkəzində söküntü - VİDEO
Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman
ABB maşınlarını satır?
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI
DİN: Bir gündə 34 cinayətin üstü açılıb
Qızı da atası kimi adını villasına həkk etdirib - Foto
Arabaçının adına 5 şirkət var, 54 min 441 manat da...


21.04.2025  18:34 

İspəndiyarın “Hollywood”u...





A+  A-

Azərbaycanın bugünkü reallığında pullu olmaq üçün savadsız olmaq lazımdır. Söhbət lap çox puldan gedir. Bir az özünü dəliliyə qoymalısan. Çox hiyləgər olmalı, amma özünü avam kimi göstərməlisən. Məsələn, deməlisən ki, mənim savadım yoxdur, adımı da yaza bilmirəm. Özündən yüksək olanlara baş əyib, özündən aşağı olanları əzməlisən. Aldatmağın min dilini bilməlisən. Bataqlıda belə özünü tərtəmiz təqdim etmək bacarığın olmalıdır. Qısacası, canında İspəndiyarlığın tamamını daşımalısan. Əminəm, “Şərurlu İsfəndiyar” özünə məhz İspəndiyar deyir. Saf görünmək üçün. Əbəs yerə restoranının adını “Hollywood” qoymayıb ki? Aktyorluq etmədən gözə girmək, pul qazanmaq çətindir.

Azərbaycanda ən böyük maxinasiyalar, aldatmalar, haqqa girmələr, rüşvət, korrupsiya tikinti sektorundadır. Sonuncu leysan yeni tikilən binalarda nə qədər çatışmazlıqlar üzə çıxardı. Mənzillərin damlarından, eyvanlarından selləmə gedirdi. Sosial şəbəkələrdə saysız-hesabsız belə videolar paylaşıldı. “Şərurlu İsfəndiyar”ın tikdiyi binalarda da evlərin içi bayırdan fərqlənmirdi. Elə bu leysan getdiyi vaxtda isə İspəndiyar ölkə mediasında manşetlərdə idi. Canlı yayımlarda alovlu-alovlu danışırdı. Düzlük-dürüstlük pərdəsinə bürünmüşdü. Kimlərəsə mesaj göndərirdi, hədələyirdi, asıb-kəsirdi.

Bəlli oldu ki, onun bu hay-küyü əbəs deyilmiş. Qulağı səsdə imiş. Özünə dəymədilər, amma oğlunun həbs xəbəri yayıldı. Xəbərdə deyilirdi:

““Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs olunub. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə Şahin Axundov atasının biznesinə daxil olan çoxsaylı Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin sədri olub. Qeyd olunur ki, Şahin Axundov sədri olduğu MTK-ya mənzil almaq üçün pul ödəmiş vətəndaşların şikayətləri əsasında tutulub. Ona qarşı külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. Şahin Axundovun sədri olduğu MTK-da bir mənzilin bir neçə nəfərə satılması iddiaları var”.

Beləcə...

Yadıma bir epizod düşdü. Bu günlərdə hansısa yeni çəkilmiş yerli filmlərdən bir hissəcik yayıldı sosial şəbəkələrdə. Çox varlı bir adam maşını ilə gedərkən yol kənarında gözəl bir villa görür. Maşını saxladıb sürücüsünü göndərir ki, bəs get gör, o evin sahibi kimdirsə öyrən, villasını satın alaq. Sürücü gedib vəziyyəti öyrənib qayıdır və bəlli olur ki, sən demə, bu ev elə həmin pula pul deməyən adamın özünün imiş. O qədər evi, malı, mülkü var ki, haqq - hesabı itirib. Öz evini belə tanımayacaq hala gəlib.

Bu mövzu sizə tanış gəldi?

Azərbaycanda bu anektod illərdir danışılır, çox adam bilir. Məşhur nazirlərdən birinin başına gəlmişdi bu hadisə. İndi onu səhnələşdiriblər.

Həmin nazir də xarakter olaraq İspəndiyar idi. Formaca demirəm, mahiyyətcə. Öz evini tanımayacaq dərəcədə pullanmışdı. İndi deyilənə görə, vəziyyəti əvvəlki kimi deyil. Artıq öz evlərini tanıya bilir...

“Şərurlu”nun onlarla oxşarı var ölkəmizdə. Yüksək vəzifədə olanları da var, hələ nərdivanın ilk pilləsində duranları da. Bu coğrafiyada həyat nərdivanının yüksəliş məntiqini bilənlər belə münbit şəraitdən maksimum yararlanmağa çalışırlar. Hərdən basabas olur. Bir İspəndiyar o biri İspəndiyara badalaq gəlir, kəllə-mayallaq aşağı dığırlanır. Aşağı yıxılan üz tutur mediaya, danışır, danışır, haqq-ədalət tələb edir. "Tik-tok"da canlı yayım açıb insanların duyğularını əmir. Gündəm şənlənir...

Meydan İspəndiyarlar üçün əlverişli olanda təbii ki, savadlı adamlar onlara ehtiyac olan ölkələrə üz tutacaqlar. Gedə bilməyən alimlər isə İspəndiyarın dediyi kimi, onun üçün işləyəcək: Qəpik – quruşa. Onun tikdiyi binalarda yaşayacaq, yağış yağanda da başına su damcılayacaq. Çin üsulu işgəncə kimi...

Və beləliklə, İspəndiyarlar zirvəyə yüksəlir. Onlar damından su axan evlərdə yox, yalanla hörülmüş villalarda yaşayırlar. Yağış onların pəncərəsinə yox, bizim başımıza yağır. Amma nə qədər ki, biz bu yağış suyunu aydınlıq rəmzi kimi qəbul edəcəyik, İspəndiyarlar heç nəyi dəyişməyə ehtiyac duymayacaqlar.

Binalar tikilir, pullar qazanılır, amma təməl su içində qalır. Təməli su çəkən bir cəmiyyət isə gec-tez ya çökür, ya da yıxılır. Su damcılamır artıq - boğur...

Elnur Məmmədli
Yenisabah.az

Xəbər 4632 dəfə oxunub.




18.10.2025  18:00 

Hava limanında yanğın

18.10.2025  15:47 

ABB maşınlarını satır?

17.10.2025  21:48 

Rusiyada güclü partlayış

17.10.2025  21:43 

Klub prezidenti öldürüldü -FOTO

17.10.2025  21:12 

İcra başçısı olacaq?

17.10.2025  21:07 

Evlərində axtarış aparılıb

17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO


BÜTÜN XƏBƏRLƏR +