“DİN-nin rəsmi açıqlamasında deyilir ki, çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır. Hansı qanuna, qaydaya, yazılı mətnə görə qadağandır? Bu qadağa turizm obyektlərinə mənfi təsir edəcəkmi? Onların gəlirlərinin azalması kimə sərf edir?”
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Real Partiyasının sədri Natiq Cəfərli çıxış edib.
N.Cəfərli bildirib ki, dünyanın bir çox ölkələrində çimərliklərdə müxtəlif əyləncələr mövcuddur, məsələn, at sürmək, at icarəsindən kasıb vətəndaşın 5 manat pul qazanması niyə qadağan edilməlidir ki?!:
“Dəfələrlə bu haqda yazmışıq-danışmışıq – aşırı tənzimləmə qaydaları, qadağalar, məhdudiyyətlər biznes üçün, zatən qəliz olan vəziyyəti daha da çətinləşdirir. Azərbaycan hökuməti iqtisadi tənzimləmə qaydalarını, inzibati məhdudiyyətləri, vergiləri, rüsumları minimuma endirməlidir ki, biznes nəfəs ala, kiçik-orta sahibkarlıq inkişaf edə bilsin”.
Partiya sədri əlavə edib ki, yeni yaradılan, məsələn, AQTA kimi qurumlar mənasızdır, biznesə yükdür, ləğv edilməlidir, onların funksiyası qida təhlükəsizliyini təmin etməkdirsə, bunu tam həyata keçirmək mümkün deyil axı – demək olar ki, hər gün qida zəhərlənməsi ilə bağlı məlumatlar yayılır, belə hadisələr AQTA-dan əvvəl də var idi, indi də var, yəni, AQTA burada keyfiyyət dəyişikliyinə nail ola bilməyib, ola bilməz də - çünki, ən yaxşı nəzarətçi vətəndaş, ən güclü hakim rəqabətdir:
“Dövlətin məhkəmə sistemi işlək və çevik olsa, vətəndaş özü nəzarətçiyə çevriləcək, istənilən neqativ hadisəyə görə biznesi məhkəmə yolu ilə cəzalandıracaq, biznes də rəqbətli mühitdə pis, keyfiyyətsiz xidmət göstərsə, müflis olub bazardan çıxacaq. Vəssalam!”
Xatırladaq ki, DİN çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürməyi qadağan edib.
Bu cür nəqliyyat vasitələrinin və heyvanların insanların sıx olduğu istirahət zonalarında hərəkəti qanunla qadağandır. Çünki belə hallarda uşaqların, yaşlıların və digər istirahət edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altına düşür.
Çimərliklərdə məsuliyyətsiz davranış faciəyə səbəb ola bilər. Düşünün ki, ehtiyatsızlıqla bir uşağa zərər yetirsəniz, bunun mənəvi ağırlığını bir ömür boyu daşımalı olacaqsınız.
Xəbər 630 dəfə oxunub.