17.04.2025 14:07
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Xəbər verildiyi kimi, Rusiyada keçmiş SSRİ ölkələrindən olan miqrantlara, xüsusilə də Orta Asiyadan gələnlərə qarşı münasibət o qədər pisləşib və təhqiramiz xarakter alıb ki, son 100 ildə Moskvanın üzünə bir dəfə də ağ olmayan Qırğızıstan Rusiya səfirini XİN-ə çağıraraq ona nota təqdim edib.
Bu, necə deyərlər, dananın quyruğunun qopduğu yerdir. İndiyə qədər Kremldə elə düşünürdülər ki, nə etsələr də, Orta Asiya respublikaları itaət etməkdə, “altdan almaq”da davam edəcəklər. Qırğızların reaksiyası isə həm Qırğızıstanda, həm də bütövlükdə regionda anti-Rusiya ovqatının əndazədən çıxa biləcəyinin göstəricisidir.
Son 15 ildə dəfələrlə üsyana qalxaraq ölkədə iqtidar komandalarını dəyişdirmiş qırğız xalqı Rusiyada miqrantlara qarşı baş verənlərə görə cana-boğaza yığılmış hala gəlib və vəziyyət belə davam edərsə, Qırğızıstanda yaşayan rus icması ciddi təhlükə qarşısında qala bilər.
Görünür, bunu artıq Moskvada da anlayıblar. Ona görə də Rusiya Xarici İşlər Nazirliyi ictimai rezonansa səbəb olan hadisəyə, xüsusi təyinatlıların Moskvada miqrantların yığışdığı hamama basqını etməsinə dair izahat verib. Fəqət XİN hamamda saxlanılan əcnəbilərlə islamçı radikallar arasında mümkün əlaqənin olduğunu açıqlayıb.
Yəni ortada dəlil-sübut, əldə fakt yoxdur, amma iddia belədir ki, hamamda çimənlərlə hansısa ekstremistlər arasında əlaqə olması mümkün ola bilər.
XİN-dən izahat verilib ki, miqrantların istirahət etdiyi Moskva hamam kompleksində keçirilən yoxlama adi xarakter daşıyır və heç bir konkret ölkədən olan insanlara qarşı yönəlməyib.
Açıqlamada bildirilir: “Aprelin 10-da Moskva hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizliyin və ictimai asayişin qorunması istiqamətində səylər çərçivəsində Moskvanın Timiryazevski rayonunda ictimai yerlərdə, “Bodrost” hamam kompleksində və digər yerlərdə planlı yoxlama aparıblar. Tədbir nəticəsində məlum olub ki, əcnəbilərin az qala yarısı Rusiyada qeyri-qanuni olub”.
XİN əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ciddi şəkildə mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstəriblər: “Müqavimət göstərən bəzi şəxslər saxlanılarkən müəyyən olunmuş tədbirlər həyata keçirilib”.
Basqından yayılmış videolarda isə başqa mənzərə görünür. Başqan-ayağa tam döyüş hazırlığı halında olan yekəpər xüsusi təyinatlılar çılpaq miqrantları döşəməyə uzadıb iməklədir, söyür, təhqir edir, fiziki təzyiqə məruz qoyurlar. Bu isə “mövcud qanunvericilik çərçivəsinə” sığan hərəkətlər deyil. Aydın məsələdir ki, əyinində heç nə olmayan şəxslərin soyuq və odlu silah gizlətmək imkanlarının sıfıra bərabərdir. Belə olan halda, onlarla yaxalanmış terrorçular kimi davranılması heç bir qayda-qanuna sığmır. Nə ehtiyac var? Onlar bu halda bir yerə qaçası da deyillər. Heç biri də müqavimət göstərmir, eləcə üzüqoylu döşəməyə səriliblər. XİN isə “müqavimət göstərənlərə qarşı səlahiyyət çərçivəsində tədbirlər görüldüyü”ndən dəm vurur.
Lavrovun idarəsi sözügedən hərəkətlərin “hər hansı bir ölkənin vətəndaşlarına yönəlmədiyini desə də, gün kimi aydındır ki, elə deyil. Bu hərəkətlər məhz orta asiyalı miqrantlara qarşı yönəlib. Moskva hamamlarla doludur, başqa hansına belə basqınlar olur? Demək olar ki, heç birinə.
Bu kimi hallar ötən ilin martında “Krokus siti holl”da törədilən terror aktından sonra Rusiyada kükrəmiş nasizm dalğasından irəli gəlir. Artıq qanunvericilik səviyyəsində belə miqrantlar Rusiyanın bətnindəki “yad cism” elan edilib, onların bütün hüquqları məhdudlaşdırılıb. 1930-cu illərdə nasist Almaniyasında yəhudilər hansı durumda idilərsə, 2025-ci ilin Rusiyasında da miqrantlar təxminən eyni vəziyyətdədirlər. Ancaq bu, son hədd deyil. Vəziyyətin daha da pisləşəcəyini təxmin etmək olar.
İndi sıravi ruslar da miqrantlara qarşı “ayıq-sayıq vətəndaşlar”a çevriliblər, harada 3-5 miqrantı birlikdə istirahət, ticarət edən yerdə görürlərsə, dərhal “orqan”lara xəbər verirlər. İş o yerə çatıb ki, pul müqabilində miqrantlarla cinsi yaxınlıq edən fahişlər də sonradan polisə şikayət edir, zorlandıqlarını bildirir və miqrantların çox halda soğan kimi soyulmasına, bəzi hallarda isə məhkum edilməsinə nail olurlar. Bu şəxslərin artıq qanunlar qarşısında heç bir immunitetləri qalmayıb.
Daha sonra nazirliyin açıqlamasında bildirilir: “Rusiya tərəfi təəssüflə qeyd edir ki, adıçəkilən əcnəbilər tərəfindən Rusiya Federasiyasının qanunlarına açıq-aşkar etinasızlıq, cəmiyyətimizə və dövlətimizə qarşı çıxmaq cəhdi var”.
Demək, qırğızlar bellərində fata, ayaqlarında çəkələk, hamamda Rusiya qanunlarına qarşı etinasızlıq edir, cəmiyyətə, dövlətə qarşı çıxırmışlar. Bunun adı absurd açıqlamadır.
Bu arada Qırğızıstanın Əmək Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, saxlanılan ölkə vətəndaşlarından polisin hərəkətləri ilə bağlı ifadə vermələri xahiş olunub, lakin onlardan heç biri bunu etməyib.
Qırğızların niyə belə etmədiyi aydındır. Onlar nasist SS-nə dönmüş strukturdan şikayət edərək hədəfə gəlmək istəmirlər, bundan sonra gizlənə-gizlənə, birtəhər başlarını dolandırmaq fikrindədirlər.
Qırğız deputat Altınbek Kılıçbayevin fikrincə, qırğızların ərizə verməkdən imtinasının səbəbi deportasiya qorxusu və ya digər nəticələr ola bilər. Kılıçbayev əlavə edib ki, oxşar hallar 1990-cı illərdən bəri baş verir. Hazırda isə vəziyyət tam dözülməz səciyyə alıb.
Aprelin 14-də məlum olub ki, təhlükəsizlik qüvvələrinin Moskva hamamında keçirdiyi reyd zamanı 59 əcnəbi vətəndaş polis bölməsinə aparılıb. Onlardan 25 nəfərinin ölkə ərazisində qanunsuz olduğu müəyyən edilib ki, onlara görə cərimə və sonradan inzibati qaydada deportasiya nəzərdə tutulur.
İndi Qırğızıstanda əsas qənaət belədir ki, qırğızlar işləmək üçün daha Rusiyaya getməməli, öz vətənlərində qalıb işləməldirlər. Bundan ötrü, əlbəttə ki, ölkədə lazımi qədər iş yerləri olmalı və yeniləri yaradılmalıdır.
Onu da qeyd edək ki, miqrantlara qarşı başladılan sıxışdırma kampaniyasında özfəaliyyət halları da var. Yerli rəislər, orta ranqlı məmurlar miqrantlara “bankomat” kimi baxır, çox pula ehtiyacları olanda onların toplaşdığı yerlərə reydlər təşkil edir, çoxundan xərac alırlar.
Bir sözlə, Rusiyada miqrantlara qarşı əməlli-başlı “bespredel” hökm sürür.
Araz Altaylı,
Musavat.com
Xəbər 466 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|