London Azərbaycan Qadınlar Klubunun təşəbbüsü və Böyük Britaniyada yaşayan soydaşlarımızın iştirakı ilə Yunus Emre Mərkəzində Novruz bayramı qeyd olunub.
XəzərNews.az xəbər verir ki, Tədbirdə çıxış edən London Azərbaycan Qadınlar Klubunun rəhbəri, Azərbaycan Mədəniyyət Mərkəzinin vitse-prezidenti Sevil Aslanova soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib, iştirakçıları salamlayıb.
Azərbaycan dövlət Himninin səsləndirilməsi ilə başlayan bayram tədbirində şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" ("Xudayar təsnifi") təsnifi qonaqlar tərəfindən maraqla izlənilib.
Bayram məclisində Avropanın müxtəlif ölkələrindən (Azərbaycan, Türkiyə, Niderland, Danimarka, Kanada, Almaniya, Kipr) fəaliyyət göstərən Azərbaycan diaspor rəhbərlərinin video təbrikləri səsləndirilib.
Sonra tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin ikinci katibi Eltay Aslanov qonaqları bayram münasibətilə təbrik etdi. Həmçinin Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Hafiz Baxşəliyev, Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Hicran Stoqdon-Seyidova, Kembric Universitetinin professoru Qərib Mürşidov və digər iştirakçılar bayramla bağlı öz fikirlərini bölüşüblər.
Sevil Aslanova Azərbaycan Mədəniyyət Mərkəzinin vitse-prezidenti olaraq həyata keçirmək istədiyi yeni layihə haqqında da məlumat verib. Qeyd edib ki, bu layihələr çərçivəsində Azərbaycan Dil Klubunun yardılması, Milli rəqslər (böyük və kiçik yaşlılar üçün) və musiqi alətləri üzrə dərslərin keçirilməsi, Azərbaycan dili sinfinin fəaliyyətini planlaşdırırlar. Onun sözlərinə görə, bu kimi təşəbbüslər İngiltərədə yaşayan azərbaycanlıların milli kimliyini qorumasına, dilimizin, mədəniyyətimizin gələcək nəsillərə ötürülməsinə böyük töhfə verəcək.
Bayram tədbirində İngiltərədə təhsil alan azərbaycanlı tələbələrin milli geyimdə çıxış etmələri, digər soydaşlarımızın adət-ənənələrimizdən danışmaları, uşaqların yumurta döyüşdürməsi və tonqal üzərindən tullanması maraqla qarşılanıb.
Tədbirdə həmçinin ənənəvi Novruz şirniyyatları – şəkərbura, paxlava, qoğal və digər ləziz təamlar qonaqlara təqdim edildi. Eyni zamanda, İngiltərədə yaşayan soydaşlarımızın əl işləri və kitabları sərgilənərək qonaqlara tanıdıldı. Bu, milli irsimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək baxımından böyük əhəmiyyət daşıyıb.
Müsiqili-əyləncəli tədbir milli mətbəximizin ləziz yeməkləri, çeşidli oyunlar, boyalı yumurta toqquşdurma yarışı, uşaqlar üçün şirin pambıq, üz boyaması, əyləncəli səhnəciklərlər davam edib.
Xəbər 1432 dəfə oxunub.