Bayram günləri olmasına baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları paytaxt sakinlərinin “işıq kəsim” əməliyyatına başlayıblar.
Paytaxtın Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən
“Rahatlığın Məkanı Gold” Yaşayış Kompleksinin bir qrup sakinləri redaksiyamıza müraciət edərək etirazlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, neçə illərdir “Azərişıq” ASC-nin əməkdaşı hər ayın eyni günlərində sayğacları oxudaraq müvafiq bildirişləri mənzillərə təqdim edir və hər bir mənzil sahibi də, istifadə etdiyi elektrik enerjisinə görə ödənişini edirdi. Lakin, ərazi üzrə məsul şəxs yaxın günlərdə işdən kənarlaşdığından yeni təyin olunan xanım əməkdaş mart ayı üzrə bildirişləri sakinlərə təqdim etməyib. Nəticədə bayram günləri bir qrup “Azərişıq” əməkdaşı ərazi üzrə gəzərək mənzillərin işıqlarını kəsməklə məşğul olublar.
Sakinlər haqlı olaraq bildirilər ki, mənzillərə mart ayı üzrə heç bir bildiriş gəlmədiyi halda bayram günləri sakinlərin mənzillərinə elektrik enerjisinin verilişi xəbərdarlıq edilmədən dayandırılıb.
Maraqlı olan məqam isə “Azərişıq” ASC-nin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozmasıdır. İlkin olaraq bildiriş təqdim edilmədən istehlak olunan elektrik enerjisinin dayandırılması, daha sonra isə bayram günləri əməkdaşların işə məcbur çıxarılaraq işlədilməsi. Belə ki. əraziyə çıxan əməkdaşlar da işə könüllü çıxmadıqlarını bildiriblər.
Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 9.13.2. maddəsində deyilir ki, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra, bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji verilişi dayandırıla bilər.
Məsələ ilə bağlı məlumat almaq üçün “Azərişıq” ASC-nin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, bayram günləri olduğu üçün cəhdlərimiz alınmadı.
Bəs görəsən, qanunauyğun olaraq ödəniş hansı müddət ərzində edilməlidir? Ən əsası, “Azərişıq” ASC abonentlərə işıq verilişini nə vaxt dayandıra bilər?
Vəkil Turan Abdullazadə mövzu ilə bağlı bu günlərdə vətəndaşları maraqlandıran sualları cavablandıraraq məsələyə aydınlıq gətirib.
O bildirib ki, bu məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” ilə tənzimlənir:
“Belə ki, həmin Qaydaların 9.13-cü maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır:
1) İstehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
2) Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
3) Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;
4) Enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;
5) Məhkəmənin qərarı ilə;
6) Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında.
İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir”.
Vəkil əlavə edib ki, elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır.
Elektrik enerjisinin verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra bir gün müddətində enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsi bərpa edilməlidir.
Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Qeyd olunan qaydaların müddəalarından da göründüyü kimi, vətəndaşın elektrik enerjisinə olan borcunun gün ərzində ödənilməsini tələb etmək tam qanunsuzdur. Belə ki, qanunvericilikdə vətəndaşın elektrik enerjisinə görə borcunun ödənilməsi üçün ona 30 gün, yəni 1 ay vaxt verilib. Vətəndaşa bu cür təzyiq xarakterli bildirişin hüquqi əsası yoxdur və qanunsuzdur.
Bununla bağlı vətəndaş istehlakçı hüquqlarının pozulması ilə əlaqədar Antiinhisar və İslehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, “Azərenerji” ASC-nin və “Azərişıq” ASC-nin rəhbərliyinə, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinə, habelə məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına görə – fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.
Xəbər 642 dəfə oxunub.