27.03.2025 12:21
“QHT İşi” Mirvari Qəhrəmanlını da prokurorluğa apardı
Daha bir QHT rəhbəri Baş Prokurorluğun İstintaq İdarəsində aparılan “QHT İşi” çərçivəsində istintaqa cəlb edilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dindirilmək üçün prokurorluğa dəvət olunub.
Mirvari Qəhrəmanlı agentliyə açıqlamasında deyib iki, o bu haqda məlumat vermək istəmir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
“İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui - istifadə etmə) və 313 - cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib.
Xəbər 1555 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|