21.04.2025 10:39
Qareginin revanşı: Erməni diasporlarını birləşərək hərəkətə keçməyə səsləyib
Erməni katolikosu 2-ci Qaregin Pasxa bayramı münasibətilə imzaladığı məktubda erməniləri yenidən revanşa, ayaqlanmağa çağırıb. Pasxa bayramı xristian aləminin əlamətdar bayramıdır və bu bayram müharibəni, qanı, savaşı deyil, sülhü və humanizmi tərənnüm edir. Həzrət İsanın dirilişinin timsalında bütün bəşəriyyətin ruhunun dirilməsini özündə ehtiva edir.
Lakin bu dəyərlərdən uzaq olan erməni katolikosu, din adı ilə təxribat yaradır, toxumları yeni cücərməkdə olan sülh tarlasını şumlayıb qan, barıt, güllə, savaş əkmək istəyir. Fars molla rejimi İslam dəyərlərinə hörmətsizlik etdiyi kimi, Qaregin də erməniləri Xristian dəyərlərinə hörmətsizlik etməyə çağırır əslində.
Məktubunda Osmanlı imperiyasının guya ermənilərə qarşı soyqırımı törətməsi iddiasını qeyd edərək Qarabağdan zorla çıxarıldıqlarını bəyan edib. Erməni diasporlarını Ermənistan ətrafında birləşərək hərəkətə keçməyə səsləyib.
Məlumdur ki, 1918-ci ildən bəri xalqımıza qarşı erməni vandalizmi və soyqırımının törədilməsinin əsas ideya müəlliflərindən biri də məhz erməni kilsəsi olmuşdur. Təsadüfi deyil ki, Ermənistanın ilk milli "qəhrəmanı" Azərbaycan xalqına qarşı terror və genosid etmək vəsvəsəsini verən, cinayətlərdə bilavasitə şəxsən iştirakı olan 1-ci Vazgendir. Vazgenə "qəhrəman" adı məhz xalqımıza qarşı mənfur cinayətlərin törədilməsinin ideoloji proqramını cəzanlardan olduğu üçün verilib. Eyni ənənəni indi də davam etdirən erməni kilsəsinin katolikosu 2-ci Qaregin xalqını qana-savaşa təhrik etməklə, bölgədə sülhü çığnamağa çağırışla İsanın deyil, ona xəyanət edən İudanın yolunu izlədiyini sübut edir. Xristian dünyasının belə bir bayram əhvalını fürsət bilən bu şəxs, bəhs etdiyi məsələlərlə manipulyasiya edərək guya xristianlığın da təhlükədə olduğunu iddia etməklə saxta əzabkeş maskası geymək istəyib.
Qarabağın Ermənistan tərəfindən işğal olunması, sonra Azərbaycan dövlətinin qanuni ərazisi, bir parçası olaraq ordumuzun sayəsində azad edilməsi kapitulyasiya aktı sayılan rəsmi bəyanatla Ermənistan dövləti tərəfindən rəsmən etiraf olunub. Qarabağın Azərbaycan olması dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş mütləq həqiqətdir. İndi Ermənistan - Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmasının yekunlaşdığı, Ermənistanın konstitusiyasından torpaq iddialarının çıxarılması barədə və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı razılığa gəlindiyi ərəfədə Qareginin belə bir mənfur çağırış etməsi əslində Ermənistanın özünə qarşı, regionda sabitliyə qarşı təxribatdır.
Din adamı, kilsə mənsubu sülhə çağırmalıdır. Siyasət meydanı gərilib dövlətlər, xalqlar savaşanda din xadimləri, ruhanilər arabuluculuq etməli, sülh və barış yaratmalıdır. Amma Ermənistanda həmişə əksinə olub. Kilsə həmişə qana, terrora, revanşizmə çağırıb, hətta əlini qana da batırıb. Bu, ortaq peyğəmbərimiz olan İsa Məsihin sülhpərvər, humanist obrazına, xristian dininin ali dəyərlərinə xəyanətdir, hörmətsizlikdir.
Qareginin tamamilə əsassız, iftira dolu qarayaxmasına görə guya ermənilərin xristian kimliyinə təhlükə var, guya Qarabağda onlara qarşı soyqırımı və məcburi köçürülmə baş verib. Tam cəfəngiyyat və bir ölkənin dini liderinə xas olmayan böhtandır bu ifadələr. Qarabağda məscidləri, kilsələri, İslamla yanaşı, Xristian dəyərlərini də məhv edən, təhrifə məruz qoyan, təhqir edən, Xocalıda xalqımıza qarşı genosid törədən məhz ermənilər olmuşdur. Azərbaycan isə kilsə və məscidləri, məbədləri təmizləyib təmir - bərpa edir, tarixi - mədəni irsimiz olaraq göz bəbəyi kimi qoruyur.
Qarabağ ermənilərinin də könüllü şəkildə, deyib - gülərək, birinin də burnu qanamadan hansı formada getdiyini bütün dünya bilir. İndi Qaregin hansı yuxuya, hansı xəyala dalıb şər və böhtan uydurur? Xalqımıza qarşı törədilmiş tarixi cinayətlərə rəğmən bölgənin, xalqların dincliyi naminə Azərbaycanın sülhə getdiyi zamanda indi də dini zəmində qarşıdurma, təxribat ocağı qalamaq istəyirlər.
Ermənistan hakimiyyəti əgər sülh mövqeyində səmimidirsə, kilsəsinin keçmiş səlibçilik təfəkküründən, revanşist, işğalçı niyyətindən ayrılıb labüd reallıqlara rəğmən barışa mane olmaması üçün lazımi işlər görməlidir. Qareginin bu bəyanatı tamamilə əsassız, iftira xarakterli olmaqla yanaşı eyni zamanda dini dəyərlərə, ruhani, katolikos obrazına xəyanətdir.
Tural İRFAN
İlahiyyatçı-yazar
Xəbər 685 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|