17.04.2025 14:20
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş “Günay Bank”dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib.
Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən “Babək” Plazada baş tutub. İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkanı Valeriy Zaxarenkonun başına çırpıb. Bundan sonra FTX zabiti Valeriy Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar. Oleq Bakinski ittihamı qətiyyətlə rədd edir. Valeriy Zaxarenko ilə bəlli olan budur ki, onun rəhbərlik “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb.
Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb. Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib.
Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur. Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub. O, məhkəmədə tərcüməçinin xidmətindən istifadə edir. Oleq Bakinski isə Azərbaycan dilində sərbəst danışdığından tərcüməçi xidmətindən imtina edib. Konstantin Kuçer də ittihamı qəbul etmir, özünü təqsirli bilmir. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Ötən prosesdə Konstantin Kuçerin vəkili vəsatətlə çıxış edib. Bildirib ki, ibtidai istintaq zamanı 12 vəsatət təqdim ediblər. Lakin bu vəsatətlərin təmin olunub-olunmaması barədə onlara heç bir məlumat verilməyib. Vəkil vəsatətlərlə bağlı məsələnin aydınlaşdırılması üçün istintaq orqanına sorğu göndərilməsini xahiş edib. Vəkil qeyd edib ki, mövcud sənədlərə əsasən, “Aviazapçast” ASC-də 7 milyon 800 min avro məbləğində əməliyyat həyata keçirilib.
Onun sözlərinə görə, bu vəsait Konstantin Kuçerin şirkətə ödədiyi məbləğə uyğundur. Vəkil maliyyə sənədlərinin əldə olunması üçün sənədlərin tədqiqi mərhələsinin təxirə salınmasını istəyib. Proses zamanı hər 2 təqsirləndirilən şəxsin vəkili “Babək Plaza”da baş verən hadisənin görüntülərinin əldə olunması, eləcə də Yeni Klinikaya sorğu verilərək zərərçəkənin rentgen müayinəsi ilə bağlı sənədlərin təqdim olunması üçün birgə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin edib. Oleq Bakinski və Konstantin Kuçerin vəkilləri müvəkkilləri barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib./Musavat.com
Xəbər 1319 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|