18.04.2025 11:19
3+3 formatı ömrünü başa vurur
Gürcüstanda dünən 3 Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüş, daha çox praktiki məsələlərin müzakirə edilməsi, regional inteqrasiya sahəsində ilk sağlam addım hesab oluna bilər. SSRİ dağıldıqdan sonra Ermənistanın işğalçılıq siyasəti buna imkan vermədi. Ermənistanın işğalçılıq təhtəlşüurundan əl çəkib, çəkməməsi də məhz bundan sonra bilinəcək.
3+3 formatının dağılmasının ideya müəllifi Ermənistandır. Bu mövzuda İranın da rolu inkaredilməzdir. Ermənistan Azərbaycanla münasibətlərə yalnız məcburiyyət çərçivəsində gedib. Əgər Azərbaycanın hərbi qələbəsi olmasaydı, Azərbaycanla bəlkə də masa arxasında oturmazdı, ATƏT MQ çərçivəsində işlərini davam etdirərdi. İndi də Ermənistan başa düşür ki, ATƏT MQ-nin qalması birinci növbədə onun özünə ziyandır. Qarabağ ermənilərini ruhlandıran əsaslardan biri odur, amma əl çəkmək istəmir.
İranın Qərbin maraqlarının regiona gəlməsinin əleyhinə olduğunu bəyan edir. Amma Ermənistana deməyib ki, ATƏT MQ-dən əl çək, Aİ, NATO-nu regiona gətirmə.
Azərbaycan bunlardan ötrü bütün beynəlxalq aləmlə çəkişmə vəziyyətindədir, Ermənistan isə onları dəvət edir. İran Azərbaycanın yox, onların tərəfindədir. 30 işğal ilinin son 10 ilində gündə 3 dəfə ATƏT MQ əleyhinə danışan İran indi o mövzuda susub. Məhz bu kontekstdən də 3+3 formatının Türkiyədə keçirilən iclasının son günündə Ararat Mirzoyan 3+3 formatında Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə etməyəcəyini bəyan etdi. Əslində 3+3 formatının da başqa təyinatı yox idi. Azərbaycan Prezidenti o təşəbbüsü irəli sürəndə məhz bu məqsədlə irəli sürmüşdü ki, həm Ermənistan-Azərbaycan münasibətlərində normallaşma başlasın, normallaşmada region dövlətləri də iştirak etsin. Bəlkə də onda Qərbin xətrinə dəydik.
İranın 3+3 formatına birinci zərbəsi bu formatın adını, mahiyyətini dəyişməkdən başladı. Bu ideyanın müəllifinin Prezident İlham Əliyevin olmasına qarşı böyük sabotaj işləri apardılar. 3+3 formatının Tehran iclasının gündəliyi hamının yadındadır. Yadında olmayanlar da internetdən götürə bilərlər. O mövzuda Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı ağrılı mövzular var. Bir daha o mövzuları təkrar etmək istəmirəm. İrandan sonra Ermənistan artıq 3+3 formatından imtina etdi. Belə olan halda hansısa bir format yaradılmalıdır. Ən yaxşı format üç Cənubi Qafqaz dövlətinin sağlam, klassik anlamda regional inteqrasiya məsələləridir. Sadə dildə desək İran Ermənistanı Türkmənistandan qaz almağa yönəltməz. Ermənistana qaz lazımdırsa Rusiya, İrandan alır. Əgər özündə sənayeni qurmaq istəyirsə Azərbaycandan qaz alıb, “Nairit” və “Ximprom” zavodlarını işlədə bilər. Əlbəttə, “Nairit” zavodunun İran tərəfindən dağıdıldığı bəlli olacaq.
Başa düşüləcək ki, İranın Ermənistana niyyəti xoş deyil. İran mütləq Ermənistanı Azərbaycanın əleyhinə çıxmağa vadar edir. Azərbaycanın əleyhinə çıxmayacaqsa İran Ermənistanı işğal edəcək.
Regionun 3 dövləti bir-biri ilə iqtisadi əlaqələr qura bilərlər. Ermənistan Azərbaycandan nə ala və Azərbaycana nə verə bilər. Ermənistan nələri Gürcüstanla iqtisadi müstəviyə qoya bilər. Azərbaycan həm Ermənistan, həm də Gürcüstan üçün nələrə imkanı varsa bunu ortalığa qoysun. Gürcüstan da həm Ermənistan, həm də Azərbaycana qarşı əlində olanları qoysun. Dünənki iclas çox ehtimal ki, bu mahiyyətdə keçib. Bu sağlam mahiyyətdir. Bundan da başqa formata artıq ehtiyac da yoxdur. Ermənistanın digər dövlətləri regiona dəvət etməsi prosesi dayanar, sağlam regional inteqrasiya prosesi gedər. Regionun 3 dövləti ciddi surətdə iqtisadi əlaqələr qurulmağa başlaya bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri
Xəbər 796 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|