14.04.2025 10:32
Ölməmiş ayılanlar... - Hamı yatır...
Eynəl yəqin - görüb inanmaq. Elməl yəqin - bilib inanmaq. Haqq əl yəqin - həqiqətə çatıb əmin olmaq. İtalyan filosof-siyasi xadimi Mark Avreli deyirdi: "Eşitdiyimiz hər şey bir fikirdir, fakt deyil. Gördüyümüz hər şey perspektivdir, bir reallıq deyil."
Birinci irfani yanaşmadır. İkinci isə realizmdir.
Pərvanə şamı görür. Bu, eynəl yəqindir. Yaxınlaşıb başına dolanır, istini hiss edir. Bu, elməl yəqindir. Özünü oda vurub yox edir. Bu, haqq əl yəqindir.
Görmək, eşitmək hətta hiss etmək belə sözün tam, mütləq mənasında həqiqət deyil. Nisbi həqiqətdir. Mütləq həqiqət, mütləq şəkildə yəqinə çatmaqdır. Məsələn, İmam Əli deyirmiş ki, pərdələr götürülsə belə yəqinim artmaz. Yəni, Axirət, qeyb aləmi ilə aradakı pərdə götürülsə belə mənim imanımda artım olmaz, çünki mən imanın ən yüksək həddində Allaha inanıram. Ondan o tərəfə dərəcə yoxdur. Sanki Allahı görürmüş, duyurmuş kimi. Axirəti, Cənnət, Cəhənnəmi, hesab gününü görüb hiss edirmiş, əli ilə tuturmuş, ağlı ilə dərk edirmiş kimi. Ölməmiş haqq əl yəqinə çatan adam bir əlin barmaq sayı qədər olar.
Peyğəmbər bir yerdə buyurub: "Ölmədən ölün!"
Həm də böyük filosof olan İmam Əli digər kəlamında: "Mən doğulduğum gündə də öldüm!" deyir. Başqa yerdə isə deyir: "İnsanlar yatırlar, yalnız öləndə ayılacaqlar." Bu kəlamları bir - biri ilə yoğuranda mənası açılır.
Quranda Allah təala buyurur ki, yəqinə çatana qədər Allaha qulluq edin. Təfsirçilər buradakı "yəqin"in ölüm mənasına gəldiyini qeyd edirlər. Yəni, ölənə kimi ibadət edin.
Çünki ümumda "yəqin" yalnız ölümlə hasil olur. İstər - istəməz əksəriyyətin imanında şəkk yeri, nisbilik var. Hamı eyni dərəcədə Allaha inanmır. Amma ölüb Axirəti, bərzəxi, bu dünyada qeyb sayılan həqiqətləri gözləri ilə görüb mütləq şəkildə hiss edəndən sonra tam yəqinə çatacaqlar. Fəqət İmam Əli isə sağ ikən, dünyadaykən o dünyanı götürmüş kimi inandığını vurğulayır. Bax bu, haqq əl yəqindir.
Peyğəmbərin "ölmədən ölün" kəlamı həm yaşam, iman, nəfsə qələbə, təqva yönündən mayak tutur, həm də digər hədisdə dediyi kimi, "heç ölməyəcəkmişsən kimi dünya üçün, sabah öləcəkmişsən kimi Axirət üçün çalış" meyarı ilə həyatın hədəfini göstərir. "İnsanlar yatırlar, yalnız öləndə ayılacaqlar". Bu çox dərin fəlsəfi sözdür. Müasir yapon alimlərindən biri nəzəriyyə irəli sürüb ki, bu dünya əslində real deyil, biz əslində yuxudayıq...
Dinə görə insan bir neçə aləmdə dövr edib son olaraq Axirətdə mənzil salacaq. Zərr aləmindən (ruhlar aləmi) ana bətninə (o da bir aləmdir), oradan bu dünyaya, buradan bərzəxə, oradan da Qiyamətdən sonra əbədiyyət aləminə varid olacaq. Bu aləmlər arasında pərdə var. Bu aləmlərin hansında olsan nə əvvəlkini yada sala bilərsən nə də sonrakını tam qavraya bilərsən.
İnsanlar yatırlar, gördükləri də yuxu kimi qısa, məhdud, mücərrəd və bəsitdir. Mark Avrelinin dediyi perspektivdir, məhdud - nisbi baxış bucağıdır, reallıq deyil. Amma reallıq haçan olacaq? İmam Əlinin dediyi kimi, öləndən sonra ayılanda...
Mark Avreli dediyi kimi, eşitdiyiniz: axirət, əbədi həyat, mizan, haqq-hesab günü sizə bir fikir kimi gəlir. Fakt isə yəqinə çatandan sonra olacaq. Amma hazırlıqsız gedib Axirət imtahanından kəsilməmək üçün də Peyğəmbər buyurur ki, "ölməmişdən ölün". Haqq əl yəqinə bu dünyada ikən çatın. Orada gözlə görüb həqiqətə şahid olmaq fayda verməz.
Axirətin mahiyyəti, dirilişin keyfiyyəti kimi dini etiqadla bağlı bəzi məsələlərdə filosof İbn Sina fəlsəfə yürütməkdən çəkinir və deyir: biz bu kimi məsələləri qəbul edirik, çünki onu deyən şəxs müsəddiqdir. Yəni, doğru danışan Peyğəmbərdir! Filosof tanrı deyil, peyğəmbər də deyil. Hər mövzuda mütləq fəlsəfə yürütmək gücündə də deyil. Ağılın məhdud olduğunu, nəzəriyyə və fəlsəfi qənaətlərin nisbi olduğunu da anlayır.
Gördüyümüz yuxu ayılandan sonra bizə necə gəlirsə, necə yadda qalırsa, bu dünya da Axirətdə bizə elə gələcək. Orada bu dünyanı yuxu kimi xatırlayacağıq. İmam Əli ona görə deyir ki, insanlar yatırlar, öləndə ayılacaqlar.
Ölməmiş ayılan demək olar ki, hələ yoxdur. Hamı yatır...
Tural İrfan
Xəbər 431 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|