Azərbaycan xadimlərinin Fransanın dörd bucağında mədəniyyətimizi və musiqimizi minlərlə insana çatdırdıqlarından düz əlli il ötür. Məhz əlli il əvvəl ölkəmizin ən parlaq şəxsləri bir aydan çox müddət ərzində şəhərdən-şəhərə getmiş, yorulmadan ardıcıl konsertlər vermiş və Azərbaycanımızı Avropanın mədəniyyət beşiyində tanıtmışlar.
1974-çu il noyabrın ayında Azərbaycan respublikası mədəniyyət və incəsənət xadimləri Fransa-Sovet Dostluq Cəmiyyətin dəvəti ilə Fransada keçiriləcək “Azərbaycan günləri”ndə iştirak etmək üçün yola düşürlər. Böyuk nümayəndə heyəti Azərbaycan Respublikası Kommunist Partiyasının məsul işçisi Azad Şərifov, SSSR-i Xalq artistləri Lütfiyar İmanov, Zeynəb Xanlarova, Əliağa Quliyev, İslam Rzayev, Şəmsi Bədəlbəyli, Fərhad Bədəlbəyli, Azərbaycan Respublikası Dövlət Mahnı və Rəqs Ansamblından ibarət idi. Onların arasında Əliağa Quliyevi xüsusi qeyd etməliyik. Məhz məhşur tarzənin qeyd etdiyi xatirələrin sayəsindədir ki, bu, demək olar ictimailəşdirilməmiş, ancaq mühüm əhəmiyyət daşıyan qastrol haqda məlumatlar işıq üzü görür. Ayrıca olaraq, məni səyahət əsnasında çəkilmiş şəkillər və Əliağa Quliyevin şəxsi xatirə dəftərindən parçalarla təmin etdiyi üçün xalq artistinin oğlu Adil Quliyev və nəvəsi Samirə Məlikbəyovaya təşəkkür edirəm. Beləliklə, sizlərə bu hər addımı musiqi ilə dolu səyahəti qeydlərin müəllifinin öz dilindən təqdim edirəm.
- Noyabrın 5-də, axşam saat 5:00-da Şeremetyev aeroflotuna yola düşdük. Təyyarədə “3 muşketyor” filmində oynayan bir çox aktyor var idi. Orli hava limanına çatdıq. Hava limanı çox gözəl, böyük idi, xoşuma gəldi. Bizi Fransa-Sovet Dostluq Cəmiyyətinin nümayəndələri qarşıladılar. “Viktoriya” mehmanxanasına gəldik. Moskva ilə aramızda 2 saat fərq var.
Noyabrın 6-da səhər yeməyindən sonra Parislə tanış olmaq üçün gəzintiyə çıxdıq, bir çox görkəmli yerlərə, o cümlədən opera teatrına baxdıq. Sonra konsulluqda görüş keçirildi. Görüşdən sonra yenidən şəhər gəzintisini davam etdik. Eyfel qülləsi, Sena çayının sahilini gəzdik, şəkillər çəkdirdik. Əlillər evini, çox gözəl arkanı (Zəfər tağı), Nikolayın atasının tikdirdiyi körpüdən keçdik (Üçüncü Aleksandr körpüsü). Axşam Zeynəb xanım Xanlarova və Lütfiyar İmanovla sabahki konsertə hazırlaşmaq üçün məşq etdik.
Fransaya gəldikdə ilk şəkil. Yuxarı sırada: Azad Şərifov (papaqlı) heyyətin rəhbəri, Şəmsi Bədəlbəyli, Zeynəb Xanlarova, Əliağa Quliyev, Tələt Bakıxanov
Noyabrın 7-də Parisdən 135 kilometr məsafədə Amyen şəhərində konsert verdik, çox gözəl keçdi, bizi yüksək səviyyədə qarşıladılar. İki gün sonra Parisdən 150 kilometr məsafədə olan Reyms şəhərinə yollandıq, orda da konsertmiz çox gözəl keçdi.
Noyabrın 10-da 275 kilometr yol qət edib 1000 nəfərlik zalda konsert verdik. Konsertdən sonra Sovet-Fransa Dostluq Cəmiyyətin nümayəndələri bizimlə görüşərək təbrik etdilər, banket oldu, hədiyyələr təqdim olundu. Noyabrın 11-də istirahət etdik, şəhərlə bir az da tanış olduq.
Noyabrın 12-i səhər Bezanson şəhərinə yola düşdük. Burada da konsert çox gözəl keçdi. Banketdən sonra istirahətə çəkildik. Sabahsı gün səhər saat 8:30-da 268 kilometr uzaqda olan Ansi şəhərinə yola düşdük. Bərk qar yağırdı, artıq qış gəlmişdi, Alp dağlarını gördük və Jenevanın lap yaxınlığından, 12 kilometrliyindən keçdik. Nəhayət, saat 15:30-da şəhərə çatdıq. Bizi burada da yaxşı qarşıladılar. Böyük idman zalında konsert verdik, sonra bizi banketə apardılar. Orada bizə balaca gəlincik verdilər.
Noyabrın 14-də səhər saat 10-da Şamberi şəhərinə yola düşdük. Şəhəri gəzdik, axşam konsertimiz oldu. Bizi gözəl qarşıladılar.
Noyabrın 16-da saat 9:00-da Valans şəhərində konsert verdik. Bizi hər konsertdən sonra banketə aparırdılar.
Noyabrın 17-si 120 kilometr yol qət edib Avinyon şəhərinə çatdıq. Burada gündüz saat 3:00-da konsert verdik. Salonda 1800 adam var idi, bizi Fransa kommunistləri qəbul etdilər. Təbrik etdilər, dedilər ki, Bakıda olublar, tanışları var. Konsertdən sonra şəhəri gəzdik, qayıdıb istirahət etdik.
Noyabırn 18-də yenə bizə yol göründü, Marsel şəhərinə getdik. Şəhəri gəzdik, Aralıq dənizinin kənarındakı porta getdik. Şəhər olduqca gözəl idi. Kinoda gördüyümüz Qraf Monte-Kristonun olduğu türməni (İf qalası) - dənizin içindəki adada olan yeri bizə göstərdilər. Şəhər çox gözəl idi, ancaq Bakıdakı kimi bərk külək əsirdi.
Şamberi şəhəri. Məhşur fillər fəvvarəsi
Sonra Tulon şəhərinə gəldik, bura da çox gözəl kurort şəhəridir. Bizim mehmanxana şəhərin kənarında, 10 kilometr dağların üstündə idi, bizi ora gətirdilər. Meşənin üstündə hərəyə bir gözəl, rahat otaq verdilər. Əşyalarımızı yığdıq, konsertə hazırlaşdıq. Axşam konsertdə bizim turistlər iştirak edirdilər, Polad Bülbüloğlu, Yusif Səmədoğlu, Lətif Kərimov, Nəcməddin Əhmədov, Dillər İnstitutunun rektoru Zemfira Verdiyeva və başqaları var idi.
Noyabrın 19-u səhər yeməyindən sonra turistlərlə xudahafizləşdik və Fransanın ən gözəl kurort şəhərlərindən biri olan Nisa şəhərinə gəldik, axşamüstü saat 17 radələrində bizi şəhərin bulvarına dəniz kənarına gətirdilər. Bir saat gəzdikdən sonra maşınlarla Manton şəhərinə gəldik. Yolda dəniz kənarında Monte-Karlo şəhəri kənardan işıqlar içində çox gözəl görünürdü. Konsertdən sonra teatrın vestibülündə fransızlarla birlikdə axşam yeməyi yedik və gecə saat 2-3 radələrində qaldığımız yerə qayıtdıq.
Noyabrın 20-də səhər yeməyindən sonra bizi Monte-Karlo şəhərinə apardılar, olduqca gözəl şəhərdir. Hündür dağların ətəyində port şəhəridir. Biz kazinoya da getdik, bəziləri elektron lotoreya oynadılar, sonra qalxdıq təpədə yerləşən Knyazın sarayına. Gündüz saat 12-də karaul növbəsi gəldi, biz də tamaşa etdik, sonra şəhəri gəzib yenə Nitsa şəhərinə gəldik. Bərk yağış yağırdı, islanmışdıq, saat 5-də otelə gəldik və konsertə hazırlaşdıq.
Monte Karlo. Əliağa Quliyev,Tələt Bakıxanov, Azad Şərifov və Şəmsi Bədəlbəyli
Axşam konsertimiz çox yaxşı keçdi. Konsertdən sonra bizə banket verdilər, şəkillər çəkdirdik, sonra otelə gəldik yatdıq.
Noyabrın 21-də 325 kilometr yol gəldikdən sonra Ales şəhərinə çatdıq. Bir az şəhərlə tanış olduq. Çox gözəl zalı olan (bizim opera kimi) bir teatrda konsert verdik, konsertimiz yaxşı keçdi.
Konsertdən sonra banket
Noyabrın 22-də Qrenobl şəhərinə getdik. Konsertimiz çox yaxşı keçdi.
Noyabrın 23-də Terminyon şəhərinə yola düşdük, 450 kilometr yol getdikdən sonra şəhərə çatdıq, otelə getdik.
Noyabrın 24-də tamaşamız gündüz saat 3:00-da olacaqdı. Hazırlaşırıq. İslam Rzayev bu gün ilk dəfə bizimlə oxuyacaqdı. Zal böyük idi. Çinlilər bizim yerimizdə sərgi düzəltmişdilər, bizim rəhbər sərgini bağlatdırdı və sonra konsert verdik. Konsertdən sonra şəkil çəkdirdik.
Növbəti şəhərə gedəndə Əliağa Quliyev və İslam Rzayev
Noyabrın 25-də bizi İspaniya sərhədinə gətirdilər. Biz lap sərhədin üstündə Löpertus adlı şəhərcikdən ispan hədiyyələri aldıq və şəkillər çəkdirdik. Həmin şəhərin iki yerə bölündüyü küçənin yarısı yəni sağ tərəfi ispanların, sol tərəfi isə fransızların idi. Suvenirlər ispan tərəfdə daha ucuz idi.
Günorta qayıdıb yemək yedikdən sonra istirahət etdik. Axşam saat 7:00-da Dostluq Cəmiyyətinin bizimlə görüşü oldu, bizə xəritə və broşurlar verdilər. Axşam saat 9:00da Tələt (Bakıxanov) ilə fransız kinosuna getdik. Film oğrular və xuliqanlıqdan bəhs edirdi.
Bir qrup Fransa komunistləri ilə görüş
Noyabrın 26-da 350 kilometr yol qət edərək 9 saata Tarb şəhərinə çatdıq. Yeməkdən sonra böyük salonu olan və yeni tikilən 1300 nəfərlik kluba getdik. Maraqlı və əzəmətli konsert oldu.
Noyabrın 27-də Kaor şəhərinə yola düşdük. Yol kənarındakı bağlarda meynələrin üstündə salxım-salxım üzüm, ağaclarda yarpaqsız alma və mandarin var idi. Sonra konsertə hazırlaşdıq. Konsertimiz çox yaxşı keçdi.
Briv şəhəri. Tanınmış professor Alfred Ştrixlə görüş
Noyabrın 28-də səhər yeməyindən sonra 102 kilometr yol gəlib Briv şəhərinə çatdıq. Saat 12:0-da bizi şəhərin meri qəbul etdi, qəbulda hərbi şəxslər, tanınmış insanlar, partizanlar iştirak edirdilər. Qəbuldan sonra bir az şəhərlə tanış olduq. Sonra axşam konsertinə hazırlaşdıq. Konsertimiz əla keçdi. Bizim otelimiz şəhərdən 20 kilometr meşələrə tərf yerləşirdi. Bura kənd təsərüffatı institutunun əraziləri idi. Yataqxana olduqca gözəl idi, hamı ayrı otaqlarda qalırdı.
Noyabrın 29-da 212 kilometr yol qət edib Puatye şəhərinə çatdıq. Otelə düşdük, axşam konsertimiz yaxşı keçdi.
Noyabrın 30-da Konyak şəhərinə çatdıq. Burada da bizi çox yaxşı qarşıladılar, konsertdən sonra hərəmizə bir şüşə konyak hədiyyə etdilər.
Dekabrın 1-də yenə də bizə yol göründü, Parisə gedirdik. Axşam saat 7:00-da şəhərə çatdıq. Yerləşdikdən sonra gecə kinoya getdik.
Dekabrın 2-də bizi muzeyə apardılar (Luvra).
Luvr muzeyi. 1757-ci ilə aid əsərin qarşısında.
Dekabrın 3-də səhər yeməyindən sonra 50 kilometr yol gəlib Krey - idman şəhərinə çatdıq. Axşam konsertimiz çox yaxşı keçdi.
Dekabrın 4-də 105 kilometr yol gəlib San-Kenten şəhərinə çatdıq. Burada da konsertimiz yaxşı keçdi.
Dekabrın 5-də 205 kilometr yol gəlib La-Manş boğazının lap yanında olan Kale şəhərinə çatdıq. Şəhərin meri ilə görüşümüz oldu, orada bizi medallarla təltif etdilər. Bu şəhər İngiltərədən dəniz yolu ilə cəmi 30-35 kiolmetr uzaqlıqda yerləşir. Bərk külək əsirdi. Konsertdən sonra bizi yeməyə apardılar. Bizi qruplarla otellərə apardılar, 6 nəfər birinə, 26 nəfər digərinə, 14 nəfər bir o birinə. İstirahət etdikdən sonra konsertə hazırlaşdıq. Axşam konsertimiz yaxşı keçdi.
Kale şəhəri
Dekabrın 6-da səhər yeməyindən sonra La-Manş boğazına gəldik, dəniz kənarında bərk külək əsirdi. Biz şəkil çəkdirdik.
Sonra 210 kilometr yol gedib Furmi şəhərinə çatdıq. Burada bizi şəhərin meri gözləyirdi. Bizimlə rəsmi görüşü oldu, sonra bizi yeməyə apardılar, bizə şəhərin şəkillərini verdilər.
Furmi şəhərinin meri konsertdən sonra bizə banket verdi və bizi çox yüksək səviyyəli yemək-içməkdən sonra şəhərin böyük qızıl medalını təltif etdi.
Yeməkdən sonra otelə gəlib istirahət etdik, axşamkı konsertə hazırlaşdıq.
Sabah isə yenidən Parisə gedəcəkdik. Dekabrın 7-də Parisə çatdıq, yerləşdik. Səhər saat 9:00-da Parisə yola düşdük. Hava rütubətli və dumanlı idi, arada yağış yağırdı.
Dekabrın 8-də səhər yeməyində sonra getdik şəhərin görkəmli yerlərindən olan Yelisey meydanı, Böyük Opera və Eyfel qülləsinə baş çəkdik, şəkillər çəkdirdik, hədiyyələr aldıq. Sonra otelə gəldik.
Günorta saat 3:00-da şəhərdə konsert verdik, çox böyük müvəfəqiyyəti oldu. Banket oldu, səhnədə yeyib içdik, keçdik ikinci konsertə.
Axşam Parisdə 32 kilometr məsafədə başqa bir şəhərə gəldik. 2000-dən çox insan tutan qəşəng zal var idi. Burada sonuncu konsertimizi verdik, sonra banket oldu. Fransa-Sovet Dostluq Cəmiyyətinin sədri bizi təbrik etdi. Əşyalarımızı yığıb Parisə qayıtdıq.
Yelisey meydanı
Dekabrın 9-da səhər yeməyindən sonra saat 9.30-da Parisdə olan Lenin muzeyinə getdik, oradan sonra səfirliyə gəldik. Səfirlikdən sonra keçdik Yelisey meydanında gəzdik, şəkillər çəkdirdik. Sonra yeməyə gəldik, yeməkdən sonra axşam evə qayıtdıq. Tələt, İslam, mən və Alim bir az oturduq şampan içdik, yatdıq...
Dekabrın 10-da hava yaxşı idi, gün çıxmışdı. Səhər yeməyindən sonra səfirliyə, oradan da şəhərin gözəl yerlərindən biri olan “Tati” mağazalarını gəzdik. Axırıncı 16 frankıma paltar aldım, sonra evə qayıtdıq. Günorta yeməyindən sonra istirahət etdik. Axşam bizi Dostluq Cəmiyyətinin prezidenti böyük restoranda qonaq etdi, banket verdi. Axşam saat 23:00-da evə gəlib əşyalarımızı yığdıq.
Dekabrın 11-də səhər saat 7:00-da yuxudan durduq, əşyalarımızı avtobusa yığdıq. Səhər yeməyindən sonra bizi Fransada olan azərbaycanlılar yola saldılar. Hava limanına gəldik. Bərk yağış yağırdı, hava dumanlı idi. Artıq 3 saat 10 dəqiqədən sonra Moskvaya çatdıq.
Moskvada bizi Mədəniyyət Nazirliyinin nümayəndələri qarşıladılar.
Dekabrın 12-də Bakıya uçmağa hazırlaşdıq.
***
Cəmi 2 ay sürməsinə baxmayaraq, böyük qastrolun üzvləri Fransanın 25 şəhərində Azərbaycanın musiqisini səsləndirdilər, mədəniyyətini yaydılar. Yuxarıda qeyd olunduğu kimi, bütün bu xatirələri Azərbaycanın xalq artisti, tarzən Əliağa Quliyev öz gündəliyində qeyd etmişdi.
Əliağa Quliyev 1917-ci il mayın 9-da Bakı şəhərində anadan olub. 1934-cü ildən Xalq Çalğı Alətləri Orkestrində Üzeyir Hacıbəylinin rəhbərliyi altında ifa etməyə başlayıb, 1936-cı ildə opera teatrında və radionun orkestrində işləyib. Əliağa Quliyev 1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində tar çalıb.
1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olur, lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlayır. Əliağa Quliyevin cəbhə həyatı müharibənin əvvəlindən - 1941-ci ildən başlayır. Hələ Belarusun Qomel vilayətinin Çausı şəhərində qatıldığı döyüşlərdə hünər göstərir. O, cəmi bir neçə ay ərzində rabitəçi peşəsinə yiyələnir, halbuki başqaları buna bir ilə nail ola bilirdilər.
1942-ci ildə kiçik leytenant rütbəsində 712-ci atıcı alayının radio taqımına komandirlik edir. Az sonra isə rabitə bölüyünün komandiri təyin olunur. Onun rəhbərlik etdiyi bölük bir çox odlu-alovlu döyüşlərdə fərqlənir. Orduya rəhbərlik edən marşal Biryuzov dəfələrlə rəşadətli döyüşçü olan bu Azərbaycan oğlunun xidmətlərini yüksək qiymətləndirir.
1944-cü il sentyabrın 2-də Əliağa Quliyev ciddi qəlpə yarası alır. Bu, Varşava uğrunda gedən ağır döyüşlərin birində baş verir. İxtisaslaşmış sanitar qatarı ilə Cənubi Qafqaza çatdırılan yaralı döyüşçü sonra Bakının Bayıl ərazisindəki hərbi hospitala yerləşdirilir. Bir neçə ay hospitalda müalicə olunur. Əliağa Quliyev müharibədə göstərdiyi hünərə görə iki dəfə "İgidliyə görə" medalı ilə təltif olunur. "Qırmızı Ulduz", "Böyük Vətən müharibəsi" ordenlərinin iki dərəcəsinə (I və II dərəcələri) layiq görülür.
Əliağa Quliyev hətta cəbhədə də sevimli alətindən ayrılmazdı. Bölmədə o, sonradan həvəskar hərbi qrupların baxışının qalibi olan simli orkestr təşkil etmişdi. Ansambl çoxmillətli olduğundan onun repertuarında Azərbaycan, rus, tatar və gürcü mahnıları yer alırdı ki, bu da əsgərlərə və komandirlərə təsvirolunmaz həzz verirdi.
1946-cı ildə həyat və sənət yolları Əliağa Quliyevi böyük sənətkar Əhməd Bakıxanovla rastlaşdırır. O, Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansamblda beş ildən artıq çalışır. Burada konsertmeyster olur. Ansambl Əliağa Quliyevin sənətində əsl məktəb rolunu oynayır. O, burada elə püxtələşir ki, 1951-ci ildə artıq özü xalq çalğı alətləri ansamblı yaradır.
Görkəmli tarzən Əliağa Quliyev müxtəlif təşkilatlarda çalışmışdır. 1951–1955-ci illərdə Azərbaycan radiosunda baş redaktor və Xalq Şalğı Alətləri Ansambllarının rəhbəri olur. Sonrakı beş ildə Opera və Balet Teatrında solist-tarzən kimi fəaliyyət göstərir. Onun "Rast", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Bayatı-Kürd", "Hümayun", "Çahargah", "Çoban bayatı", "Şüştər" və digər muğamlarımızın ifasına çoxları məftun olurdu.
1960-cı ildən 1966-cı ilədək isə filarmoniyada Xalq Şalğı Alətləri Ansamblının rəhbəri işləyir. Bundan sonra bir neçə il Rəşid Behbudovun rəhbərlik etdiyi "Mahnı teatrı"nda solist-tarzən kimi fəaliyyət göstərir.
1969-cu ildə yenidən filarmoniyaya qayıdaraq orada Xalq Şalğı Alətləri Ansamblının rəhbəri kimi çalışır. 1978-ci ilədək bu vəzifəni icra edir. 1978-1995-ci illərdə isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin Xalq Çalğı Alətləri Ansamblının rəhbəri və musiqi konsertlərinin təşkilatçısı - rejissor işləyir, məhz 1974-cü ildə isə Fransa-Sovet Dostluq Cəmiyyətinin təşkil etdiyi, Fransada keçiriləcək Azərbaycan günləri münasibəti ilə qastrolun tərkibində iştirak edir.
1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində müvəffəqiyyətlə iştirak edir. İki il sonra 1973-cü ildə Almatıda Asiya Ölkələri Xalqlarının Musiqi Festivalında da çıxışları eyni uğurla keçir.
1983-cü ildə ustad sənətkarın tarı "Daşkənd - Qızıl Payız" müsabiqəsində, UNESCO-nun himayəsi altında keçirilən mötəbər musiqi məclislərində səslənir.
Göründüyü kimi, Azərbaycan, musiqisi və mədəniyyəti ilə mövcudluğunun hər bir dövründə, şərtlərdən asılı olmayaraq, mötəbər xadimləri, bacarıqlı və istedadlı şəxsiyyətləri sayəsində dünyanın dörd bir yanında tanınmış, öz damğasını vurmuşdur.
1974-cü ilin böyük qastrolu, onun siyasi və mədəni sahədəki irimiqyaslılığı bütün bunların bariz sübutudur.
Səməd Əlizadə
Fransa
Xəbər 373 dəfə oxunub.