09.02.2025 15:53
FÜYUZAT VƏ FÜYUZATÇILARA İLK MÜNASİBƏT...
Füyuzatçılığın araşdırılmasında önəmli yer tutan şəxsiyyət və əsərlərin qiymətləndirilməsi, onların elmi-nəzəri obyektivlik baxımından təhlil olunması çox vacib məsələlərdəndir. Buna görə ilk növbədə füyuzatçılığın müasir jurnalistika ilə irs-varislik əlaqələrini ön plana çəkmək lazımdır. Elə bu səbəbdən müasir Azərbaycanda demokratik jurnalistikanın formalaşması baxımından füyuzatçılığın tarixi təcrübəsini işıqlandırmaq, milli hiss, milli duyğu, milli təpər, milli birlik və həmrəyliyin təbliği ən aparıcı mövzulardan olmalıdır.
XX yüzilliyin əvvəllərindən başlayaraq "Füyuzat" və füyuzatçıların fəaliyyəti, dili, ideya istiqaməti tədqiqata cəlb edildi. Azərbaycan ədəbi fikir tarixində ədəbi-tənqidi, ictimai-siyasi görüşləri ilə yeni bir mərhələni təşkil edən Firudin bəy Köçərli öz yaradıcılığında onlara yer ayırdı.
O, Ə.Hüseynzadəni "müsəlmanların ən yaxşı ədəbi qüvvələri" adlandırırdı. Azərbaycanda "Füyuzat" ədəbi məktəbinin əsasını qoymuş, "türk birliyi ideyasını elmi-nəzəri cəhətdən işləmiş" Ə.Hüseynzadənin də bu mövzuda bir çox məqalələri var. "İrşad", "Həyat və meyli-Füyuzat", "Molla Nəsrəddin" və "Dəbistan", "Molla Nəsrəddin"ə təşəkkür", "Vidanamə" və s. məqalələri bu baxımdan çox maraqlıdır. "İrşad"ın nəşri haqqında ilk elmi-tarixi məqaləni yazan Ə.Hüseynzadə "Əkinçi"ni insanların görən gözü" adlandırırdı.
"Həyat" meyli-"Füyuzat"dır" söyləyən müəllif "bütün mücahidat və mübarizatımız bu şövqi-mənəvinin sövqi ilə vüqua gəlməkdədir", - deməklə xalqını elm-maarif yolunda tərəqqiyə səsləyirdi.
Yazıçı-publisist Yusif Vəzir Çəmənzəminli "Bizə ciddi mətbuat çoxdan lazım idi" sərlövhəli məqaləsində ziddiyyətli fikirlər söyləsə də, XX əsr Azərbaycan mətbuatının problemləri, inkişaf çətinlikləri, vəzifələri haqqında bir sıra düzgün fikirlər bildirib.
"Azərbaycanın ən məşhur ədibi" adlandırdığı Əli bəy Hüseynzadənin mətbu fəaliyyətini yüksək qiymətləndirən Əliabbas Müznibin bu mövzuda olan məqalələri bu gün də mətbuat tariximizin tədqiqi baxımından diqqəti cəlb edir. "Həyat" qəzetinin bağlanması xəbərini eşidən M.Ə.Sabir "Əfsus, "Həyat" məmat oldu, qapandı!" deyərək təəssüfünü belə bildirir: "Bu ar bizə yetməzmi ki, bir milyondan əskik qonşumuz səkkiz-on qəzetə, jurnal saxlamağı bacara bilsinlər, yeddi milyona qədər biz hümmətsiz Qafqaz müsəlmanları bildir iki ruznaməyə malik olduğumuzda, bu il üç edə bilmədiyimiz bəs deyil, birini də itirib oturduq. Hala "Həyat"ın ərseyi-vücudə qədəm qoyduğu iki il tamam deyil idi, bu qədər azca ömür etdiyi kifayət edərmi? Tərəqqinin nəhayətinə çatdıqmı, əcəba? Yoxsa tərəqqiyi-məkusə adət etmək istəyirik?" Azərbaycan mətbuatı və mücadiləsi tarixində əhəmiyyətli, parlaq bir iz qoymuş publisist Ceyhun Hacıbəyli mühacirət edənədək - 1919-cu ilə kimi XX əsrin ilk 20 ilinin Azərbaycan ədəbiyyatı, mətbuatı, mədəniyyəti, maarifçilik və xeyriyyəçilik tarixini mükəmməl yazmışdı desək, yanılmarıq. Mətbuat tariximizin tədqiqatçılarının dediyi kimi, C.Hacıbəyli ilk dəfə Azərbaycan mətbuat tarixini elmi, sistemli və əhatəli şəkildə qələmə almışdır. Firudin bəy Köçərli ədəbiyyat tariximizin, C.Hacıbəyli isə mətbuat tariximizin tədqiqinin bünövrəsini, təməlini qoymuşlar. Onun "Həyat", "İrşad", "Rəhbər", "Dəbistan", "Təkamül", "Yoldaş", "Molla Nəsrəddin", "Füyuzat", "Tazə həyat", "Tərəqqi", "Proqres", "İttifaq", "Zənbur" kimi mətbu orqanların ideya-istiqaməti, toxunduğu problemləri, yazar və mühərrirləri haqqında çoxsaylı məqalələri var. O, "Füyuzat"ı "həm formasına, həm də məzmununa görə son dərəcə maraqlı məcmuə" kimi təqdim edirdi.
Azərbaycan mətbuatının fəaliyyətini günəşə bənzədən M.B.Məhəmmədzadə məqalələrində "Füyuzat" kimi mətbu orqanları "Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikri tarixində mühüm rol oynayan qiymətli mətbu orqanlar" adlandırırdı. Dövri mətbuatı ilk xarakterizə edən müəlliflərdən biri də istiqlal mücahidi Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni fikir tarixində mühüm rol oynayan M.Ə.Rəsulzadənin "Azərbaycan mətbuatının piri", "Vəzirli Nəcəf bəy", "Dəbistan", "Hürriyyəti-mətbuat", "İslam mətbuatı", "Rus mətbuatı", "Haşım bəy Vəzirov", "Mətbuat xüsusunda", "Mətbuat azadlığı", "Tənqidə ehtiyacımız var", "Azəri mətbuatının şanlı xatirəsi" və s. çoxsaylı ədəbi-tənqidi məqalələrində mətbuatın ölkədəki ictimai-siyasi, mədəni inkişafa təsirindən, klassiklərə münasibətindən bəhs edilir. Müəllif xalqın siyasi şüurunun oyanışında və yüksəlişində ədəbiyyatın, xüsusən də mətbuatın böyük imkanlara malik olduğunu ətraflı bəyan edirdi. "Füyuzat"ı "ən mümtaz məcmuə" adlandıran M.Ə.Rəsulzadə bu haqda yazırdı: "Ədəbi məcmuələrdən ən mümtazı möhtərəm Hüseynzadə Əli bəyin təhti-müdiriyyətində çıxan "Füyuzat" məcmuəsi idi".
Ədəbiyyatın, mətbuatın inkişafını "milli qüvvə" adlandıran M.Ə.Rəsulzadə yalnız ədəbiyyatşünas alim kimi yox, həm də mətbuatşünas kimi ədəbi-nəzəri yaradıcılıqla məşğul olmuş və klassik irsimizin tədqiqi ilə də bağlı araşdırmalar aparmışdı. O, füyuzatçılara, onların yaradıcılığına yüksək qiymət vermiş, hörmət və izzətlə "Azərbaycan kültür gələnəkləri" əsərində onlardan bəhs etmişdir. Onu da qeyd edək ki, Azərbaycanda milli oyanışın inkişafında, "Azərbaycan istiqlal məfkurəsinin yayılması və təbliğində xüsusi mərhələ təşkil edən "Açıq söz" qəzeti füyuzatçıların ən layiqli davamçılarından oldu. Bu məqalələr bu gün "Füyuzat" ədəbi məktəbinin tədqiq edilməsində mühüm rol oynayır. Doğrudur, sovet dövründə Azərbaycan jurnalistikasını öyrənən tədqiqatçılar, "Füyuzat" ədəbi məktəbinin nümayəndələrini birmənalı olaraq tənqid ediblər. Nəticədə, hakim partiyanın tələbi ilə milli ruhlu yazarların əksəriyyəti "xalq düşməni", "vətən satqını" adlandırılaraq təqiblərə, sürgünlərə, mühacir həyatı yaşamağa məruz qalıblar. Özləri kimi yaradıcılıqları da "qara siyahı"ya düşərək yasağa çevrilib, uzun illər tədqiqatdan uzaqlaşdırılıb. Ş.Vəliyevin fikrincə, "bəzi tədqiqatlarda (ikinci dövrü) 1920-1937, 1937-1960, 1960-1980-cı illər şəklində də tədqiq dövrünü təsnif etmək təcrübəsi vardır". Amma bəzən bu təsnifatın, tədqiqatların xarakterinə diqqət edildikdə özünü doğrultmadığı aydınlaşır. Məlumdur ki, 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, yəni Rusiyanın Azərbaycanı yenidən silah gücünə işğalından sonra həmin dövrün jurnalistikasının aparıcı kadr potensialı dağıdıldı.
Onlardan bir hissəsi mühacirət etdi, bir hissəsi güllələndi, üçüncü bir hissəsi isə mövcud reallıqla barışmaq zorunda qaldı və bolşevik ideologiyasının tələblərindən kənara çıxa bilmədi. Nəticədə, "Füyuzat" ədəbi məktəbinin tarixi ilə bağlı obyektiv, qərəzdən uzaq araşdırmalar 1920-ci ilin aprelindən sonra davam etdirilmədi. Milli ruhlu əsərlərin müəllifləri ölkəni tərk etməyə məcbur olub, əsərləri isə sovet rejiminin siyasi qurbanlarına çevrilib. Rejimin təsiri və tələbi ilə mətbuat orqanları ideoloji, siyasi yönüm əsas götürülərək tədqiqata cəlb edilib. Mətbuat tarixi isə bilərəkdən yarımçıq tədqiq və tədris edilib.
Ramin Cəfərli
Xəbər 179 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|