12.11.2025 17:40
PREZİDNETDƏN BİRBAŞA TƏMAS İZNİ: MƏNƏ MƏLUMAT VERİN!..
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də yeni təyinatlar etdi. Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi, Bakının Nəsimi rayonu, Balakən, Göyçay, Qax, Göygöl və Kürdəmir şəhərlərinə yeni icra başçıları təyin olundu. Dövlət başçısının yeni kadrları qəbulu zamanı, çıxışında səsləndirdiyi bəzi nüanslar xüsusi diqqət çəkir.
Prezident məmurların şəxsi keyfiyyətləri ilə bağlı tövsiyyələr verir: “Verdiyim tapşırıqlar əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq lazımdır. Rəhbər vəzifədə çalışan şəxs, məmur təvazökar olmalıdır. Həyatda, məişətdə, özü, yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”.
Prezidenti ümumilikdə ictimai qınaq və narazılıq yaradan məmurlar barədə müfəssəl məlumatlara sahib olduğuna da işarə edir: “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar”.
Dövlət başçısı korrupsiya və rüşvətxorluq halları ilə bağlı qeyd edir ki, “bəzi məmurlar korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verir”.
Prezident mənəvi məqamlara diqqət çəkir: “Sizdən tələbim həm də xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir”.
***
SÖZARASI...
Əslində son illərdə dövlət regionlarda insanların normal yaşayışı üçün bir çox addımlar atıb. Qalır dövlətə də, vətəndaşa da canıyanan milli kadr, insan, dövlət adamlarının önə çıxarılması ki, artıq dövlət mərhələli şəkildə bu addımları da atmaqdadır. Odur ki, dövlət başçısı yeni təyinat alanlara parallel, köhnə kadrlara da xatırlatma etmiş olur. Dövlətə və xalqa xidmət göstərməyənlər ədalət qarşısında cavab verəcəklər. Çünki xalqına, dövlətinə xidmət yolunu seçməyən məmur xalqının övladı, dövlətinin adamı ol bilməz...
***
Sirr deyil ki, bölgələrdə insanlar əkinə yararlı torpaqların əsas hissəsinin yerli məmurlar və ya onların yaxınları tərəfindən mənimsənildiyindən şikayətçidirlər. Bu məqamla bağlı da dövlət başçısının fikirləri diqqət çəkdi: “Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib.Əkin-biçinə yararlı torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir”.
Çıxışın mühim nüanslarından birində bildirilir: “Vaxtilə bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları olurdu. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”.
Prezident yeni icra orqanı rəhbərlərinə onunla birbaşa təmas qurmaqdan çəkinməmək tapşırığı da verdi: “...Bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin!”
Başqa sözlə, indi dövlətə və xalqa milli kadr olub xidmət göstərmək üçün bütün imkanlar var. Qalır bunu məmurların, kadrların özünün etmək istəməsi. Prosesin təhlili göstərir ki, dövlət bölgələrdən rahat olmaq, məmuru ilə qürur duymaq istəyir. Görülən hər işin vətəndaşın sosial rifahına xidmət etməsindən əmin qalmaqdır niyyəti. Dövlət istəyir ki, milliləşmə yolunu tutsun məmuru, gördüyü bütün problemlərə rəğmən İNSAN qala bilsin. Vətəndaşın həyatını yaxşılaşdırmağa xidmət etsin, xalqa dövlətin diqqətini çatdıra bilsin. Dövət istəyir ki, məmuru vətəndaşının qayğısı ilə yaşasın, dövlətlə-vətəndaş arasında uçurum yaratmasın, körpülər qursun. Öz ciblərini güdüb, qanunsuz varlanmaya üstünlük verməsin, kimsəyə qalmayacaq dünyada DÖVLƏTİNİN əbədi qalmasına xidmət göstərsin. Bu yolda sağlam təməllər atsın. Ümidvarıq, yəni əminliyin də, ümidin bir addımlığında, cazanın qonşuluğunda. Bu durumun seçim hüququ isə yenili köhnəli, məmləkət məmurlarının külli-ixtiyarındadır.
Jalə Mütəllimova
Xəbər 859 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|