12.11.2025 16:32
Milli birlik naminə... - 44 gün
2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən bu müharibə nəticəsində Azərbaycan beynəlxalq hüquqla tanınmış ərazilərini işğaldan azad etdi, tarixə şanlı qələbə kimi düşən bu hadisə xalqımızın milli həmrəyliyinin və ordumuzun gücünün bariz nümunəsi oldu. Bu qələbənin əldə olunmasında yalnız azərbaycanlılar deyil, ölkəmizdə əsrlər boyu yaşayan bütün etnik qruplar mühüm rol oynadılar.
Müxtəlif milli azlıqların nümayəndələri döyüş meydanında qəhrəmanlıq göstərdilər, arxa cəbhədə isə həmrəylik nümayiş etdirərək dövlətin yanında oldular.
Azərbaycan tarixən çoxmillətli və multikultural dövlət olub. Burada yaşayan talışlar, ləzgilər, avarlar, tatlar, kürdlər, ruslar, udilər, ingiloylar və digər xalqlar əsrlər boyu Azərbaycan xalqı ilə birlikdə həm mədəni, həm iqtisadi, həm də ictimai-siyasi həyatın bir hissəsinə çevrilmişlər. 44 günlük Vətən müharibəsi isə bu çoxmillətli quruluşun nə qədər güclü bir milli həmrəylik yaratdığını bütün dünyaya nümayiş etdirdi.
Sosioloji tədqiqatlar göstərir ki, Azərbaycanda milli azlıqlar özlərini ölkənin tamhüquqlu vətəndaşı hesab edirlər. Onların dövlətə bağlılığı Vətən müharibəsi dövründə daha da aydın göründü. Milli həmrəylik yalnız döyüş meydanında deyil, həm də ictimai-siyasi mühitdə sabitliyin təmin olunmasına mühüm təsir göstərdi.
Müharibədə milli azlıqların milli birliyi...
Bu gün də Azərbaycan Ordusunun sıralarında müxtəlif etnik mənsubiyyətli on minlərlə hərbçi xidmət edir. Müharibənin ilk günlərindən etibarən onlar könüllü şəkildə ön cəbhəyə yollandılar, döyüş meydanında igidlik göstərərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər.
Cənub bölgəsində yaşayan talış gəncləri ordunun müxtəlif bölmələrində xidmət göstərdilər. Onların arasında şəhidlik zirvəsinə ucalanlar da çox oldu. Bəzi talış döyüşçülər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər.
Azərbaycanın şimal bölgəsindən olan ləzgilər həm xüsusi təyinatlı dəstələrdə, həm də motoatıcı və artilleriya bölmələrində şücaət göstərdilər.
Dağlıq ərazilərdə yaşayan avarların döyüşçülük ənənələri qələbəyə mühüm dəstək oldu.
Sayca az olmalarına baxmayaraq, udinlər, ingiloylar, tatlar və kürdlərin nümayəndələri də ön cəbhədə və könüllü dəstələrdə iştirak etdilər.
Azərbaycanda yaşayan budud, qrız, haput, rus, yəhudi və digər icmalar da bu qələbənin bir parçasına çevrildilər.
Müharibə zamanı milli azlıqlardan olan yüzlərlə döyüşçü şəhid oldu, minlərlə insan yaralandı. Onların adları bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsində əbədi olaraq yazılıb. Məsələn, müxtəlif etnik qruplardan olan bir neçə hərbçiyə “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adları verildi. Bu, dövlətin onların fədakarlığını yüksək qiymətləndirdiyinin göstəricisidir.
Arxa cəbhədə milli həmrəylik...
Qələbənin qazanılmasında təkcə ön cəbhədə döyüşənlərin deyil, həm də arxa cəbhədə çalışanların böyük payı var idi. Müharibə dövründə milli azlıqların nümayəndələri də humanitar yardımlar topladı, əsgərlər üçün ərzaq, geyim və digər zəruri vasitələr göndərdilər. Bütün bölgələrdə – Lənkəranda, Qusarda, Qubada, Zaqatalada, Qəbələdə, Balakəndə, Oğuzda və digər yerlərdə milli azlıqların icmaları həmrəylik aksiyaları təşkil etdilər. Bu birlik ordumuzun mənəvi ruhunu daha da gücləndirdi.
Müharibə başa çatdıqdan sonra milli birlik daha da möhkəmləndi. Şəhidlərin xatirəsi Azərbaycanda ümummilli dəyərə çevrildi. Onların etnik mənsubiyyətindən asılı olmayaraq hər biri xalqımızın qəhrəmanı kimi anılır. Dövlət tərəfindən milli azlıqların yaşadığı bölgələrdə sosial-iqtisadi layihələr həyata keçirilir, onların dil və mədəniyyətlərinin qorunması istiqamətində addımlar atılır. Bu siyasət göstərir ki, Azərbaycanın gücü yalnız hərbi qüdrətində deyil, həm də milli həmrəylikdədir.
Əlbəttə, 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixi səhifəsi olmaqla yanaşı, milli birlik və həmrəyliyin də simvoluna çevrildi. Bu qələbənin əldə olunmasında ölkədə yaşayan bütün xalqlar – azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, tatlar, kürdlər, udinlər, ingiloylar, ruslar və digərləri öz töhfələrini verdilər. Onların igidliyi, fədakarlığı və dövlətə sədaqəti sübut etdi ki, Azərbaycan çoxmillətli bir dövlət olaraq gələcəyə daha güclü addımlayır. Qələbə yalnız torpaqların azadlığı deyil, həm də milli birliyin təntənəsi idi.
N.Niftiyev
Xəbər 68 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|