02.03.2025 10:38
“Ələ keçməməli olan erməni...“
Bəlkə də biz Ruben Vardanyanın şəxsində nə boyda mühüm əhəmiyyətli personanı ələ keçirməyimizin elə də fərqində deyilik, ancaq Nikol Paşinyandan tutmuş Andranik Koçaryana qədər indi əksər ermənilər onun ələ keçməsinə və Bakı məhkəməsində mühakimə olunmasına görə gerçəkdən də dərin narahatlıq hissi keçirirlər.
Ermənistanın baş naziri qorxur ki, Vardanyan danışmağa başlasa, həm Ermənistan dövləti, həm də şəxsən Paşinyanın özü ifşa olunacaq.
Elə onun ələ keçməsinə görə qəzəblənən Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Andranik Koçaryan da hazırda Bakıda məhkəməsi keçirilən erməni oliqarx Ruben Vardanyanı məhz buna görə ittiham edir.
Belə ki, A.Koçaryan jurnalistlərlə söhbət zamanı bildirib ki, Vardanyanın ələ keçməyə haqqı yox idi.
“Onun ələ keçirilməsi ölkəmiz üçün təhlükə yaradır”, - deputat vurğulayıb
“Ruben Vardanyanın vaxtilə dedikləri bu gün ona qarşı istifadə olunur. Nə vaxtsa sizə qarşı istifadə olunacaq heç nə deməyin. Onu ələ keçirmək Azərbaycana lazım idi”,- Andranik Koçaryan əlavə edib.
O bildirib ki, Vardanyan bir yolla Qarabağdan qaçıb qurtarmalı idi:
“Sənin ələ keçməyə haqqın yox idi. Bu səviyyəli adamların ələ keçirilməsi ölkəmiz üçün təhlükədir".
Gördüyümüz kimi erməni tərəfi "tilov"umuza düşən "iri balığ"ın məhkəmə qarşısına çıxarılmasının Ermənistan üçün nə qədər təhlükəli olduğunu artıq anlamağa başlayıb. Vardanyanın həbsdən qurtulması üçün Ermənistanın və onun xaricdəki dəstəkçilərinin isterika qaldırması da məhz bundan qaynaqlanır.
Lakin artıq gecdir. Heç bir piar-aksiya və kampaniyalar Vardanyanı xilas edə bilməz.
Düzdür, Vardanyan özünü çoxbilmiş zənn edib hələ ki, susur. Məhkəmədə ifadə verməməyə çalışır. Lakin əvvəl-axır danışacaq. Danışmalı olacaq.
P.S.
Və hətta danışmasa da belə, Vardanyan ömrünün qalan hissəsini Bakı məhbəslərindən birində keçirməli olacaq. Çünki onun ömürlük həbsini qaçılmaz edən çoxlu sayda cinayət faktları var. Şərə xidmət edənlərin aqibəti Xeyirin qələbəsi ilə bitir.
Bəybala Mirzəyev
Xəbər 293 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|