Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


09.04.2025  15:34 

Bakı həm Türkiyə, həm də İsrail üçün dipolamtik kanalı açıq saxlayıb





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışları diqqət çəkib. Dövlət başçısı Türkiyə ilə İsrailin barışmasında ilk dəfə ölkəmizin vasitəçilik etdiyini vurğulayıb.

Sitat: “İlk böhran zamanı biz fəal rol oynadıq ki, onların mövqeyini bir-birinə yaxınlaşdıraq. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Türkiyə ilə 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik. İsraillə də qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də tərəflər arasında olan hər hansı anlaşılmazlıq bizi narahat edir”.

Prezidentin indiki məqamda bu məsələyə toxunması təsadüfi deyil:

– Türkiyə və İsrail arasında konkret gərginlik var və Suriya uğrunda rəqabət gündən-günə artır;

– ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə müzakirə edilən mövzulardan biri Təl-Əviv-Ankara münasibətləri olub.

Türkiyə Azərbaycanın müttəfiqi, İsrail isə strateji tərəfdaşıdır. Hər ikisi Bakı üçün çox vacibdir. Azərbaycan iki ölkə ilə münasibətləri inkişaf etdirməklə yanaşı, həm də müəyyən balansı saxlayır. Bu, əslində illər əvvəl bəhrəsini göstərdi. Məlum olduğu kimi, 2010-cu il mayın 31-də İsrail hərbçiləri Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə basqın etdi. Həmin hadisədə Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürüldü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatdı. Türkiyə Təl-Əvivdəki, İsrail isə Ankaradakı səfirini geri çağırdı və diplomatik əlaqələr kəsildi. “Mavi Mərmərə” hadisəsindən həm Ankara, həm də Təl-Əviv Bakıdan digərinə qarşı təzyiq üçün istifadə etmək istəyirdi. Amma Azərbaycan buna getmədi və Prezidentin qeyd etdiyi kimi, gərginliyi aradan qaldırmaq üçün diplomatik təmaslara başladı.

Azərbaycanın vasitəçiliyi ilə pərdəarxası danışıqlar fonunda 2022-ci ildə tərəflər arasında müəyyən yaxınlaşma oldu. Hətta İsrail Prezidenti İshaq Hersoq həmin il martın 9-10-da Türkiyəyə səfər etdi. Bundan öncə isə 20 yanvar tarixində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrail xarici işlər naziri Yair Lapid arasında telefon danışığı baş tutdu. Ölkə başçısının çıxışında dediyi məsələ əslində həmin dövrləri əhatə edir.

Türkiyə ilə İsrail arasında regional maraqların tez-tez kəsişməsi, fərqli siyasi ideologiyalar mövcud gərginliyə səbəb olur. Prezident İlham Əliyevin sözlərindən bu nəticəyə gəlmək olar ki, Bakı həm Türkiyə, həm də İsrail üçün dipolamtik kanalı açıq saxlayıb. Yəni istəsələr, məmnuniyyətlə yenidən vasitəçilik edə bilərik.

Azərbaycanın mümkün Türkiyə-İsrail danışıqlarına həm ev sahibliyi, həm də vasitəçilik etməsi mümkündür. İstisna deyil ki, Bakı bir müddətdir, bu istiqamətdə diplomatik təmaslara da başlayıb. Rəsmi Bakı dünyanın supergüclərinin bir masaya gətirə bilmədiyi iki böyük qüvvəni yenidən yaxınlaşdıra bilər.

Turan Rzayev
Politoloq


Xəbər 2586 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +