30.11.2022 10:30
Rusiyanı cəzalandırmaq lazımdır…
Bir neçə gündür Azərbaycanın Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının yer adlarını təhrif etməsinə etiraz bəyanatları verir. Sülhməramlı adıyla ölkəmizə soxulmuş ruslar isə bunu veclərinə də almır, üstəlik bəyanata bəyanatla cavab verəcək qədər həyasızlıq edirlər. Belə anlaşılır ki, bu uruslar adam dilindən anlamaq fikrində deyil.
Deyilmi? Deyil!
Bəs nə etməli? Onları necə başa salmalı?
Biz bunun yollarını illərdir demişik, bu dəfə də deyirik ki, bəlkə vəzifə sahiblərimiz nəhayət ki, hərəkətə keçib Rusiyaya yerini göstərə.
Bizim işimiz sülhməramlılarla olmamalıdır. Onlar kimdir ki? Əmr qulu! Bəli, hər kəs bilir ki, hərbçilər əmr quludur. Onlara lap üstdən necə təlimat gəlirsə, o cür davranırlar.
Bunu bizim MN-miz də bilmirmi?
Əlbəttə bilir.
Bəs niyə bildiyimiz bir şeyə bənd olub qalmışıq? Bizcə, əmri verən məqamlarla dava etməliyik.
Necə? Bunun da yolunu bilirik.
Əlbəttə, biz heç kimi əlinə silah alıb Rusiyaya qarşı savaşa səsləmirik. Amma elə yöntəmlərdən danışırıq ki, onları işə salsaq, Rusiya ayağımıza belə döşənəcək!
Elə bu gün, bir saat belə gecikdirmədən Azərbaycan Prezidenti fərman versin ki, dekabrın 1-dən Azərbaycan xalqı kütləvi şəkildə rus soyad sonluqlarından imtina edir. Bəli, məhz belə etmək lazımdır! Özü də bunu mediada geniş təbliğ edərək xalqın anti-Rusiya ovqatını mümkün qədər çox körükləndirməklə.
İkinci işə yarayacaq addım Elm və Təhsil Nazirliyinin rus dilində məktəblərin və ümumilikdə rusca təhsilin faydasızlığı ilə bağlı təhlilləri əsas tutaraq bu təhsil ocaqlarının böyük çoxluğunun bağlanması ilə bağlı hökumətə təklif verməsi olardı.
Üçüncü addım isə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Rusiya Federasiyası ərazisindəki yer adlarının orijinal türkcəsinin elan edilməsi və bundan sonra Azərbaycanda yalnız o adlardan istifadə üçün göstəriş verilməsidir.
Daha bir addım da rus dilindən dilimizə keçmiş xarici sözlərin rus variantından imtina edib orijinal dillərində olanların tətbiqi üçün qərarın verilməsidir.
Və ən əsası: Baltikyanı ölkələrdə olduğu kimi, bizdə də rus millətindən olan vətəndaşlarımızın soyadlarının Azərbaycan qanunlarına uyğunlaşdırılmasının tətbiqidir. Yəni onlar da rus soyad sonluqlarından, bir zəhmət, Azərbaycanlı kimi imtina etməlidir.
Başqa təkliflər də verə bilərik. Amma düşünürük ki, indilikdə bunlar yetərlidir. Belə addımlar atmadan durub ikidə bir bəyanat versək, inanın, uruslar bizi heç veclərinə də alan deyillər və almamaqda da haqlıdırlar.
Biz 30 ildən çoxdur müstəqillik qazanmışıq, adi bir soyad məsələsini həll edib başa çıxa bilmirik, durub kimə dov gəlirik? Bir soyad məsələsini həll etmək nə çətin işdir ki, özümüzü hələ də rus kimliyindən asılı vəziyyətdə saxlayırıq?
Sonda: Rusiya və uruslara az-çox rəğbəti olan bütün dövlət məmurlarını vəzifədən tullamaq lazımdır! Bunlar tutduqları kreslolarında Azərbaycana deyil, Rusiyaya işləyirlər! Yəni Vətənə xəyanət edirlər! Əvvəlcə onlardan başlayaq, sonra da Rusiyaya yerini rahatca göstərə biləcəyik.
Azər Həsrət
Bayraqdar.info
Xəbər 16175 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|