16.10.2021 16:24
Beynəlxalq məhkəmə təhdidləri, Türkiyənin Azərbaycanla quru əlaqəsini kəsmək planı
İran rəsmilərinin və KİV-lərin Azərbaycan Respublikası ilə bağlı kampnaiyası tam gücü ilə davam edir. Lakin bu, heç də Azərbaycan rəsmilərinin açıqlamaları ilə bağlı deyil. Ötən ilin məşhur şeir qalmaqalı ilə açıqlığa çıxmış proses sadəcə hər gün yeni ittihamlarla, yeni çalarlarla get-gedə tündləşdərilərək davam edir. Bəzən yumşaldıcı kimi görünən mesajlarda belə mütləq alçaldıcı, yekəxana ton və leksikondan istifadə edilir( “ailə başçısı və dəcəl uşaq”, “fil və fincan” kimi yersiz müqayisələr, müştərək tarixlə bağlı təkəbbürlü manipulyasiyalar və s.).
Azərbaycan tərəfində nəinki bu hikkəli iddialara səbəb olacaq açıqlamlar olmayıb, çox zaman da səsləndirlən iddiaların bir çoxuna reaksiya belə verilmir. Bəzən elə təəssürat yaranır ki, bizim ekspert mühiti və media o iddialardan ümumən xəbərsizdir. Son günlər cənub qonşumuzda səsləndirilmiş iddialar, Azərbaycanla bağlı getmiş yazılarda vacib, amma diqqətdən yayınmış hələlik dörd məqam haqda qısa məlumat:
I) İddialara görə, uzun illər İranın bəlli dairələrinin Azərbaycan QHT sektoru və mediası ilə əlaqələri Ərdəbil imamcüməsi Həsən Amilinin kurasiyasında olub. O, Dünya Azərilərinin Müdafiə Komitəsi təsis etmiş (güman ki, bu, Böyük Rəsulvəndin rəhbərlik etdiyi və bir zamanlar kifayət qədər fəal olan Dünya Azərbaycanlılarının Müdafiə Komitəsinə alternativ idi), tez-tez Ərdəbil və Təbrizdə Azərbaycan Respublikasından olan qonaqların iştiakı ilə müxtəlif, o cümlədən Qarabağın azadlığında islam həmrəyliyi kimi deyilişi gözəl mövzularda konfranslar keçirirdi. Hətta “əyar torki” (standart dil) yaratmaq təşəbbüsündə də önə keçmiş, bununla bağlı tədbirlərdə Azərbaycan Respublikasından alimlər də dəvət edilmişdi. Amma kurasiyası effektsiz oldu:bir-iki istisna xaric icitmai –elmi mühitdəki “Amili dostları”nın səsləri eşidilməz olub. Budur, artıq İran mediasında da cənab Amilidən də müəyyən narazılıqlar dilə gətirilir. Görünür, ayrılan vəsaitin “təyinatı üzrə” xərclənməsinə əsassız olmayan şübhələr var.
Hər halda ötən həftə həzrət ağanın xüsusi cümə fəallığı olmadı, dünən nəsə danışdığı haqda da məlumatlar yoxdur. Onun verəcəyi mesajları Təbriz və Astara imamcümələri verdi. Təbriz imamcüməsi loyal, barışdırıcı bir xütbə mətni ilə çıxış etdi, əvəzində Astara imamcüməsi Kazım Hafizniya sərt çıxış ilə yadda qaldı. Ola bilsin ki, onun simasında “yeni Amili” tapılıb: gəncdir, ambisiozdur, odiozdur, nitqi rəvandır, “torki”si (azərbaycancası) daha anlaşıqlıdır.
II) Bir müddət əvvəl körfəz mediasına ötürülmüş xüsusi hesabatda İİR-in Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvinin geri çağrılma ehtimalının olması haqda məlumat vermişdik. Artıq İran mediasının özündə də bu müzakirələr başlayıb. Türkiyə və Azərbaycan üzrə analitik İbrahim Fərahani A.Musəvini İran maraqlarını qoruya bilməyən naşı və təcrübəsiz diplomat kimi xarakterizə edir.
III) İran parlamentində A.Musəvi və dini rəhbərin Azərbaycandakı nümayəndəsi Əliəkbər Ocaqnejadın iştirakı ilə dinləmələr keçirilib. Dinləmələrdə hər iki şəxsin raprortları təqdim edilib. Parlament bir qrup deputatı İranın şimal vilayətlərinə ezam etmək qərarına gəlib. İddia olunur ki, Azərbaycanda “mədəniyyət və ictimaiyyət xadimi” kimi tanınan bir qrup şəxs də Azərbaycandakı mədəni və dini vəziyyət, mədəni qarşılıqlı əlaqələr haqda məlumat veriblər. Növbəti bazar günü parlamentin təhlükəsizlik komitəsi bütün məlumatları ümumiləşdirərək vahid hesabat təqdim edəcək və onun əsasında qərarlar qəbul olunacaq.
Bu məlumatın kütləvi dilə çevirməsi belədir:
a) İranın şimal vilayətlərində(Azərbaycan dilli vilayətlərdə) mərkəzdənqaçma meyilləri, atıla biləcək qeyri-ordinar addımların İran azərbaycanlıları tərəfindən necə qarşılanacağı parlament səviyyəsində araşdırılır;
b) Azərbaycanda dini kəsimin İranın nəzarətindən çıxarılması ilə bağlı təşəbbüslər xüsusi narahatlıq yaratdığı üçün məsələ ilə bağlı səfirin, dini rəhbərin nümayəndəsinin, eləcə də “Azərbaycanda nüfuzu olan mədəniyyət, din xadimləri”nin rəyləri, hesabatları öyrənililir;
c) Yaxında həm sərhədlərlə bağlı, həm də Azərbaycan Respublikası daxilində şiə dini icmasına yönəlmiş hansısa addımlar atıla bilər.
IV) İranda Azərbaycanla bağlı iki beynəlxalq məhkəmə perspektivi müzakirə olunur:
Birinci məhkəmə təhdidi. Aparılan müzakirələrdə İranı Qərblə bağlayan bütün yolların Türkiyədən keçməsi təhlükə kimi dəyərləndirilir. Ona görə də Naxçıvanla Türkiyəni birləşdirən 11 km-lik quru sərhədinin beynəlxalq məhkəmələr vasitəsilə mübahisələndirilməsi təklif edilir. Bildirilir ki, Türkmənçay müqaviləsi imzalanarkən keçmiş Sürməli qəzasının Qarasu nahiyəsi şərtlərə əsasən İranda qalmalı olduğu halda Rusiya hərbçiləri sazişə məhəl qoymadan nahiyəyə yerləşib, İran isə müqavimət göstərməyib.
Beləliklə, 800 kv km ərazi sazişə zidd olaraq ələ keçirilib. İddia olunur ki, Rusiya imperiyası dağılarkən həmin ərazini “geri qaytarmaq” mümkün olsa da , Rza xan dostluq etdiyi Atatürk hökumətinə o ərazinin ruslardan alıb Türkiyəyə birləşdirməsinə mane olmayıb. Üstəlik, 1932-ci il yanvarın 23-də Tehranda imzalanmış Türkiyə-İran sazişinə əsasən, ərazi mübadiləsi aparılıb. Və beləcə, həmin istiqamətdə Ermənsitanla quru sərhəd təmin edilməyib, Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik birbaşa sərhəd xəttinin yaradılmasına imkan verilib. İran mediası məsələni dolaşıq təqdim etsə də, belə anlaşılır ki, həm Türkmançay müqaviləsinin ziddinə “ələ keşirilmiş” və indi Türkiyə ərazi sayılan 800 kv. km. sahəyə, həm də konkret olaraq 1932 –ci il sazişi ilə aparılmış ərazi mübadiləsinin nəticələrinə yenidən baxılmasına təşəbbüs göstərilməsi istənilir. Hər iki halda beynəlxalq məhkəmələrə müraciət perspektivi nəzərdən keçirilir. Tacikistan və Çin arasında 1992-cı ildə belə mübahisənin Çinin xeyrinə bitməsi presedent kimi təqdim olunur.
Xatırladaq ki, həmin halda Çin 20 min kv.km.- dən çox əraziyə iddia edirdi, amma təxminən 1000 kv km ərazi güzəştinə nail olmuşdu və bu, iki ölkə arasında beynəlxalq müdaxilə olmadan həll edilmişdi. O vaxt Çinlə Rusiya, Qazaxıstan və Qırğızıstan arasında da oxşar anlaşmalar əldə edilmişdi. Rusiyanın güzəştli mövqe tutması (Amur çayı üzərindəki mübahisəli adalarla bağlı) digər keçmiş sovet respublikalarını da oxşar addım atmağa sövq etmişdi. Rusiyanın metropoliya irsi o zaman hələ keçmiş sovet respublikaları üzərində güclü idi. İndiki halda belə bir irsin basqısı yoxdur, üstəlik, söhbət keçmiş sovet respublikalarından deyil, Türkiyədən gedir. Türkiyənin kifayət qədər ciddi strateji ərazini güzəştə gedəcəyini gözləməksə sadəlövhlük olardı.
İkinci məhkəmə təhdidi.Bir neçə gün əvvəl İran sərhəd qoşunlarının komandanı Sərdar Güdərzi də Xudafərin dəryaçası ilə bağlı müqavilənin 44 günlük müharibə vaxtı pozulması və İranın məsuliyyət zonasına daxil olunmasına görə Azərbaycanı beynəlxalq məhkəmə ilə təhdid edən açıqlama vermişdi.
Bu günlər Nikol Paşinyanla İranın baş prokuroru Muhəmməd Cəfər Montəzirinin danışıqlarında da Araz çayının statusu müzakirə edilib.
İndiki halda hər hansı perspektivi olmasa da, bu istiqamətlərdə təxribatların davam edəcəyini gözləmək olar.
Hər halda İran bu kimi iddialarla:
a) özünün mühasirəyə alınmışlıq duyğusundan xilas olmağa;
b) Azərbaycanın, konkret olaraq Naxçıvanın mühasirəsini daha da artırmaq və ya Naxçıvanın mühasirədə saxlamağa qadir olduğunu sübut etməyə çalışır.
Bu arada Sədərək rayonun Ermənistan ərazisindəki esklavı sayılan Kərki kəndi ilə bağlı bir müddətdir tez- tez ziddiyyətli məlumatlar verilməsi diqqətçəkicidir. Esklav Azərbaycanı Türkiyə ilə birləşdirən 11 km-lik sərhədə yaxındır. Görünür, həmin esklavın qaytraılması ilə 11 km-lik sərhədin müdafiəsinin daha təhlükəsiz olması yalnız Ermənistanı narahat etmir. Xatlrladaq ki, müəyyən xarici ekspert yazılarında esklav qaytarılarkən müyyən hissəsinin güzəşt edilib əvəzində 11 km-lik sərhədin uzadıla bilinəcəyi versiyası da nəzərdən keçirilirdi.
Cəmaləddin Quliyev
Xəbər 2438 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|