Ötən gün şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılmış görüntülərin hansı məktəbdə baş verdiyi məlum olub.
XəzərNews.az xəbər verir ki, hadisə Bakının 165 saylı orta məktəbində, coğrafiya fənnindən dərs keçən 43 ilin müəllimi Nərgiz İsmayılovanın dərsində baş verib.
Əldə etdiyimiz məlumata görə, videoda sözü gedən şagirdlər dünən gecə polislər tərəfindən saxlanılıb və izahatları alınıb.
Məktəbin direktoru Vüqar Məmmədov isə hazırda Bakı Şəhər Təhsil İdarəsinə çağrılıb.
Qeyd edək ki, sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, digəri isə müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib. Bu görüntülər ciddi müzakirələrə yol açıb və müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.
Bundan əlavə partaların üzərində Rövşən, Nihad, Quli, Elmir adları da açıq görünür.
Dünən məsələ ilə bağlı Təhsil Nazirliyi görüntülərin Azərbaycan məktəblərində olmasının təsdiqini tapmadığını bildirərək, Təhsil Nazirliyi tərəfindən araşdırma aparılırdığını açıqlamışdı.
* * *
Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.
Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır"./Qaynarinfo