03.01.2023 10:22
“Şahidləri prokurorluğa, polisə çağırıb, təzyiq göstərirlər”
Göygöl rayonunun Çaykənd kənd sakini Qaratel Əhmədova deyir ki, bir il öncə həyat yoldaşına işgəncə verənlər hələ də əl çəkmirlər.
XəzərNews.az Meydan TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, indi də şahidlərə təzyiq göstərirlər ki, gəlib məhkəmədə həqiqəti danışmasınlar.
Söhbət 14 il fizika müəllimi işləmiş, lakin 1 ildir həbsdə olan Elnur Hüseynovla bağlı cinayət işindən gedir. Vaxtilə Ağdərə rayonundan məcburi köşkün düşmüş və Göygölün Çaykənd kəndində məskunlaşmış Elnur Hüseynov Qaratel Əhmədovanın həyat yoldaşıdır. O, həyat yoldaşının xalası olan 53 yaşlı Səidə Hüseynovanı qətlə yetirməkdə ittiham olunur. Hazırda Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Qaratel Əhmədova isə deyir ki, həyat yoldaşının onun xalasının qətlinə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, məhkəmə iclasları davam etdikcə, onun təqsirsizliyi sübut olunur:
“Görürlər ki, ifşa olurlar, ziddiyyətlər ortaya çıxır, məhkəməyə gələn şahidləri əvvəldən prokurorluğa, polisə çağırıb, təzyiq göstərirlər. Bununla bağlı əlimizdə konkret sübutlar var. Belə biabırçılıq olar?! Dörd körpə-körpə uşaqla qalmışam. Günahı olsaydı, məni yandırmazdı. Deyərdim ki, cinayət törədib, xalamı öldürüb, cəzasını çəksin. Elə deyil axı…”.
Ölüm hadisəsi 2021-ci ilin aprelində Yevlax rayonunun Aşağı Bucaq kəndində baş verib. Kənddə evə bitişik cücə sexi yanıb, oradan 1968-ci il təvəllüdlü Səidə Hüseynovaya məxsus meyit tapılıb.
İlkin istintaq dövründə hüquq-mühafizə orqanları hadisənin texniki səbəbdən baş verdiyi qənaətinə gəlib, Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb, bu istiqamətdə dindirmələr aparılıb.
8 ay sonra – 2021-ci ilin dekabrında Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Səidə Hüseynovanın bacısı qızının həyat yoldaşı tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb. Qaratel Əhmədova buna görə həm də öz anasıgili günahlandırır.
Onun sözlərinə görə, anasıgil həyat yoldaşından qisas almaq üçün ondan şikayətçi olublar. Elnur Hüseynovun bundan öncə oğurluğa görə ittiham olunması isə onların əlinə əlavə bəhanə verib:
“Yoldaşıma keçən il dekabrın 8-dən 15-nə qədər o qədər işgəncə veriblər, Gəncədəki istintaq təcridxanasına aparanda gəzə bilmirdi. Ağzını skoçlayıb, əllərini qandallayıb döyüblər, ayaqlarından asıblar. Yevlax polisində rəis müavini vardı, Şahlar Cəfərov, o, nə zülmlər verib Elnura, bir Allah bilir. Saxta sübutlarla işi qoyublar boynuna. İndi məhkəmədə hamısı bir-bir ifşa olunur. Bu səbəbdən əl atıblar şahidlərə təzyiq göstərməyə. Məhkəməyə gələcək şahidlərin siyahısını prokurorluq təqdim edir deyə, əvvəldən onlarda olur. Ona görə əvvəldən çağırıb hədələyirlər. Günahsız adamın, dörd uşağın ahından qorxmurlar, tez-gez onları tutacaq…”.
Qaratel Əhmədova deyir ki, Elnur Hüseynova o zaman Yevlax Rayon Polis Şöbəsinin rəis müavini olan Şahlar Cəfərovun rəhbərliyi altında dözülməz işgəncələr verilib.
Yevlax Rayon Prokurorluğundan bildirilib ki, məhkəməyə çağırılan şahidlərin onlara aidiyyəti yoxdur və heç kimə təsir göstərməyiblər.
Daxili İşlər Nazirliyi də işgəncə iddialarını təkzib edib.
Xəbər 944 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|