16.02.2023 12:29
Milyonçu məmurlar, narahat olmayın...
Türkiyədə dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə müxtəlif yardım kampaniyaları altında fondlar yaradılıb və ora ianələr toplanır. İanələr ən çox ölkənin güclü orta təbəqəsi və real burjuaziyasından, müstəqil özəl sektorundan gəlir.
İnsanlarımız mat-məəttəl qalıblar ki, ilahi-pərvərdigarə, necə olur ki, bir sutka ərzində on milyardlarla vəsait toplana bilir. Təbii, burada insani keyfiyyətlər, böyük ürəyə sahibolma, dünya malına hərisliyin olmaması da az rol oynamır.
Ancaq ən önəmlisi başqa mətləblərdir. Bəli, əfəndilər, MİLLİ BURJUAZİYA, MÜSTƏQİL BİZNES SEKTORU məhz budur - illərdir Azərbaycanda önünə yekə bir beton çəkilən, inkişafına əngəllər törədilən azad, müstəqil biznes sektor - vergi ödəyicisi sinfi olan Milli Burjuaziyanın qardaş Türkiyəmizdə gücü burdandır.
Adamlar SİYASİ TƏŞKİLATLARINI DA, BAX, BU YOLLA GÜCLÜ, AYAQDA TUTA BİLİRLƏR! Dünyanın bütün mütərəqqi, azad ölkələrində ictimai-siyasi, iqtisadi, mədəni, humanitar sistemlər mexanizmi belə qurulub. Sosial həlqələrin bir-birindən qopuq düşdüyü Azərbaycandan fərqli olaraq Türkiyədə bunu avtoritarizmə, təkhakimiyyətli sistemə yem etməyib saxlaya biliblər. HÜQUQ, DEMOKRATİYA, RİFAH!
BİZ dəfələrlə bu barədə həm danışmışıq, həm də yazmışıq. Məsələ burasındadır ki, Şərq insanı şahsevəndir, güclü olana tez tabe olandır və bu güc də mənəvi yox, daha çox maddi olanda insanlar daha sürətlə təslim olur. Yəni bizdə PULLU ADAM GÜCLÜ ADAM hesab olunur təəssüf ki.
Elə buna görə də, Azərbaycan insanı öz mental-məişət düşüncəsilə, hətta dövlət sisteminin məqsədli-proqramlı şəkildə yaratdığı boşluqlardan istifadə edib özünə oğurluq milyonlar, milyardlar qazanan adamlara qarşı üsyan eləmədi son 30 ildə.
Qədirbilən xalqımız "...kişi bacarıb pul qazanıb, kişinin pulunu saymazlar" deyib onun davasını döyməyi özünə ar bildi, sığışdırmadı. İndi düz eləyib ya səhv eləyib, bu başqa söhbətdi, artıq nə onun yeridi, nə də zamanı.
Biz kiçik ölkəyik, qurddalasaq, az qalsın şərimiz də eynidir, xeyirimiz də. Vəlvələdən ya zəlzələdən indi ölkədə on minlərlə zənginləş(diril)miş, daim səksəkə içində qıvrılan, hər an yığdığını itirmək qorxusu (xeyli sayda gözüçıxmış qardaşlarının aqibəti göz önündədi) altında tez-tez xəstəliklər tapan bir məmur korpusu var.
Uşaq da bilir ki, ən yuxarıdan aşağıya DAHA ÇOX MƏMURLARIN MƏQSƏDLİ VARLANDIRILMASI VƏ SONRA BU MƏMURLARIN BİR-BİRİNİ TUTMASINDAN ÖTRÜ BİR-BİRİNƏ ŞƏBƏKƏ (QUDALIQ-QOHUMLUQ) KİMİ BAĞLANMASI KİMİ BİR İDARƏETMƏ SİSTEMİ VAR. MƏMUR-OLİQARXİYASI DEYƏK.
Gözümüzün qabağında hər mənada ucalan nələrsə varsa, 88 faizi elə ya belə məmurlara aiddir. Bu, heç sirr də deyil..
Bu ona görə belə oldu ki, MÜSTƏQİL BİZNES ADAMLARI hər mənada müstəqil, azad ruhlu olurlar. DÖVLƏTİ BAŞQA - MÜSTƏQİLLİYİ VƏ AZADLIĞI İNKAR EDƏN SİSTEMLƏ İDARƏ EDƏN ADAMLARA isə belə müstəqil pullu adamların çoxluq təşkil etməsi sərf eləmirdi, çünki belə adamların çoxalması MİLLİ BURJUAZİYANI formalaşdıracaqdı, MİLLİ BURJUAZİYA isə onun da mövcudluğuna və mülkiyyətinə təhlükə riskləri əmələ gətirəcək TƏKADAM SİYASİ SİSTEMİni sabah inkar etməyə, dəyişməyə başlayacaqdı. Məsələ budur.
Ona görə Azərbaycanda piramida şəklində bütün məmuriyyət qaz vurub qazan doldurdu zavallı Azərbaycan xalqının gözləri önündə. Ölkəyə neft-qaz milyardları gəlməyə başlayanda tikinti bumu ilə şəhərlər birdən-birə yeni uca binalarla, bahalı maşınlarla, az qism qlamur insanlarpa doldu-daşdı, gözoxşayan villalarla hər tərəfi bəzəndi. Hər kəs də, balaca uşaq da nələr kimə aiddir tam dəqiqliyi, siyahısı ilə bilir.
Çox qəzetlər yazdı, çox TV-lər göstərdi, çox betondeşən faktlar üzə çıxarıldı bu barədə, lakin kimsənin səsi, cınqırı çıxmadı.
Azərbaycan xalqı bu adamları nə xeyir məclislərindən, nə də şər məclislərindən üzlərinə tüpürüb qovmadı.
Əksinə, bu adamlar bütün Respublikada öz qohum-əqrəbaları arasında AĞSAQQAL, ŞEF, PULQAZANAN KİŞİ, ÇÖRƏKVERƏN DAYI statusu qazandılar, beləcə məclislərin baş tərəfində otuzduruldular.
Hətta bilə-bilə ki, həmin adamlar əldə etdikləri böyük sərvətləri DÖVLƏTDƏN OĞURLAYARAQ, rüşvətlə, korrupsiya ilə qazanıblar, BİZİM ÜRƏYİYUMŞAQ XALQIMIZ öz balalarının da o kişilərin böyür-başında "çörək qazandığını" nəzərə alıb göz yumdular. Xülasə..
İndi hansısa hisslərə və emosiyalara qapanıb, yumruq düyünləyib həmin milyonları və milyardları kimlərinsə əlindən almaq sevdasına düşüb düşmən qazanmaq, özümüzə yeni cəbhələr açmaq, təbii ki, axmaq yanaşma olardı, ağılla bir əlaqəsi olmazdı.
Bütün bunları nəzərə alaraq, biz təklif etmişik (öz müvafiq proqramımızda da nəzərdə tutulub) ki, müəyyən ciddi şərtlərin qarşılığında zənginləşmiş məmurlarla böyük bir MALİYYƏ AMNİSTİYASI elan olunsun. Özünü ağıllı aparan MƏMURLAR bir qələmdə çevrilib olsunlar MİLLİ BURJUAZİYA, BİZNESMEN, İŞ ADAMLARINA .
Varidat rəsmiləşdirildikdən sonra, faiz etibarilə müəyyən qism sərvətlər ailənin növbəti nəsilləri üçün saxlanmaqla, ölkə xaricində və daxildə olan pul vəsaitləri elə həmin adamın özünün rəhbərliyi altında Respublikamızda müxtəlif sahələr üzrə yeni kapital yarada biləcək müəssisələr, sənayə obyektləri, ticarət nöqtələri, kənd təsərrüfatı kooperasiyaları, elmi-praktiki laboratoriyalar və s. yerlərə yatırılsın.
Düşünün, əgər belə bir centlmen razılaşmasına nail olsaq, bir göz qırpımında əlavə olaraq nə qədər kapital toplanar ki, bu da ŞƏFFAF və HESABATLI iqtisadi, vergi-uçot sisteminin, müstəqil və ədalətli məhkəmələrin olduğu bir yerdə səmərəli iqtisadi proqramlar, layihələr üçün real maliyyə qaynağı olar.
Hətta bir çoxları birləşərək regionda misli-bərabəri görülməyən İNVESTİSİYA FONDLARI yarada və iqtisadiyyatlara yatırım mexanizmlərini bu şəkildə gerçəkləşdirə də bilərlər.
Beləliklə, nə şiş yanar, nə də kabab. Qazanan dövlət və xalq olar, o pul, ağlasığmaz sərvət sahibi adamlar da daha səksəkə, qorxu altında yatıb müxtəlif öldürücü xəstəliklər tapmazlar, ay aman görən necə olacaq deyə.
Rəşad Bakuvi
AY Partiya Başqan müavini
Xəbər 954 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|