27.03.2024 18:02
“Ermənistanın Dostları Şəbəkəsi” adlı qrupun Azərbaycan əleyhinə əsassız iddialarını qətiyyətlə rədd edirik
Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.
Xəzərnews.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Danimarkanın keçmiş Baş naziri və NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi qrupun hesabatında yer alan iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir:
"Bu müddəalar, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində bu, absurd təbliğatdan başqa bir şey deyil.
Bundan əlavə, hesabatın ermənipərəst hekayələrin təbliğatı məqsədilə Ermənistan hökuməti ilə gəlirli sövdələşməyə uyğun olaraq hərəkət edən sözügedən erməni lobbi qrupu tərəfindən 5 aprel tarixində keçiriləcək ABŞ-Aİ-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması, sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarır".
XİN sözçüsü bildirib ki, açıq mənbələrdən əldə edilən maliyyə sənədləri sübut edir ki, Anders Rasmussen öz lobbi şirkəti “RasmussenGlobal”ı tanıtmaq və şübhəli lobbiçilik və təsir xidmətləri göstərmək üçün NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə davam edir.
"Ermənistan Respublikası hökuməti onun müştərisi kimi, “çox düşünülmədən təsdiqlənmiş” bu hesabata görə yüz minlərlə ABŞ dolları xərcləyib.
Maraqlıdır ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhdid törətməkdə ittiham olunduğu bu hesabatın həmmüəlliflərindən bəziləri böyük şövqlə müdafiə etdikləri Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən işğal və etnik təmizləmənin birbaşa şahidi olublar.
Biz qəti şəkildə, sözügedən birtərəfli mövqenin, eyni zamanda bütün mövcud faktlara heç bir məhəl qoyulmamasının Ermənistandakı revanşist qrupları Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq etməklə yanaşı, cəmiyyətdə “Qərbin” sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyi illüziyası yaratdığı qənaətindəyik", - A.Hacızadə qeyd edib.
O bildirib ki, Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha Ermənistan tərəfinin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir:
"Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir.
Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər".
Xəbər 12297 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|