Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov


10.08.2024  09:34 

“İttihad və Tərəqqi”də azərbaycanlıların rolu - II YAZI





A+  A-

1917-ci ilin fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdı: İttihad Partiyası (Qafqaz İttihad Firqəsi, "Rusiyada müsəlmanlıq” Firqəsi) Gəncə və İrəvan İttihadi-i İslam cəmiyyətləri. Sonralar “İttihadi-İslam”, daha sonra Milliyəti-İslam və Azərbaycan Milli Müdafiə İslam Partiyası adını alacaq İttihad Partiyası Azərbaycan Xalq Cümhuriyyəti dövrü və ərəfəsində ictimai-siyasi həyatda ciddi mövqe və nüfuza malik idi (Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı. 1997)

1918-ci ilin yanvar ayında Bakıdakı "Rusiyada müsəlmanlıq" Firqəsi və Gəncədəki İttihadi-İslam Cəmiyyəti birləşərək “İttihadi-İslam - Rusiyada müsəlmanlıq” adını almışdı. İttihadi-İslam 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan, faktiki olaraq Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan ana müxalifət partiyası idi. Partiyanın ideoloji əsasını zamanın ittihadi-islam, islam modernizmi, islam reformizmi kimi populyar nəzəriyyələri təşkil edirdi.

Qafqaz İttihad və Tərəqqi Firqəsinin İttihadi-İslam - Rusiyada Müsəlmanlıq Partiyası ilə tam olaraq birgə siyasət yürütməsi barədə ciddi faktlar yoxdur. Qafqaz İttihad və Tərəqqi Firqəsi Ümum-Azərbaycan partiyası, üzvləri də Azərbaycan siyasətinin tanınan şəxsləri deyildi. Qafqaz İttihad və Tərəqqi Firqəsi Türkiyə “İttihad və Tərəqqisi”nin bir şöbəsi və daha gerçəyi Təşkilati- Mahsusanın “Şərq fəaliyyətləri”nin nəticəsi idi.

Təşkilati-Mahsusa (Teşkîlât-ı Mahsûsa) “İttihad və Tərəqqi”nin Ənvər Paşaya bağlı gizli təşkilatıdır, 1913-1918-ci illərdə kəşfiyyat, təbliğat, daxildə və xaricdə təşkilatlanma, hətta sui-qəsd işləri ilə məşğul olub. 1914-cü ildə Hərbiyyə Müfəttişliyində rəsmi təşkilata çevrilmişdir. 1918-ci ilin 8 oktyabrında İttihad və Tərəqqi hökuməti iqtidardan ayrıldıqdan sonra Təşkilati-Mahsusa rəsmən ləğv edilmişdir ("Teşkîlat-ı Mahsusa ve Birinci Dünya Savaşı Yıllarındaki Faaliyetleri" (PDF). Hacettepe Üniversitesi Atatürk İlkeleri ve İnkılap Tarihi Enstitüsü. 4 Mart 2013).

Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramında partiyanın məramının "bütün Qafqaz müsəlmanlarının əski ana Vətənimiz olan Türkiyəyə ilhaqı" elan olunması Qafqaz İttihad və Tərəqqi Firqəsindən Türküstan İttihad və Tərəqqi Firqəsinə məktubdakı “Türküstanda bir İttihad və Tərəqqi Firqəsi təşkil olunacaq və Türküstanın xilafəti-kübraya ilhaqına çalışılacaqdır” fikri ilə tamamilə səsləşir. Böyük ehtimalla Göyçay ittihadçılarının məramnaməsi Təşkilati-Mahsusa zabitlərinin qələmindən çıxmışdır. Yəni bu Azərbaycanda ilhaqçılıq ideyasının milli ziyalıların ideoloji müzakirələrinin nəticəsi kimi ortaya çıxmadığını, Osmanlı kəşfiyyatının məqsədyönlü fəaliyyətinin nəticəsində kənardan idxal edilən, arxasında süngü, maliyyə və Türkiyə sevgisi ilə manipulyasiya dayandığını ortaya çıxarır.

Azərbaycanın müstəqilliyinin qorunmasının qarşısında başlıca məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət orqanları Qafqaz İttihad və Tərəqqi firqəsinin fəaliyyətini dayandırmışdı (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 107-109). Amma firqənin fəaliyyətini dayandırması daha çox Təşkilati-Mahsusanın ləğvi ilə bağlı idi. Belə ki, ilhaq tərəfdarı olan ittihadçıları Cümhuriyyət parlamenti və hökumətində təmsil olunurdular. 1919-cu ilin dekabrında yeni hökumət kabinetinin formalaşdırılması zamanı İttihaddan 2 nəfər - Həmid bəy Şahtaxtinski xalq maarifi və dini etiqad naziri, Sultan Məcid Qənizadə isə dövlət nəzarətçisi olaraq hökumətə daxil edilmişdi.

Azərbaycanda ittihadçılıq leksik anlamına uyğun olaraq islamçılıq və ya türkçülük əsasında Türkiyə ilə birləşməyi, daha doğrusu Osmanlıya ilhaqı təbliğ edirdi ki, bu da Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin siyasətinə neqativ təsir göstərirdi. 1918-ci il sentyabrın 15-də Bakı işğaldan azad edildikdən sonra ittihadçıların Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi həyatında mövqeləri xeyli gücləndi.

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri Ə.Ağaoğlunun Azərbaycana “ittihadçı komissarı” kimi göndərilməsi milli siyasi ittihadı yalnız polemika mövzusu etmədi, gənc Cümhuriyyətə problemlər də yaşatdı. Milli hökumətin yaradılmasının tərəfdarları ilə Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyən ilhaqçılar arasında fikir mübahisəsi, Gəncəyə çatdıqdan sonra Nuru paşa ilə mövcud Azərbaycan hökuməti arasında iyun böhranına səbəb olmuşdu.

Osmanlı dövlətinin parlamentinin üzvü olan Ə.Ağaoğlu 26 dekabr 1918-ci ildə bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Bununla da o, eyni zamanda iki parlamentin millət vəkili olur. Xatırladaq ki, Azərbaycanda bitərəf olan Əhməd Ağaoğlu Məclis-i Məbusanda “İttihad və Tərəqqi”ni təmsil edirdi.

Ağaoğlu ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı idi. O coğrafi, mədəni, dil və etnik cəhətdən bu qədər yaxın olan Azərbaycan və Anadolu türklərinin iki fərqli dövlətdə təmsil olunmasını bölücülük kimi qəbul edirdi (Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 338. ISBN 9789952310467).



Zaqafqaziya Seymində Müsavat Partiyası ilə həmrəylik göstərən İttihad Partiyası daha sonra Türkiyə ilə həmrəylik fikri üzərində ixtilaf yaşamışdı. Həmrəyliyi dəstəkləyən Müsavat və demokratik bitərəflər fraksiyası üzvləri Xosrov bəy Sultanov, Qazı Əhməd bəy Məmmədov və Həmid bəy Şahtaxtinski bundan sonra İttihada yaxınlaşmışdılar. Zaqafqaziya Seyminin İttihad qrupunun üzvləri (Sultan Məcid Qənizadə, Mir Yaqub Mehdiyev və Heybətqulu bəy Məmmədbəyli) 28 may 1918-ci ildə təşkil olunan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri seçilmişdilər. İstiqlal Bəyannaməsinə iclasda iştirak edən fraksiya üzvü Heybətqulu bəy Məmmədbəyli lehinə səs vermiş, Sultan Məcid Qənizadə isə bitərəf qalmışdı (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci İL. Bakı: Adiloğlu. 2006. 216. 6 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2016).

Q.Qarabəyovun İttihadi-İslam -Rusiyada müsəlmanlıq Firqəsinin rəhbərliyə gəlməsi ilə partiya parlamentdə faktiki olaraq radikal müxalifət mövqeyinə keçir. 1918-ci ilin payızında Osmanlıda İttihad və Tərəqqi hökuməti iqtidardan düşsə də, Azərbaycan ittihadçıları siyasi mübarizələrini davam etdirirdilər. 1919-cu ilin aprel ayının 10-da I qurultayını keçirən İttihadi-İslam - Rusiyada Müsəlmanlıq Firqəsi adını Qafqaz İttihad Firqəsi olaraq dəyişdirilmişdi. Q.Qarabəyov partiyanın sədri, S.Qənizadə və Q.Məhəmmədbəyov sədr müavinləri və Hacıağa Babayev isə xəzinadar seçilmişdi (Altay Göyüşov, Azərbaycanda ittihadçılıq. 1997. səh. 61-62).

1920-ci ilin əvvəlində partiya sədrinin birinci müavini S.Qənizadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sədrinin müavini vəzifəsinə seçilmişdi. Aprel işğalından sonra ittihadçılar açıq fəaliyyətlərini dayandırdılar. İşğalın ikinci günündə partiya sədri Q.Qarabəyov və general Əliağa Şıxlinski azərbaycanlılardan ibarət hərbi birləşmələri ziyarət etmiş, Qarabəyov İslamla bağlı, Şıxlinski isə türklüklə bağlı nitqlər söyləmişdir. Şıxlinski rus ordusunun yaxın zamanda Türkiyəyə yardıma gedəcəyini, bu yardım üçün əsgərlərin də hazır olub olmadıqlarını soruşmuşdur (Nağı bəy Şeyxzamanlı. Nağı Bəy Şeyxzamanlı – “Xatirələr”. ss-157-158. Bakı: Xan nəşriyyatı. 2016).

Partiyanın bir çox üzvləri 20–30-cu illərin antisovet üsyanlarında fəal iştirak etmiş, repressiyaya məruz qalmışdır. Əliheydər Qarayev yazılarında işğalın ilk günlərində menşeviklərin, əhrarçıların, bundçuların və ittihadçıların mərkəzi komitələrindən partiyalarının ləğv edildiyi və özlərinin kommunist partiyası sıralarına alınması ilə bağlı ərizə aldığını yazmışdır. İttihadın buraxılması ilə bağlı aktda yazılırdı: "Burjua “azadlığı” çərçivəsində Müsavatla açıq mübarizə aparan “İttihad” hesab edir ki, Qırmızı Sovet hissələrinin Azərbaycana gəlməsi müsavatçılarla mübarizədə müsbət həllini tapır. Və öz məqsədinə çatmış “İttihad” səhnədən gedir" (Xaləddin İbrahimli. Azərbaycan mühacirət tarixi. s.62, Bakı: Elm və Təhsil. 2012).

1920-ci ildə partiya 3 müstəqil qrupa bölünmüşdü: "Vətən ya ölüm", "Mərkəzi İttihad" və "Quranın əmin-amanlığı". Bununla bərabər ittihadçılar silahlı üsyanda çarəni görürdülər. Qışda keçirilməsi planlanan üsyanda Vladiqafqaz - Bakı dəmiryolu yararsız hala salınacaqdı, lakin xüsusi xidmət orqanları bu üsyan planını aşkarlamışdır. Başda partiya sədri Q.Qarabəyov olmaqla bütün rəhbərlik 155 nəfər fəal həbs edildi. 25 yanvar 1921-ci ildə isə XI Qızıl Ordunun Xüsusi Şöbəsinin üçlüyü bu həbs işi üzrə "Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və başda "İttihad" olmaqla burjua hakimiyyəti yaratmaq məqsədini qarşıya qoyan əks-inqilabi təşkilatın 155 üzvü və əməkdaşının işi" üzrə qərar qəbul etdi. Qərara əsasən Q.Qarabəyov, Məmməd Həsən Həsənov, Cəmil bəy Ləmbəranski, Əli bəy Aşurbəyov HFK-nın Xüsusi Şöbəsinə göndərildi. Moskvanın Butırka həbsxanasına göndərilən 4 nəfər MK üzvündən başqa digər fəalları amnistiya hüququndan məhrum edilməklə müxtəlif həbs düşərgələrinə göndərildi, bəzilərinin isə dilindən iltizam alındıqdan sonra müvəqqəti azadlığa buraxıldı (X. İbrahimli. Azərbaycan mühacirət tarixi. s.63).

İşğal dövründə Azərbaycan ittihadçılarında islamçılıq türkçülüyün önünə keçirdi. İttihada oxşar təşkilatlar fəaliyyətlərini davam etdirirdilər. Bunlardan biri də türk zabitlər tərəfindən yaradılan İslam Partiyası idi. Eyni məramda olduqları üçün İttihad və İslam partiyaları 1921-ci ildə İttihadi İslam Partiyası adında birləşdi. Yeni partiyanın rəhbərliyi 135 nəfərdən ibarət idi. Onun təkcə Şəmkirdə 3000-dən çox üzvü var idi... 15 may 1921-ci il tarixli Bakı Konfransında İttihadi İslam Partiyası geniş nüfuzu olmayan "İslam əl-Quran" təşkilatı ilə birləşərək Milləti İslam Partiyası adını aldı (Xaləddin İbrahimli. Azərbaycan mühacirət tarixi. s.64).

1921-ci ilin əvvəllərində Gəncədə türk zabitlər tərəfindən Günəş-Qafqaz Partiyası yaradılmışdı. Bu partiyanın rəhbərliyində Cabbar Qoşqarov, sabiq baş nazir Nəsib bəy Yusifbəylinin qardaşı oğlu Abbas bəy Yusifbəyli və Seyidəli İsrafilverdiyev təmsil olunmuşdur. 3 iyun 1921-ci ildə Gəncədə Milləti İslam və Günəş-Qafqaz partiyaları Azərbaycan Milli Müdafiə İslam Firqəsi adı altında birləşir.

1922-ci ildə İttihadın əsas dayaqlarından olan Göyçayda ittihadçılar tərəfindən Ədalət-İslam Partiyası yaradıldı. Bu partiya antisovet təbliğatı aparırdı.

Azərbaycanda 1930-cu illərə qədər fəaliyyətdə idi. Bunlar "Milləti İslam" adı altında fəaliyyət göstərən müstəqil qrupu nisbətən sonralar yaranan "Allahlılar ittifaqı", "Əzrail firqəsi", "Həqiqət ordusu" və b. təşkilatlar olmuşdur (Qarayev, Rafael. "1920-ci illərin birinci yarısında Azərbaycanda sovet əleyhinə idoeloji və siyasi mübarizə" (PDF).

1923-cü ildə İranla güclənən əlaqələr sayəsində İttihad yenidən canlandı. Partiyanın Təbriz komitəsinin Gəncəyə göndərdiyi emissarın (Müzəffər Əliyev) köməyi ilə Kazım bəyin rəhbərliyi altında illeqal hərbi mərkəz yaradıldı. Həmin il partiyanın təşkilatçılığı ilə Kürdəmirdə sovet hakimiyyətinə qarşı güclü silahlı üsyan baş verdi. Bu üsyan da amansızlıqla bastırıldıqdan sonra ittihadçılar daha gizli fəaliyyətə keçdilər. Gizli İttihadın sədri 1920–1921-ci illərdə Q.Qarabəyov olsa da, 3 iyun 1921-ci ildən Qoşqar Abbasov onu əvəz edir.

Mühacirətdəki İttihadın sədri Xosrov bəy Sultanov idi. 4 mart 1926-cı ildə Xosrov bəy Sultanov Parisdən Tehran və Təbrizə gələrək Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi ilə bağlı bir sıra tədbirlər görsə də, 1925-ci ildə olduğu kimi bu dəfə də partiyaya daxildə rəhbərlik edəcək güclü bir lider tapa bilmədi. General Əliağa Şıxlinskiyə partiya rəhbərliyini həvalə etmək cəhdi isə baş tutmadı. Sonrakı illərdə, 1930-cu ilədək isə bir çox ittihadçı daha güclü olan Gizli Müsavat daxilində fəaliyyət göstərdi.

X.İbrahimli “Azərbaycan mühacirət tarixi” kitabında yazır ki, mühacirət etdikdən sonra İstanbulda İttihadın liderinə çevrilən Xosrov bəy Sultanov orada təşkilatlanmağa çalışsa da, Xarici Ölkələr Bürosu yaratmağa çalışsa da, bunu bacarmadı. O, 1926-cı ildə Təbriz və Tehrana gedərək partiyanın təşkilatlarını yaradır, Tehran komitəsinə İsa bəy Aşurbəyovu, Təbriz komitəsinə isə qardaşı İsgəndər bəy Sultanovu rəhbər təyin edir (s..98).



İttihadçılar X.Sultanovun başçılığında 1926-cı ildə Parisdə yaradılmış Qafqaz Konfederasiyasına daxil oldular. Bu hadisədən sonra onlara türklər tərəfindən edilən aylıq 75 lirə maddi dəstək dayandırılır (X.İbrahimli, “Azərbaycan mühacirət tarixi”, s.66).

Ə.Ağaoğlunun hazırladığı “Türkiyədəki Azərbaycan siyasi mühacirətinin fəaliyyətləri haqqındakı hesabat”a əsasən,Türkiyə dövləti X. Sultanova 350 lirə ayırmışdı (AR MTN Arşivi, dosya No: PR-41065, cilt III, vr.55).

Partiya üzvləri bu məsələdə Ə.Ağaoğlunu günahlandırırdı. O isə M. Rəsulzadəyə yazdığı məktubda onun türk aristokratiyasına xəyanət etməməsini alqışlamışdı.

Türkiyə ilə SSRİ-nin münasibətlərinin istiləşməsi fonunda azərbaycanlı mühacirlərin bu ölkədə siyasi fəaliyyətlərinin məhdudlaşdırılması və Sovet hökumətinin təqibləri nəticəsində Azərbaycan ittihadçılıq hərəkatı və ideologiyası siyasi səhnədən və ictimai-mədəni fikir meydanını tədricən tərk edir.

Q. Bayramov

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.


Xəbər 4137 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.09.2024  13:13 

Onu himayə edən kimdir? Polis?

10.09.2024  17:22 

Tanınmış model saxlanıldı

10.09.2024  15:17 

Şəfəq Novruz əməliyyat olunub

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +