16.11.2023 11:06
Məni kimə tapşırıblar?!
15 il öncə universiteti yeni bitirmiş , 22 yaşında trt-nin mehmetçik verilişlərinin saflığıyla yoğrulan gənc idim. Hamı kimi hərbi xidmətə getdim. Öncə zabit hazırlığı kursunda əsgər, əsgər-kursant oldum.
Xidmətin bir neçə günü keçmişdi ki, bölük komandiri əsgərləri bir-bir otağına çağırıb söhbətləşib tanış olur, bacardığı sahələri qeyd edirdi.
İçəri keçdim. Bölük komandiri gülərək; Piriyev, səni tapşırmayıblarki? - dedi.
-Bəli, yoldaş baş leytenant, məni tapşırıblar. Özü də lap yuxarıya.
Bu dəfə ciddi görkəm alan komandirimiz davam etdi:
-Kimə, briqada komandirinə?
-Xeyr, yuxarıya.
Bu dəfə daha da ciddiləşən, akademiyanı -2-3 ildi bitirən, kifayət qədər işini sevən və həm də hərbiyə həvəsli olan( bu arada boyu məndən də balaca olan, üstəgəl xeyli cılız olan bu baş leytenantdan sözün əsl mənasında çəkinirdik. Sözünün zəhmi vardı. Elə farağat verərdi ki, sırada milçək səsi belə mikrofondan vızıldayır kimi eşidilərdi) komandir davam etdi:
-Kamkora? (Korpus komandirini nəzərdə tuturdu)
Mənsə ciddi və saf simada davam etdim:
-Xeyr, daha yuxarıya.
Bu dəfə başını lap dikəldərək:
-A kişi, kimə? Müdafiə nazirinə?
-Xeyr, yoldaş baş leytenant, daha yuxarıya.
Bu dəfə təəccüblə baxdı və heç nə demədi. Qəribə təəccüb içində qabağındakı əsgərlərin adını, qeydləri yazdığı dəftərə adımın qabağına qırmızı işarə qoydu.
Sonradan, iki ay keçəndən sonra bu tapşırılanın kim olduğunu söylədim, hamı gülümsədi.
Uydurmaqmı? Komandirə yalan danışmaqmı? Əsla, belə işlərlə aram olmaz. Həqiqətən də məni yuxarıya, lap yuxarıya tapşırmışdılar. Xidmətə yola salarkən nənəm aldımdan öpdü və dedi:
- Bala, səni Allaha tapşırmışam.
Elə isə hansı yalandan danışa bilərik? Axı, nə var Allahdan yuxarı? Məni Allaha tapşırmışdılar.
Əsas odu, Allah nəzərini üzərimizdən kəsməsin.
Bu arada sizə bir xəbərim var. Məni yenə tapşırıblar. Anam namaz qılıb dua edəndə gizləcə qulaq asdım. Məni hər dəfə dua edəndə Allaha tapşırır. Əslində həmişə belə edir. İşə girəndə, xidmət edəndə və s.
İndisə sizdən soruşuram. Sizin mənim tapşırıldığımdan daha yuxarı yeriniz var?!
Emin Piri
Xəbər 871 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|