25.02.2023 22:30
Revanşçıların məğlubiyyət etirafı
Vardan Oskanyan müzakirə olunan bütün sənəd layihələrində Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğu barədə müddəanın yer aldığını deyir.
Son 2 gündə Ermənistanın siyasi gündəmində diqqət çəkən bir hərəkətlilik hiss olunur. Həm Ermənistan hakimiyyətinin, həm də aralarında revanşçı qüvvələrin, müharibə canilərinin də daxil olduğu qrupların ABŞ dövlət departamentinin təmsilçisi Neyt Praysın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin növbəti vasitəçilik missiyası ilə bağlı açıqlamasından sonra, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan etnik ermənilərin gələcək taleyi, separatçı rejimin beynəlxalq müstəvidə “tanınması”nın perspektivi müstəvisində geniş müzakirələr açması, prosesin hansısa önəmli bir mərhələ ərəfəsində olduğu ehtimalını irəli sürməyə əsas verir.
Nədir bu hərəkətliliyin səbəbi?
Maraqlıdır ki, hətta hər imkandan ölkə gündəmini zəbt etmək üçün yararlanmağa çalışan Nikol Paşinyan təhlükəsizlik şurasının təcili iclasını çağırsa da müzakirə olunan məsələlər haqqında mediaya heç bir məlumat verilmir.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə revanşçıların təşkil etdiyi “elmi-praktik” konfransda Qarabağda yaşayan etnik ermənilərlə bağlı məsələnin həll olunduğunu, rəsmi İrəvanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilərin Azərbaycanın tərkibində qalacağı ilə barışdığını bildirir. Oskanyanın qənaətinə görə, bu məqam müxtəlif sənəd layihələrində yer alıb və sülh müqaviləsində öz əksini tapacaq. Oskanyan bu sözləri ehtimal, subyektiv qənaəti olaraq dilə gətirmir, konkret faktlara söykənən reallıq kimi ifadə edir.
Aydındır ki, Oskanyanın, hələlik açıqlanmayan və təbii ki, məxfi sayılan “sənəd layihələri” ilə tanış olmaq imkanı yoxdur. Onun mülahizələrində yer alan məqamlar, daha çox kəşfiyyat materiallarını xatırladır. Keçmiş xarici işlər nazirinin hansı qütbə bağlı olduğunu nəzərə alsaq, o zaman bu məlumatların ona haradan ötürüldüyünü də təxmin etmək mümkündür. Amma əsas məqam bu deyil. Oskanyan deyir ki, bu gün diplomatik sferada baş verənlər, etnik ermənilərin yaşadığı ərazilərin Azərbaycanın tərkibində qalması faktının gizlədilməsinə xidmət edir. Sitat: “Hazırda bu diplomatik fəaliyyət davam edir. Əgər nəticə əldə olunarsa, o zaman bu nəticə uğur kimi təqdim olunacaq. Ermənistan hökumətinə “arsax”ın Azərbaycanın bir parçası olduğunu pərdələmək, yaxud gizlətmək çox çətin olacaq. Şübhəsiz ki, Azərbaycan bu faktın sülh müqaviləsində dəqiq formulə edilməsinə çalışacaq. Reallığın pərdələnməsi onunla bağlı olacaq ki, Ermənistan “artsax”ın Azərbaycanın bir hissəsi olduğunu tanımasına baxmayaraq, “artsax” erməniləri ilə Bakı arasında dialoq fonunda belə bir təəssürat yaradılacaq ki, guya ermənilərin nə zamansa öz müqəddəratlarını təyin etmək imkanı olacaq. Guya belə bir pəncərə açılır. Əgər müqavilə mənim təsvir etdiyim məzmunla imzalansa, o zaman bu sənədin imzalandığı andan “artsax” Cavaxetiyaya çevriləcək.
Ermənilər necə ki, Cavaxetitada yaşayırlar, “arsax”da da elə yaşayacaqlar. Amma yeganə fərq onda olacaq ki, “arsax” bir neçə ildən sonra Cavaxetiyadan Naxçıvana çevriləcək”.
Qeyd edim ki, eyni yanaşma Serj Sarkisyanın Ermənsitan parlamentindəki təmsilçisi, 44 günlük müharibədə dabanına tüpürüb Qarabağdan qaçan Seyran Ohanyanın açıqlamalarında da nəzərə çarpır. “Vardanyan kartı”nın yandırılmasına yas tutan müharibə canisi Seyran Ohanyan deyir ki, “Ermənistan hakimiyyəti əllərini qaldırdığını və “artsax”ın öz müqəddəratını təyinetmə yolu ilə getmək iqtidarında olmadığını sübuta yetirib”.
Sitat: “Müxalifətin buraxdığı boşluq ondadır ki, o, “artsax”ı Azərbaycanın tərkib hissəsi kimi görmək istəyən, hərbi-siyasi vəziyyətə uyğun olmayan qərarlar qəbul edən hakimiyyəti kənarlaşdıra bilməyib”.
Göründüyü kimi, kənardan hərəkətə gətirildikləri şübhə doğurmayan revanşçılar, dolayısıyla Azərbaycanın ərazi bütövlüyü reallığı ilə barışmaq məcburiyyətində qaldıqlarını etiraf edirlər. Oskanyanın vasitəçilərin kimliyindən asılı olmayaraq, müzakirə olunan bütün layihələrdə etnik ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan ərazilərin Azərbaycana məxsus olduğu barədə müddəanın yer aldığı barədə dedikləri isə, bir daha təsdiq edir ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı məsələ, ümumiyyətlə müzakirə mövzusu deyil.
Elçin Mirzəbəyli
Xəbər 965 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|