19.02.2017 14:05
Gölə yaxın yaşayanlar qorxu içində qarın əriməsini gözləyir
“Gölün suyu qalxıb, daşıb. Qonşuların zirzəmisi dolub. Qar əriyəndə göl azca qalxsa, evlərimizə axıntı ikiqat güclənəcək. Əmlaklarımız təhlükədədir”.
Aşağı Güzdəkdəki Daşağıl gölündə suyun səviyyəsi yüksəlib.
XəzərNews.az bildirir ki, gölün çevrəsində yaşayan sakinlər AzadlıqRadiosu-nun “Qaynar xətt”inə zəng vuraraq, durumun ciddiliyindən danışıblar.
“Torpaq alanda dedilər ki…”
Qulu Nüsrətli deyir, gölün ətrafında yüzlərlə ev var. Suyun səviyyəsi qalxmağa başlayanda, bu civarda yaşayanlar rəsmi qurumları məlumatlandırıblar:
“Bu, dünənin, srağagünün məsələsi deyil. Suyun səviyyəsi çoxdan qalxırdı. Kanalizasiya yoxdur. Ətrafdakı yaşayış yerlərinin tullantı suları gölə axıdılır. Yayda burada cəhənnəm əzabı çəkirik, üfunətdən beyin çatlayır. O vaxt biz burdan torpaq alanda dedilər, göl qurudulacaq, yerində park olacaq. Evlər çoxaldıqca tullantı suları da artır və bu da gölün səviyyəsini qaldırır. İndi vəziyyət daha kritikdir”.
“Deyirlər, özünüz başınıza çarə qılın”
Ərazidə yaşayan Cavanşir Məlikov buradakı evlərin nəinki sığortasının, heç sənədinin də olmadığını bildirir. Onun sözlərinə görə, artıq xəbərdarlıq da olunub ki, evlərini su aparsa, başlarının çarəsinə baxsınlar:
“Burda bu qədər ev tikilibsə, deməli, hökumət nümayəndələri tədbir görməli, bu gölü qurutmalı, bir çıxış yolu tapmalıdırlar. Biz burda özbaşına ev tikməmişik. İcra hakimiyyəti bu qədər evi burda görmürdü ki? İndi deyirlər, özünüz başınıza çarə qılın”.
Nazirlik də sakinlər deyəni deyir?
Son günlərin yağmuru sakinləri bir az da təlaşlandırıb, çünki qar əriyincə, gölün səviyyəsi bir qədər də yüksələcək. Düşünüb-daşınıb Fövqəladə Hallar Nazirliyinə məktub yazıblar ki, suyun qarşısının alınması üçün indidən tədbir görülsün.
Həmin nazirliyin özü fevralın 17-də gölün səviyyəsinin qalxması və mümkün fəsadları ilə bağlı məlumat yayıb. Nazirlik yaxınlıqdakı evlərin zirzəmilərinin su ilə dolduğunu, xilasedicilər tərəfindən 6 nəfərin təhlükəsiz əraziyə aparıldığını bildirir. Qurum da sakinlərin dediyini deyir – səbəb yağıntılardır.
İcra hakimiyyətindən bildirirlər ki…
Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun nümayəndələri Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıyla birgə gölətrafı evlərə baxış keçiriblər: “Durum nəzarətdədir, evlərin zirzəmilərinə dolan suyun qurudulması üçün tədbirlər görülüb. Sakinlərin narahatçılığına əsas yoxdur”.
Xəbər 4517 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|