10.12.2018 09:54
Qarabağ klanı niyə iflas etdi?
Politoloq Şahin Cəfərli Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini təhlil edib.
XəzərNews.az xəbər verir ki, o Sarkisyanın partiyasının tam iflasa uğramasının obyektiv səbəblərini göstərib.
Qeyd edək ki, seçkilərinin yekun nəticələri aşağıdakı kimi olub:
1. Paşinyanın "Mənim addımım" bloku - 70,43% (884 min 456 səs);
2. "Çiçəklənən Ermənistan" - 8,27% (103 min 824 səs);
3. "İşıqlı Ermənistan" - 6,37% (80 min 24 səs).
Ş. Cəfərlinin sözlərinə görə, yeni parlamentdə yalnız bu 3 siyasi qüvvə təmsil olunacaq. Çünki partiyalar üçün minimal baryer 5%, bloklar üçün isə 7%-dir.
Ermənistanın yeni Konstitusiyasında isə maraqlı müddəa var. Buna əsasən parlamentdə azı 3 siyasi qüvvə təmsil olunmalı və onlar yerlərin minimum üçdə birini (33%) tutmalıdır. (Təbii ki, topladıqları səslərə uyğun olaraq daha çox yer qazana bilərlər.) Yəni seçkilərin nəticələrinə əsasən parlamentə 2 siyasi qüvvə keçsə belə, 3-cü olmuş partiya (blok) topladığı səsin miqdarından asılı olmayaraq, qanunverici orqanda yer qazanır.
Politoloq hesab edir ki, nəticələr şübhəsiz ki, Nikol Paşinyanın triumfudur. Onun blokunun parlaq qələbəsindən əlavə, digər 2 siyasi partiya da inqilaba dəstək vermiş qüvvələrdir. "Çiçəklənən Ermənistan" oliqarx Qagik Tsarukyanın partiyasıdır və əldə etdiyi nəticə göstərir ki, bu siyasi qüvvənin yarandığı gündən bəri qazandığı uğurlar təsadüf və ya hansısa manipulyasiyaların nəticəsi deyilmiş. "İşıqlı Ermənistan" (Edmon Marukyan) isə Paşinyanın keçmiş silahdaşlarından ibarətdir və onlar inqilabın fəal iştirakçısı olublar.
“Ermənilər əksinqilabçı qüvvələrə etimad göstərmədilər və seçkilərin əsas siyasi nəticəsi budur. Serj Sarkisyanın Respublika Partiyası 4,7% (59 min 59) səs alaraq, gözlənildiyi kimi, parlamentə keçə bilmədi. Sübut olundu ki, Qarabağ klanının siyasətdəki təmsilçisi olan bu partiyanın cəmiyyətdə dayaqları çox zəifdir və o, arxasında dövlət gücü olmadan uğur qazana bilməz.
Digər önəmli nəticə aqressiv erməni millətçiliyinin qocaman təmsilçisi "Daşnaksutyun"un cəmi 3,89% (48 min 811) səs alaraq parlamentdən kənarda qalmasıdır. Daşnaklar uzun illərdir cinayətkar Koçaryan-Sarkisyan rejiminin əlaltısı, cib müxalifəti kimi fəaliyyət göstərirdi və xalq bunu onlara bağışlamadı.
Sonda qeyd edim ki, Paşinyanın erkən seçkilərin mümkün qədər tez keçirilməsinə nail olması çox ağıllı addım idi. Çünki vaxt ötdükcə, inqilabın eyforiyası bitəcək və obyektiv səbəblər (sosial-iqtisadi problemlər), eləcə də daxili və xarici basqıların artması səbəbindən Paşinyanın reytinqində eroziya başlayacaq, beləliklə, əks-inqilabi revanş üçün münbit zəmin yaranacaqdı. Zatən dünənki seçkidə "Mənim addımım" bloku sentyabrda İrəvan meriyasına keçirilən seçkilərlə müqayisədə aşağı nəticə göstərdi və bu trend davam edəcəkdi. Nikol Paşinyan bunu anlayaraq bizdə Elçibəyin və komandasının 1992-ci ildə yol verdiyi ölümcül səhvi təkrarlamadı. O, artıq qarşıdakı 5 ildə istədiyi islahatları həyata keçirmək üçün güclü parlament dəstəyinə malikdir”.
Xəbər 1493 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|