13.02.2022 16:31
Divə qulluq edən cırtdanlar
Ramiz Mehdiyevin şiddətli şəkildə tənqid olunması kampaniya səciyyəsi daşıyır.
Cəmiyyətə “sus” əmri verən adam özü linc olunur. Obyekt Ənvəroviç olduğu üçün bu "linçetmə" əməliyyatını zövqlə izləyirik.
Düzdür, arxadan bıçaqlamaq həmişə alçaqlıqdır. Amma bu bıçaqlar demokratiya naminə vurulacaqsa, biz niyə bütün şüurlu həyatını demokratiyanın önünü kəsməyə yönəltmiş birini müdafiə etməliyik?
Demokratiyaya gedən yolda bütün maneələr aradan qalxmalıdır. Doğru, proses ağır gedir, adam "yolüstü" bütün resurslarını işə salıb, cəmiyyəti çaşdırmaqla məşğuldur, amma olsun, biz məsələnin işıq düşən tərəfinə baxaq.
İllərdir, işığın qabağını kəsib, "qara" işlərini qaranlıqda rahatlıqla görən Mehdiyev yerindən tərpəndikcə istər-istəməz həmin işıq cəmiyyətə yavaş-yavaş sızır və bir çox məsələyə aydınlıq gəlir.
Baxın, bu prosesdə ortaya maraqlı, bir o qədər də gözlənilən gedişlər çıxdı, özünü "barışmaz və radikal müxalifət" adlandıran, əslində, elə Mehdiyevin "parlaq" layihəsi olanlar ölkədə bütün yaşananların məsuliyyətini Ramiz Mehdiyevin deyil, İlham Əliyevin daşıdığına diqqət çəkirlər.
Bu, bir həqiqətdir və 7-dən 77-yə hamı bilir ki, bu cür yüksək təyinatların birbaşa məsuliyyəti dövlət başçısına aiddir.
Bu, heç müzakirə mövzusu da deyil.
Ancaq indiki məqamda bunu xüsusi vurğulayanların məqsədi diqqəti Ramiz Mehdiyevdən yayındırıb, onu qorumaqdır.
Onu qoruyanların Ənvəroviçə bağlılığı haqda dolaşan söhbətlər artıq yerini tapır. Son dövrlər "radikal müxalifət"in tez-tez vurğuladığı "cib müxalifəti" və "avtobus müxalifəti" ifadlərini Mehdiyev özü dilə gətirməklə, əslində, müəlliflik hüququnu bərpa etdi.
Mehdiyev həm iqtidarda, həm müxalifətdə riyakarlığın, xəyanətin, saxtakarlığın möhkəm bünövrəsini qoyub.
Yəni Brutları özü yaradıb. Amma məsələ indi Brutlar deyil.
Məsələ odur ki, məhz 27 ildir, Kremlə bağlı və onun əmrlərini sözsüz yerinə yetirən hakimiyyətin idarə olunmasında ən iyrənc üsulların "ağıl babası", avtoritar rejimin təməl daşı və vuran əli yıxılır.
Bu məqamda özünü "radikal müxalifət" hesab edənlər dövriyyəyə girib deyir ki, günahkar İlham Əliyevdir, məsuliyyət ona aiddir.
Təbrik edirik, alqışlar. Amerika kəşf etdiniz, bəylər, biz bunu bilmirdik.
Diqqətinizə bir şeyi çatdırım, Ramiz Ənvəroviçin Kommunist Partiyasına, Rusiyaya və dolayısı ilə avtoritarizmə qulluq stajı İlham Əliyevin yaşı qədərdir.
Yəni Ramiz Mehdiyevi İlham Əliyev yaratmayıb. Sovet imperiyasının bürokratik məktəbi yaradıb və biz bu imperiyanın tör-töküntülərindən xilas olmalıyıq.
Fikirləri dolaşdırmayın. İnsanların beynini zəhərləməyin.
Bu gün söhbət Şərin simvoluna çevrilmiş bu fiqurun vurulmasından gedir. Saxta və süni şəkildə "Biz əsl müxalifətik, İlham Əliyevlə mübarizə aparırıq" imici yaradaraq, Ramiz Mehdiyevi müdafiə etmək riyakarlıqdır və sərsəmlikdir.
Ramiz Mehdiyev siyasi meydandan süpürülüb atılmayınca və bütün resursları əlindən alınmayınca, ona bağlı olan, ölkənin milyardlarını yeyib, güc toplamış nazirlər postlarında qalınca, siz avtoritarizmə qarşı heç nə edə bilməzsiniz.
Nə düşüncənizi dəyişirsiniz, nə strategiyanızı.
Siyasət meydanında yeni siyasi partiya yaratmağa qərar verdikdə ölkədəki bu ab-havanı görürdük. Bunu dəfələrlə dilə gətirmişik ki, hakimiyyət bəllidir, avtoritar rejimə qarşı mübarizə aparmalıyıq, demokratik seçkiyə nail olmalıyıq və s.
Ancaq müxalifətdəki mənzərə daha ağır, daha sarsıdıcıdır. Əslində, müxalifətin əsas strateji məqsədlərindən biri də ölkədə demokratik institutların yaradılması və rəqabətli inkişafı olmalıdır.
Strateji hədəf hakimiyyəti pillə-pillə demokratik islahatların aparılmasına məcbur etmək idi. Amma nə baş verdi? Siyasət şəxslər üzərindən aparıldı, hakimiyyətdaxili, klanlararası oyunlara girdilər. Xalqı aldadırlar və yeni siyasi qüvvələrin olmasında maraqlı deyillər.
Təsəvvür edin, siyasi institutlar üçün "arayış" forması icad ediblər: "İlham Əliyevi söyməyən müxalifətçi deyil".
Əmin olun, biz bu tendensiyanı ortadan qaldıracağıq.
Anar Əsədli
AY Partiya Başqanı
Xəbər 1665 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|