12.02.2022 09:49
Sabah sınaq imtahanı keçiriləcək
Sabah Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.
XəzərNews.az xəbər verir ki, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.
İmtahan üçün yazılış internet vasitəsilə aparılıb və 3212 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunacaq.
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb ediləcək.
Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. DİM imtahanda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binasına buraxılış saat 10:45 də başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan iştirakçıları qeyd olunanları nəzərə almalı və buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ndə nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”nda qeyd olunur. İmtahanın sonunda “cavab vərəqləri” və “cavab kartları” abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
İmtahanların idarə edilməsi üçün 39 imtahan rəhbəri, 312 nəzarətçi-müəllim, 18 ümumi imtahan rəhbəri ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırılır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.
Xəbər 1604 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|