27.04.2017 16:43
“Elba“ MMC-nin fabrikində mənşəyi naməlum heyvan ətləri aşkarlandı
26 aprel 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən sürücü Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilinə Daşkəsən-Gəncə avtomobil yolunda baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 50 qutu (hər biri 20 kq olmaqla) cəmi 1000 kq sümükdən ayrılmış, karton qutulara qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilib.
Dövlət Baytarlıq Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən saxlanılmış avtomobilin yük yerində aşkar edilmiş mənşəyi məlum olmayan heyvan ətlərinin yükləndiyi Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi "Elba" MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikinə baxış keçirilib. Baxış zamanı fabrikin 1 saylı kamerasında hər biri 20 kq olmaqla 260 qutu, hər biri 40 kq olmaqla 12 qutu cəmi 5680 kq sümükdən ayrılmış karton qutulara qablaşdırılmış, dondurulmuş mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri, hər biri 6 kq olmaqla 60 ədəd polietilen paketlərə qablaşdırılmış mənşəyi məlum olmayan ümumi çəkisi 360 kq olan heyvanın iç piyi, 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları aşkar edilib. Həmçinin "Elba" MMC-yə məxsus 2 saylı soyuducu kamerada 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları və daxili orqanları aşkar olunub.
Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları sürücü Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi "Elba" MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində aşkar edilmiş mənşəyi məlum olmayan ətlərin, ət məhsullarının mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.
Aşkar edilmiş ətlər, iç piyləri, başlar, dərilər və digər orqanlar müayinələr başa çatana qədər fabrikin 1 saylı soyuducu kamerasına yığılaraq qapısı möhürlənməklə müvəqqəti saxlanca qoyulub.
Bununla əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.
Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.
Xəbər 1164 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|