29.08.2017 10:38
“Məcburi köçkündən evə görə 3-4 min pul istəyirlər”
XəzərNews.az bildirir ki, Tərtər rayonunda məskunlaşmış Kəlbəcər məcburi köçkünü Elməddin Məmmədəliyevin ailəsi mənzil problemi yaşadıqları üçün “Qafqazinfo”ya müraciət edib.
Şikayətçilər bildirib ki, hazırda qaldıqları ev qəzalı vəziyyətdədir. Qaçqın və məcburi köçkünlər üçün tikilmiş binadan mənzil almaq üçün isə 3-4 min manat pul istənilir:
“İllərlə inzibati binada yaşadıq, son iki ildə anamın səhhətinə görə qohum evində qalırdıq. Anam rəhmətə gedəndən sonra yenidən inzibati binaya qayıtmaq istədik, ancaq yerimizə başqaları gəlmişdi.
Hazırda qaldığımız yer qəzalı vəziyyətdədir, ev sahibi deyir ki, çıxın, təmir edəcəm. Ancaq bizim getməyə bir yerimiz yoxdur deyə çarəsiz vəziyyətdə qalmışıq. Hazırda Tərtərdə mənzillər inşa olunur. Heç bir mülkümüz olmadığı üçün bizə ev düşür. Ancaq inzibati binada yaşamırıq deyə, vermirlər. Ev üçün də 4 min manat istəyirlər. Ona görə, heç ehtiyacı olmayanlara ev verilir biz qalırıq”.
“Qafqazinfo” məsələylə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlayıb. O bildirib ki, nə qədər mübarizə aparsalar da, hələ də komitənin adından istifadə edib pul alan dələduzlar var:
“Biz məsələni araşdırdıq, həmin ailə həqiqətən də əvvəl xəstəxananın inzibati binasında yaşayıb, daha sonra isə dayısının evinə köçüb. Həmin mənzildə isə başqa məcburi köçkün məskunlaşıb. Hazırda Tərtər rayonda qaçqın və məcburi köçkünlər üçün yeni binalar tikilir və çox güman mənzil əldə etmək üçün yenidən oraya qayıtmaq istəyirlər.
Ancaq Tərtərdə hələ tikinti işləri yekunlaşmayıb. İşlər başa çatmamış hər hansı bir köçürülmədən söz gedə bilməz. Bütün işlər tamamlanandan sonra köçürülmə mərhələsi başlayacaq və xüsusi yaradılmış komissiya rayon ərazisində olacaq. Hər kəsin işinə baxılacaq və qanunla kimə ev düşürsə, onlara ev veriləcək.
Onlardan pul tələb edildiyini deyirlər, ancaq fakt ortaya qoya bilmirlər. Bu kimi hallara yol vermək olmaz. Biz həm köçürülmə zamanı, həm də digər vaxtlarda mətbuat vasitəsilə, qəbullarda məcburi köçkünlərə deyirik ki, belə komitənin adından istifadə edən dələduzlar var. Sakinləri aldadıb pulunu alırlar. Bir daha məcburi köçkünlərə müraciət edirik ki, bu kimi insanlara inanmasınlar”.
Xəbər 2028 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|