09.02.2024 11:41
“Ermənistan ərazi bütövlüyümüzə təcavüz edir”
“Ermənistan Azərbaycandan gözlənilən təhlükə ilə bağlı növbəti mifi qızışdırmaqla hələ də faktiki olaraq ərazi bütövlüyümüzə təcavüz edir”.
Xəzərnews.az xəbər verir ki, bu barədə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində bildirib.
“Azadlıq” Radiosunun müxbiri Coşua Kuceranın Ermənistan və Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, tərəflər arasında müxtəlif vasitəçilərə inamsızlıq yarandığı üçün Bakı və İrəvan son vaxtlar danışıqlar formatına üstünlük veriblər.
İkitərəfli birbaşa təmaslar artıq konkret bəhrələrini verməyə başlayıb. Xüsusilə, Bakıda keçirilməsi planlaşdırılan COP29 beynəlxalq iqlim konfransı kontekstində hər iki tərəfdən məhbusların azad edilməsi və qarşılıqlı diplomatik dəstəyə dair ötən ilin dekabrında tərəflərin əldə etdiyi razılaşmaya istinad edilir.
“Ermənistan və Azərbaycan artıq kifayət qədər yetkindirlər və öz aralarında qalan problemləri həll etmək iqtidarındadırlar və bu istiqamətdə işlər öz sürəti ilə davam edir”, - deyə Əmirbəyov vurğulayıb.
Kənardan böyük oyunçuların sülh müqaviləsini iki əks blok arasında geosiyasi rəqabət teatrına çevirmək riski var.
Bu kontekstdə prezidentin nümayəndəsi Avropa diplomatiyasının rəhbəri Borrelin Azərbaycanın Ermənistana ərazi iddialarına işarə etdiyi və Bakını İrəvanla substantiv danışıqlara qayıtmağa çağırdığı son bəyanatını “tam cəfəngiyyat” adlandırıb.
“Ermənistana guya ərazi iddialarımızla bağlı Azərbaycana qarşı ittihamlar uğursuz və faydasız cəhddən başqa bir şey deyil. Ermənistanın hazırkı Konstitusiyasına və orada qondarma “Ermənistan SSR-nin Dağlıq Qarabağa birləşdirilməsi” haqqında özbaşına və tamamilə qeyri-qanuni qərarı təsbit edən ölkənin müstəqillik bəyannaməsinə baxmaq kifayətdir”,-deyə Elçin Əmirbəyov qeyd edib.
“Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində Ermənistan parlamentinin qəbul etdiyi qeyd-şərtləri, Qarabağın Azərbaycanın tərkibində olmasını şübhə altına alan və ya Ermənistanın Azərbaycana qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarını nəzərdən keçirin. 44 günlük müharibə bitdikdən sonra Azərbaycana qarşı açıq ərazi iddiaları olan sənədlər də var. Mən hətta Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməyə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram. Biz yuxarıda qeyd etdiyimiz bütün narahatlığımızı dəfələrlə erməni tərəfinin diqqətinə çatdırmışıq, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün konkret addımlar atmayıblar. Azərbaycana qarşı ərazi iddiaları yerində qalır. Bununla belə “Azərbaycandan gələn təhlükə” kimi qəsdən gülünc şayiələrin yayılması təkcə hiylə deyil, həm də prosesləri heçə aparan yoldur”, - deyə Əmirbəyov fikrini yekunlaşdırıb.
Xəbər 7197 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|